Axtarış...

"Generalın 80 milyon manatı təkbaşına mənimsəməsi inandırıcı deyil..." - REAKSİYA

"Generalın 80 milyon manatı təkbaşına mənimsəməsi inandırıcı deyil..." - REAKSİYA

Fevralın birinci yarısında Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin şöbə rəisi polkovnik Xələfov Rəfail Hafiz oğlunun, ardınca Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Tahir oğlunun, N saylı hərbi hissənin maliyyə xidmətinin rəisi Sərkərov Fərahim Fazil oğlunun, Müdafiə Nazirliyi Hərbi-Dəniz Qüvvələrinin maliyyə xidmətiniun rəisi Əlizadə Vüsal Ədalət oğlunun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı məlum oldu. Siyahının genişlənəcəyi gözlənilən idi. Bu belə də oldu, Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı DTX tərəfindən həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da həbs edildi. Bunula da bitmədi, bir gün isə əvvəl həbs olunanların əksəriyyətinin birbaşa rəisi, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədovun da saxlanıldığı məlum oldu. Generalın tabeliyində olanların birlikdə təxminən 15 milyon manata qədər mənumsədiyi ehtimal olunur. General Nizami Məmmədov isə təkbaşına 80.618.000,0 manat (80 milyon 618 min) mənimsəmə cinayətində ittiham edilir.
Əslində bu məni heç təccübləndirmədi, çünki əvvəl saxlanılan şəxslərin maliyyə xidmətinin rəislərinin vəzifəyə təyin edilməsi üçün tələb olunan təqdimatda Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədovun birbaşa imzalı xeyir duası mütləq idi. İdarərnin möhürü ilə imzası təsdiqlənən generalın tabeliyində olanların mənimsəmə faktlarından xəbərsiz olmasına isə heç bir zaman 0.1 faiz belə ehtimal verməmişdim. Əksinə bu cinayət zəncirinin sona qədər aşkarlanmasının tam tərəfdarı olmuşam və bu gün də eyni fikirdəyəm.
2014-cü ildə də Müdafiə Nazirliyinin Şəmkir istiqamətində mənimsəmələrə yol verilməsi barədə məlumatlar mövcud idi, HHM və HHQ-nin maliyyə xidmətinin keçmiş rəisi polkovnik-leytenant Babək Səfərov da həbs olunmuşdu. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Elçin Mehdiyev barəsində araşdırmalar aparılmışdı və o, iki ay sərəncamda olduqdan sonra aşağı vəzifəyə, Naxçıvan Əlahiddə Ordusuna müfəttiş vəzifəsinə məhz Z.Həsənov tərəfindən göndərilmişdi. Bu idarədə baş verənlər cənab nazirə hələ vəzifəyə təyin olunan ilk aylardan məlum idi. O zaman bu məsələlər daha dərindən araşdırılsa da, günahkarlar adekvat cəzalanmadı, nəticədə bu gün baş verənlərlərlə qarşılaşmaq ehtimalımız daha az olardı.
Hesab edirəm ki, baş verənlərlə bağlı Müdafiə Naziri Z.Həsənov artıq ictimaiyyətə açıqlama verməlidir, çünki bu vəsaitlər Ali Baş Komandan tərəfindən Müdafiə Nazirinin müxtəlif “yağlı” vəzifələrə təyin etdiyi bir ovuc insanın mənimsəyərək lyuks həyatı sürməsi üçün deyil, qalib Ordunun təminat və təchizatı üçün ayrılmışdı. Baş verən 100 milyonluq mənimsədən Müdafiə Nazirliyinin rəhbər heyətinin xəbərsiz olması və zamanında tədbir görməməsi ilə bərabər ictimaiyyətə bie cümlə açıqlama verməməsi də dərin təəccüb doğurur.
Bu hadisələrlə bağlı mətbuat konfransı olarsa, xahiş edirəm məni də dəvət edin. Bir neçə suallarım var. Müdfiə Nazirliyinin mətbiuat xidmətindən baş verənlərlə bağlı sorğularıma cavab ala bilmədiyim üçün, sualları rəhbər şəxslərə yönləndirməyə məcburam. Orduya və əsgərə ayrılan 100 milyon manat vəsaitin (bu rəqəm arta da bilər) 80 milyon manatdan çoxu Müdafiə Naziri Z.Həsənovun vəzifəyə təyin etdiyi və birbaşa nazirə tabe olan general N.Məmmədov tərəfindən mənimsənilib. Daha əvvəl Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisləri polkovnik Şirvanov Mahir Məhərrəm oğlu və polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu da Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələr ilə ittiham elan edilməsinə və onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi də böyük narahatlığa səbəb olub.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəməsinə də aydınlıq gətirilməlidir.
DTX və Hərbi Prokurorluq sayəsində həbs olunanlar var, amma mənimsənilən külli miqdarda vəsaitin hansı hissəsinin dövlət büdcəsinə qaytarılacağı məlum deyil. Vəsaitin hamısı və ya bir hissəsinin artıq sanksiya altında olan Rusiya banklarına yerləşdirilibsə necə olacaq? Ermənistana ötürülmədiyinə kim zəmanət verə bilər? Buna istintaq yəqin ki, cavab tapacaq.
Müdafiə Nazirliyinin maliyyə və satınalmalar sistemində mövcud olan çirkinliklər barədə orduda xidmət edənlərin əksəriyyəti bilir. Ordudakı zabitlərin bir çoxu bəzi maliyyə xidməti rəislərinin lyuks həyatı barədə mənə yazıblar. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi, təmir, tikinti və silinmiş texnikaların metal kimi təhvil verilməsində qaranlıq məsələlərin mövcudluğu barədə də xoş olmayan məlumatlar daxil olmaqdadır.
Əksəriyyət döyüşən hərbi hissələrdə maliyyə xidmətinin zabitləri xüsusi nüfuz sahibi olmur. Ayda 1-2 gün hərbi hissədə olan, adətən cərgədə olmayan, təlimlərdə tər tökməyən, idmanda, poliqonda heç vaxt gözə dəyməyən maliyyə xidmətinin zabitləri, səngərdə yatan, təlimlərdən çıxmayan, döyüşlərdə şəhid olan, yaralanan və iştirak edən digər zabitlərlə eyni maaşı alır, eyni imtiyazlara və təminata malikdir, eyni müddətdə rütbə alır, sonradan isə bəziləri ali və yüksək rütbələrə layiq görülür. Sonda isə bu “bal tutub barmağını aşırı iştahla yalayan” general həbs olunur və cəmiyyət bu tip hərbçilərin vəzifədə irəlləməsi templərindən və layiq olmadığı halda aldığı rütbələrdən və digər təltiflərindən sarsıntı keçirir.
Araşdırsaq demək olar ki, mülki həyat tərzi keçirən maliyyə xidmət əməkdaşlarının əksəriyyəti veteran çıxacaq. Atestasiya balı və məharət dərəcəsi isə səngərdə xidmət edən döyüş zabitlərinin dərəcəsindən aşağı olmayacaq, bəzi hərbi hissələrdə isə bu daha yüksək olacaq. Yüksək məharət dərəcəsi isə zabitə 35 faizə qədər əlavə vəzifə maaşı ödənilməsinə imkan verir. Reallıqda isə həmin zabiti poliqona aparıb ən sadə atəş tapşırığını yerinə yetirməsindən sonra məharət dərəcəsinin real səviyyəsinə əmin olmaq mümkündür. Bəzilərinin avtomat silah söküb yığılması üzrə normativi əsgər səviyyəsində yerinə yetirməsinə belə şübhəm var, çünki bu qədər vəsait mənimsəyənlərin silahla, vətənlə, xidmətə əlaqəsi ola bilməz, mənimsəmədən buna vaxtları da qalmaz.
Odur ki, xidmət edən ön xətt və ya səngər zabitləri ilə eyni statusa malik maliyyə xidmətinin rəisi və ya köməkçisi vəzifəsində zabitlərin yerləşdirilməsini yalnış addım hesab edirəm. Milli Ordumuzun yarandığı 30 il ərzində Müdafiə Nazirliyinin əməkdaşları mənimsəmələrə görə dəfələrlə istintaqa cəlb ediliblər, lakin məsuliyyət barəsində xəbərlərə nadir hallarda rast gəlmişik. Bu isə sonrakı nəsil maliyyə xidmətinin hərbi qulluqçuları arasında cəzasızlıq mühitinin yaranmasına səbəb olub. Arzu edək ki, bu dəfə DTX işi məntiqi sonluğuna çatdırmaqla qalib Ordumuzu pis niyyətli natəmiz insanlarda təmizləyəcək.
General və ya zabit Orduya, əsgərə ayrılan vəsaiti mənimsəyibsə, onun rütbə daşımaq haqqı yoxdur. General olan yerdə Allah sənin və ortaqlarının bəlasını versin! Əsgərimizin darmadağın etdiyi erməni ordusunun simasında, həmin qalib Əsgərə ayrılan vəsaiti oğurlamaqla, gülüş yaradan lampaslı biokütlə və ətrafı hər cür cəzaya layiqdir. Əgər başqa şərikləriniz varsa, indidən deyin hamı işini bilsin. Ən azından bu biabırçılığa bir də qayıtmayaq.
İndi isə general N.Məmmədova və onun caz bandasına DTX əməkdaşları vasitəsilə bir neçə sualım var. Suallara Müdafiə Nazirliyinin nümayəndəsi və təqsirləndirilən şəxslərin vəkilləri də cavab verə bilər:
Ordumuzun şəxsi heyəti tarixi torpaqlarımızı qanı ilə suvararkən, orduya və əsgərə ayrılan vəsaitə necə əl uzada bildiniz?
Müharibə veteranısınız? Harda və nə zaman döyüşmüsünüz? Əsgərə ayrılan pul ilə bəslənən ailə üzlərinizdən müharibədə kim və harda iştirak edib?
Məharət dərəcəniz varmı? Harda və nə zaman normativləri yerinə yetirmisiniz?
Ordunun zabitləri 20-30 il xidmət edəndən sonra illərlə ev növbəsində gözləyərkən, 1000 zabitin mənzilinin dəyərini təkbaşına necə mənimsəyə bildiniz? Bu vəsait indi hardadır və ondan başqa şəxslərə də vermisinizmi?
Neçə yerdə eviniz, villanız, biznesiniz və əmlakınız var?
Tabeliyinizdə olanlar bir tərəfdən, siz isə ayrı tərəfdən, yoxsa birlikdə ordunun vəsaitlərini mənimsəyirdiniz?
Mənimsədiyiniz vəsaitdən pul daşıyan kuryerlərə faiz ödəyirdiniz?
Sizin şərikləriniz və ya patent ödədiyiniz başqa şəxslər varmı?
Ölüb yerə girirsinizmi?
Suallara cavab ala bilməsəm, məhkəmədə iştirak etmək məcburiyyətində qalacam.

Əvvəl və indi baş verən hadisələr göstərir ki, bəziləri hələ də daşıdığı qırmızı lampasların, rütbənin və hərbi geyimin məsuliyyətini tam həcmdə dərk etmir və özü üçün lazımı dərslər çıxarmır. Ali Baş Komandan cənab İlham Əliyevin tövsiyələrini nəzərə almayan general N.Məmmədov bu vəsaiti qısa müddətdə və təkbaşına mənimsəməsi inandırıcı deyil.
Təbii ki, qalib Orduya ayrılan vəsaitləri mənimsəyən əliəyri hərbçiləri DTX əməkdaşları deyil, Müdafiə və maliyyə Nazirliyinin nəzarət-audit orqanları və ya Hərbi Prokurorluğun aşkarlaması daha yaxşı olardı. Təbii ki, DTX-nın dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı mübarizə tədbirləri həyata keçirmək səlahiyyətləri mövcuddur, amma DTX-nın məsuliyyət sferası daha genişdir. Odur ki, dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran fəaliyyətlərə qarşı digər məsul qurum rəhbərləri də mübarizə aparmalıdır. Əgər bütün nəzarəti DTX həyata keçirməli deyil, digər cavabdeh orqanlar da bu fəaliyyətlərdə aktiv olmalıdır. Əks halda haqlı şübhələr yarana bilər və hətta yaranırda.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin rəisinin və digər vəzifəli şəxslərin həbsinə iki istiqmətdən yanaşmaq lazımdır. Bir tərəfdən bu hadisə 44 günlük Müharibədə Qələbə qazanan qəhrəman Ordumuzun daxilində hələ də ali və yüksək zabit rütbəsi daşıyan natəmiz kadrların mövcud olduğunu göstərdi. İkinci bir tərəfdən isə bu kimi təmizləmələrin aparılması Ordumuzun gələcək perspektivləri baxımından çox böyük əhəmiyyət daşıyır. Yetər ki, bu təmizləmə yam dərindən aparılsın. Bir az narahat olacağıq, sarsıntı da keçirəcəyik, amma bu faktların qarşısının qətiyyətlə alınması digərlərinə dərs ola bilər. Ümid edirik ki, DTX bu mənimsəmə faktlarını kompleks şəkildə araşdırıb cinayət işini məntiqi sonluğuna çatdıracaq.
DTX baş verən cinayət faktları ilə əlaqədar araşdırmalarında Müdafiə Nazirliyinin inspeksiyasının, Təhlükəsizlik İdarəsinin, Hüquq idarəsinin, qoşunların, biliklərin və hissələrin əvvəlki illərdə keçirdiyi yoxlamaların və auditlərin nəticələrini də araşdıracağı və qəhrəman Ordumuzun sıralarında yer almağa layiq olmayanları, rütbə və vəzifəsindən asılı olmayaraq, qanuni cəzasına çatdıracağına inanırıq.
Barmaqla sayılacaq qədər vicdan azlığından əziyyət çəkən insanların acgözlüyü heç bir halda qalib Ordumuzun və onun şəxsi heyətinin nüfüzuna xələl gətirə bilməz, əksinə bu hadisələr Ordumuzun ziyankarlardan daha erkən təmizlənməsi baxımından müsbət nəticələrə gətirib çıxaracağına ümid edirik.
İstənilən halda yüksək general və yüksək zabit rütbəsini daşımağa layiq olmayan hərbçilərin qalib Ordumuza və Əsgərimizə ayrılan pula əl uzatması ləyaqətsizlikdir. Əsgərin təminatı üçün nəzərdə tutulan maddi vəsaitləri mənimsəyənləri nə dövlətimiz, nə xalqımız, nə də qanunlarımız bağışlamayacaq.
Son 200 ildə ilk dəfə qanı və canı bahasına düşmən ordusunu darmadağın edən, onu dizi üstə çökdürən zabit və əsgərlərimiz üçün nəzərdə tutulan vəsaiti mənimsəyən insanlar və onların qanunsuz fəaliyyətlərinə göz yumanlar və ya bu şərəfsizliyə şərik olanlar, heç bir halda general və zabit rütbəsi daşımalı deyil.
Bu faktların gələcəkdə təkrarlanmaması üçün müəyyən tədbirlərin həyata keçirilməsinə zərurət yaranıb. Bəlkə də real ictimai və ya parlament nəzarəti, yaxud da yalnız Ali Baş Komandana tabe olacaq Baş İnspeksiyanın yaradılması güc strukturlarında vəziyyətə nəzarət etməkdə faydalı ola biləcəyini və bunun üçün beynəlxalq təcrübəni uyğun bir şəkildə tətbiq etmək təklifini daha əvvəl də yazmışdım. İndi də eyni fikirdəyəm: Bu təkliflərin qəbulu və tətbiqi müəyyən zaman tələb edir. Ən səmərəli və qısa yol isə mütəmadi olaraq, dövlət xadimlərinin, ictimaiiyyət nümayəndələrinin və ya xüsusi təyin edilən müstəqil komisiyaların hərbçilərlə görüşməsi, onlarla sorğular keçirməsi və nəticələr barədə təyin olunan raportları aidiyyəti üzrə təqdim etməsi, bəlkə də xoşagəlməz halların qarşısını alınmasında və önləyici tədbirlər görmək üçün səmərəli ola bilər.
Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın dəstəyi hesabına biz 200 il ərzində ilk dəfə mənfur düşməni dizi üstə çökdürmüşük. Ali Baş Komandan Qarabağın bərpası üçün böyük vəsaitlərə ehtiyac olduğu bir vaxtda belə, yenə də əvvəl olduğu kimi, qalib ordumuza ayrılan vəsaiti və xidmətdə olan hərbçilərin maaşlarını artırır. Bəzi ləyaqət hissindən uzaq insanlar isə Orduya ayrılan vəsaiti mənimsəyərək Ali Baş Komandanımıza və Ordumuza xəyanət etməkdən çəkinməyiblər. Heç bir şübhəm yoxdur ki, bu xəyanətkarlar və onların himayə edənlərin hamısı qanunlarımız çərçivəsində ən sərt və layiqli cəzalarını alacaqlar.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//


Daha çox xəbər

Şərh yaz