Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 30-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
DİM-dən Sonxeber.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 2 binada təşkil olunacaq.
İmtahanda 898 abituriyentin (Bakı şəhərində 566 nəfər, Naxçıvan şəhərində 332 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 136 nəfər Hərbi Tibb Məktəbinə, 762 nəfər isə hərbi liseylərə imtahan verəcək.
İmtahanın idarə olunmasına 7 imtahan rəhbəri, 76 nəzarətçi-müəllim cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əslini;
"İmtahana buraxılış vərəqəsi"ni.
Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.