Milli Məclis üzvləri Qüdrət Həsənquliyev və Razi Nurullayevin Azərbaycan Ordusunun maddi-texniki təminatı, Silahlı Qüvvələr üzərində parlamentin nəzarətinin təmin olunması, hərbçilərə Konstitusiyaya zidd tapşırıqlar, əmr və göstərişlər verilməsi ilə bağlı fikirlərinə Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun maraqlı reaksiyası olub. cavabı ciddi müzakirələrə səbəb olub. Belə ki, o, deputatlara “Əgər ordunun təminatı ilə bağlı problemlər varsa, mənə yaxınlaşardınız, ikilikdə müzakirə edərdik” deyərək, deputatları bu cür müzakirələrdə qapalı olmağa dəvət edib.
Parlamentin sədri Sahibə Qafarovanın da komitə sədri ilə oxşar mövqedən çıxış etməsini ali qanunverici orqanın mandatına zidd addım kimi qiymətləndirənlər var. Belə düşünənlərin qənaətincə, Milli Məclis məhz müzakirə meydanıdır və istər qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, istərsə də ictimai müzakirələr üçün açıq olmalıdır. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev AYNA-ya açıqlamasında deyib ki, hər bir deputat gündəlikdən kənar mövzularla bağlı məsələni ilk növbədə təmsil olunduğu komitələrdə müzakirəyə çıxarmalıdır: “Bilirsiniz ki, Milli Məclisin 15 komitəsi fəaliyyət göstərir. Bu komitələrdə deputatlar təmsil olunurlar. Qanunvericilik təşəbbüsləri də ilkin olaraq məhz bu komitələrdə müzakirə olunur. Bundan sonra plenar iclasa təqdim olunur”.
“Bu baxımdan arzuolunandır ki, hər bir deputat təkliflərini ilk növbədə komitələrdə və bu komitələrin sədrləri ilə müzakirəyə çıxarsın. Təbii ki, parlamentdə ictimai müzakirələr olub, var və olacaq. Bu baxımdan deputatlar istədikləri məsələni plenar iclaslarda səsləndirə bilirlər”, - deyə o bildirib.
Deputat Milli Məclisin qapalı fəaliyyət göstərməsi ilə bağlı iddiaları bölüşmədiyini söyləyib: “Bütün stenoqramlar və çıxışlar Milli Məclisin rəsmi saytında yerləşdirilib. Bu sayt müasir dövrün tələblərinə uyğun şəkildə hazırlanıb. Millət vəkilləri istər plenar iclaslarda, istər komitə iclaslarında, istərsə də dinləmələr zamanı öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər”.
“Eyni zamanda mətbuat nümayəndələri üçün də geniş imkanlar yaradılıb. Jurnalistlər onlar üçün ayrılmış məxsusi yerdə Milli Məclisin plenar iclaslarını müşahidə edə bilirlər. Düzdür, pandemiyaya görə, onlar bu iclasları ekran vasitəsilə izləyirlər, lakin buna qədər canlı izləmək imkanları mövcud idi. Bu da heç şübhəsiz yoluxmanın azalması və sağlamlıqla bağlı məsələdir. Dediyim ondan ibarətdir ki, hər bir deputat istədiyi fikri ifadə edə bilir və bu məsələdə heç bir problem yoxdur”, - deyə Nağıyev vurğulayıb.
Hüquqşünas Xalid Ağalıyev AYNA-ya şərhində qeyd edib ki, Milli Məclisin müzakirələrə qapalı məkana çevrilməsini düşünmək belə, absurddur: “İctimai maraqlarla bağlı olan elə bir məsələ yoxdur ki, parlament həmin məsələlərin müzakirəsi üçün qapalı olsun. Ordu ilə bağlı, mülki təhlükəsizliklə bağlı məsələlər də bu qəbildəndir. Parlament yalnız qanunları təsdiqləyən yer deyil, daha yaxşı tənzimləmələrin yaradılması üçün müzakirə yeridir”.
“Bu baxımdan Milli Məclisin sədrinin və komitə sədrinin açıqlaması anlaşılan deyil, təşəbbüslər varsa, qeyd edilən məsələlər ümumi müzakirə edilməli məsələlərdir. Belə yanaşmalar ümumilikdə seçkilərin azad və ədalətliliyi ilə əlaqəli məsələlərdir, parlamentin demokratik seçkilərlə formalaşmamasının nəticəsidir”, - deyə həmsöhbətimiz söyləyib.
Hüquqşünas parlamentin qapalı iclaslar keçirə bildiyini də qeyd edib: “Bu təcrübədən bütün dünyada istifadə edilir. Azərbaycanda da ola bilər. İstisna edilmir. Mövzudan asılı olaraq mümkündür ki, iclaslar qapalı keçirilsin. Lakin bu, əvvəlcədən elan olunmalıdır. Bəyan edilməlidir ki, bu gün Milli Məclisdə qapalı iclas keçiriləcək. Deputatı mövzu təkliflərinə görə qınamaq doğru deyil. Hansısa məsələ qapalı müzakirə edilə bilər, ancaq parlament tribunasını ictimai maraqlarla bağlı hansısa mövzunun müzakirəsinə qapatmaq olmaz”.