22.02.2022-ci il tarixində Mediaxəbərləri.az saytında “Ağstafalı fermerlər giley edir” başlıqlı xəbər yazısında rayonun Pirli, Xəlifəli və daha bir neçə kəndindən olan bəzi torpaq sahiblərinin “Aqroservis” ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsindən narazılıqları ifadə olunmuşdu.
Xəbərdə qeyd edilirdi ki, bəzi fermerlər onlara verilməli olan azot gübrəsini ala bilməyib. Rayon bölməsinə müraciət edən sahibkarlara yeni bölmə rəhbəri Cavanşir Əmrahovun cavabı o olub ki, “yuxarının göstərişidir, gübrə verə bilmir”.
Saytın məlumatında o da bildirilirdi ki, qaynar xəttə zəng etmək istəyən sahibkarlara gübrə verilib. Hətta xəbərdə o da vurğulanırdı ki, fermerlərə satmaq istənilməyən azot gübrəsinin Tovuz “Aqroservis” bölməsinə satılmasına dair fikir də var.
Qeyd: Faktinfo.az saytı bildirir ki, məlum xəbər yazısından sonra 23.02.2022-ci il tarixində “Aqroservis” ASC-nin Ağstafa bölməsin rəhbəri Cavanşir Əmrahov rayon icra hakimiyyətinə çağrılıb,ondan fermerlərə nə səbəbə azot gübrəsinin verilməməsi soruşlub.Bölmə rəhbəri isə bildirib ki, gübrə istəyən torpaq sahiblərinin kartı özlərinə aid olmadığından onlara gübrə verilməyib.Analiz etmək istəmədiyimiz bu cavaba isə təbii ki,Ağstafa RİH-də inanan şəxs tapmaq çox çətin olardı.Belə bir "əsaslandırma" isə təbii ki, auditoriyalarda Cavanşir Əmrahov kimi şəxslərə mühazirə oxumuş Ağstafa RİH-nin başçısı Seymur Orucov üçün yetərli ola bilməzdi.Görünür başçı cavabı sakit tərzdə sezərək hələlik bu məsələni daha dərindən müşahidə etmək qərarını verib.Nə isə...
Belə xəbər yazısı isə sual doğurur. Fermerlər üçün “Aqroservis” ASC-nin Ağstafa bölməsinə ayrılmış azot gübrəsinin kimə gəldi satılmasında nə fərq var. Onsuz da hamı azot gübrəsini torpağa istifadə üçün alır. Həmçinin gübrənin pulu hər bir kisəyə görə hesablanmaqla, vahid hesaba mədaxil edilir. Yəni toplananların yerini dəyişdikdə, cəm dəyişmir.
Faktinfo.az saytı bu nüansla bağlı Ağstafa rayonundan maliyyəçiyə müraciət edib. Suala cavab olaraq bildirilib ki, heç də elə deyil, azot gübrəsinin fermerin özünə satılması ilə aidiyyatı olmayan şəxslərə satılmasında böyük fərq var. Burada gəlir əldə edilməsi istisna edilmir.
Birinci halda azot gübrəsi fermerin özünə, özü də dövlət qiymətinə satılırsa, buradan müdiriyyətə (“Aqroservis” yerli bölmə rəhbəri nəzərdə tutulur) qazanc qalmır. Amma fermerlərə aid azot gübrəsi onlara verilməyib, başqa-başqa şəxslərə, dövlət qiymətindən baha satılırsa, qismən mənfəətdir. Çünki sual verilə bilər ki, maraq nə idi fermerə aid gübrə başqa şəxsə satılır. İkinci halda isə bir kisə azot gübrəsi başqa şəxslərə satılırsa, 50%-lik gəlir əldə etmək də mümkündür.
Bu necə ola bilər, sualına cavab olaraq bildirildi ki, bir çox ətraf rayonlarda olduğu kimi, "ənənəvi" variantdan Ağstafada da istifadə oluna bilədi. Kənd təsərrüfatı təyinatlı kartlarda yığılmış və ya istifadə olunmamış vəsaitlər şəxsi danışıq əsasında alına bilər. Əksər hallarda belə maxinasiyalar 50-50% nisbətində həyata keçirilir. Belə deyək, ŞƏXS kənd təsərrüfatı təyinatlı kartından çıxardıb xərcləyə bilmədiyi 2000 AZN vəsaiti nağd 1000 AZN-ə satır. Belə kartları alan tərəf başqa bir şəxsə nağd pula satdığı azot gübrəsinə görə, anbar qalığını aldığı kartdakı 2000 AZN-dən köçürməklə bağlayır. Bu əməliyyatdan isə nağdləşdirmə yolu ilə pul qazanılır. Təbii ki, burada əsas iqtisadi baza rolunu fermerdən ixtisar edilən azot gübrəsi təşkil edir.
Niyyətləri pul qazanmaq olarsa, KTN-yə tabe qurum “Aqroservis” ASC-nin rayon bölmələrinə göndərilən və fermerlər üçün nəzərdə tutulmuş azot gübrəsinin satışından azı 50% bölmə rəhbərləri qazanc əldə edə bilər. Ağstafanı deyə bilmərəm, amma hər halda fermer üçün vermək istənilməyən azot gübrəsinə başqa ad vermək olmur-deyə,sualımız cavablandırılır.
Qeyd edək ki, istənilən rayonda qazanc məqsədilə fermerə verilməyən və ya onlardan qənaət edilən azot gübrəsi məhsuldarlığın aşağı düşməsinə də səbəb olur.
Faktinfo.az saytı olaraq bildiririk ki, bu önəmli faktor KTN İnam Kərimovun lehinə deyil, əleyhinə işləyir. Belə olan təqdirdə, nazir müavinləri, daxili nəzarət şöbəsinin rəisi, nazirliyin mətbuat xidmətinin rəhbəri bölgələrdəki vəziyyətin nazirə dəqiq, dürüst çatdırılmasında obyektivliyi qorumalıdırlar.
PS. Məqalə dərc olunandan bir neçə saat sonra sayta məlumat verilib ki,“Aqroservis” ASC-nin Ağstafa bölməsin rəhbəri Cavanşir Əmrahovdan qaynar xəttə şikayət edilib.Hətta onun toxumçuluq üzrə bir fermerlə(adını hələlik çəkmirik) münaqişəyə səbəb olan bir istəkdə bulunduğu vurğulanır,onu KTN-nin Daxili Nəzarət Şöbəsinin rəisinin himayə etdiyinə dair fikirlər də dolaşır.
Onu da qeyd edək ki, “Aqroservis” ASC-nin Ağstafa bölməsin rəhbəri Cavanşir Əmrahov ötən ay idarəyə rəhbər təyin olunub.
Mövzunu diqqətdə saxlayacağıq. //Faktinfo.az//