"Dəfələrlə demişəm: hər hansı borc ödənilməlidir. Lakin qanun və imkan daxilində. Borclunun imkanı yoxdursa, borc da ödənilmir, vəssalam”. Millitv.az qaynarinfo-ya istinadla xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov icra məmurlarının borclulara fərqli yanaşma meyarlarını açıqlayarkən deyib. Vəkil bildirib ki, icra məmurları öz mənfəətlərini güdür:
"İcra məmurlarının borcluların başına açdığı oyun hamıya məlumdur. Fərqi yoxdur – banka borc, sələmçiyə borc, aliment borcu və s. və i.a. İcra məmurları, bir qayda olaraq, burada öz şəxsi mənfəətlərini güdürlər. Razıyam ki, maaşları çox azdır, amma bu, onlara haqq qazandırmır. Ya tələbkardan xeyir güdərək borcluya qan uddururlar, ya da ki, borclunu "sağaraq” işi illərlə uzadırlar. Bəzi fərasətli icra məmurları isə hətta ikibaşlı oyun oynayır: hər iki tərəfdən qazanc əldə edir. İcra məmurları borclulara qarşı adətən artan sərtliklə məhkəmə vasitəsilə aşağıdakı tədbirləri tətbiq edir:
1. Ölkədən çıxışa qadağa;
2. Cərimə;
3. 30 günədək inzibati həbs;
4. Cinayət işinin açılması (bunu ancaq fərdi sələmçilərin sifarişi ilə edirlər).
Əslində, bunları tətbiq etmək üçün icra məmuru sübut etməlidir ki, borclu borcu qəsdən (üzrsüz, qərəzli) ödəmir. Yəni imkanı var, amma ödəmir. Amma reallıqda icra məmurları bunu sübut etməyə heç cəhd də etmirlər. Xəbər verdiyim kimi, ötən ilin 22 iyul tarixində Avropa İnsan Haqları Məhkəməsi mənim şikayətimlə imkansız borcluların həbsini qanunsuz saydı və onlara 3600 Avro kompensasiya da kəsdi. Ondan sonra həbslərin sayı kəskin azalıb, amma tam aradan qalxmayıb”.
Vəkil hər bir icra məmurunun icraatında yüzlərlə borc işi olduğunu vurğulayıb:
"Amma sərt tədbirləri yalnız onların bir hissəsi üzrə tətbiq edir. Şəxsi marağı olanda təbii. Bunu yoxlamaq da çox asandır. İcra məmurlarının mütləq əksəriyyətinin fəaliyyəti yoxlanılsa, məlum olacaq ki, eyni tipli işlərə fərqli yanaşırlar. Hansısa borclunu dəfələrlə həbs etdirir, cərimələndirir, hətta barəsində cinayət işinin açılması haqda təqdimat da verirlər. Amma əksər borclular üzrə sərt tədbir görmürlər: vaxtaşırı ödəniş etmələrinə şərait yaradırlar. Bəzilərinin işini isə ümumiyyətlə, tam qırağa qoyurlar. Təbii, meyarın nə olduğunu hamımız çox yaxşı başa düşürük”.
Əkrəm Həsənovun sözlərinə görə, əksər borcluların rəsmi gəliri olmasa belə, əllərinə pul düşən kimi ödəniş etmək istəyirlər ki, icra məmurları onlara əziyyət verməsin:
"Lakin icra məmuruna "hörmət” etməyəndə, onlar belə ödənişlərin edilməsinə imkan vermirlər. Necə? Çox sadə: ödəniş etmək üçün bank hesabının rekvizitlərini vermirlər. Bunu belə izah edirlər ki, borc tam ödənilməlidir, guya onun hissə-hissə ödənilməsi haqda məhkəmə qərarı olmalıdır. Əslində isə qanuna görə borclu yalnız o halda borcun hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət etməlidir ki, onu tam ödəməyə imkanı var, lakin hansısa üzrlü səbəbdən (məsələn, ailə üzvü xəstədir və ona pul ayırmaq lazımdır) bunu etmək istəmir. Borclunun borcu tam ödəmək imkanı yoxdursa, hansı hissə-hissə ödənişdən söhbət gedə bilər ki? Bu halda icra məmuru borcludan nəyi tuta bilirsə, onu da tutmalıdır. Məsələn, borclunun əmək haqqının maksimum yarısını tuta bilər. Yaxud hər hansı əmlakına tutma yönəldə bilər. Təcrübədə əksər hallarda məhz belə də baş verir və icra məmurlarını borcun qismən ödənilməsi qətiyyən narahat etmir.
Lakin borcluya əziyyət vermək (tələbkarın, adətən sələmçilərin "hörmət”li xahişi əsasında) və ya onu "sağmaq” lazımdırsa, icra məmurları borcludan qismən ödənişi qəbul etmirlər, ona bunun üçün bank hesabı rekvizitlərini vermirlər. Niyə? Sonra demək üçün ki, borclu ödəniş etməkdən yayınır! Özü də bunu çox həyasızcasına edirlər”.
Vəkil sonda icra məmurları ilə toqquşan hər kəsə məsləhətlərini verib:
"Əvvəla, ürəkli olun! Siz çəkindikcə üstünüzə gələcəklər! Haqqınızı bilin və tələb edin. İzahat yazarkən icra məmurunun deyil, öz sözünüzü yazın! Ödəniş etmək istəyirsinizsə, amma sizə bank hesabınızı vermirsə, ədliyyə nazirinə şikayət edin. Deyin ki, əməkdaşınız məhkəmə qərarını icra etməyimə imkan vermir. Ən əsası isə bilin: imkanınız yoxdursa, heç kəsə heç nə ödəməli deyilsiz. Sizə qarşı haqsızlıq olarsa, artıq sizə ödəniş ediləcək. Dövlətimiz tərəfindən 3600 Avro”.