Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 28-dən sentyabrın 3-dək internet vasitəsilə ixtisas seçimi elan edir.
Mərkəzdən Trend-ə verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
İmtahan nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2018-ci il avqustun 28-dən sentyabrın 3-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.