Prezident İlham Əliyev göstərişlərinin bəzi məmurlar tərəfindən layiqincə yerinə yetirilmədiyini bir neçə dəfə bəyan edib. Azərbaycan cəmiyyəti dövlət başçısının bu açıqlamalarından sonra məmurların fəaliyyətində dəyişiklik olacağına ümid etsə də, hələ də vəziyyət tam düzəlməyib. Hətta yüksək vəzifəli məmurların həbsləri də vəziyyəti dəyişməyib. Bütün bunlara görə prezident İlham Əliyev dəfələlərlə ictimaiyyətin bu məsələdə ona yardım etməsini istəyib.
Prezidentin çağrışına səs verən ictimaiyyət nümayəndələri məmurların neqativ fəaliyyətini ifşa etməklə, bir çox hallarda iri miqyaslı korrupsiyanın qarşısnı almağa nail olublar. Ancaq bəzi hallarda vətəndaşların çağrışları eşidilməz qalır.
Ağcabədi rayon Avşar kəndinin bir qrup sakininin şikayətini də bu qəbildən hesab etmək olar. Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlində prezident İlham Əliyev Ağcabədi rayonun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamda yolun tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 (beş) milyon manat ayrılıb.
Uzunluğu 41 km olan yolun tikintisinə isə bütövlükdə nə qədər pul ayrıldığı məlum deyil. Bu yolun inşaasını zəruri edən səbəb isə odur ki, Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan, təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətə düşüb. Eyni zamanda, buna səbəb bir çox hissəsində yolun təbii relyef ilə eyni səviyyədə olması idi.
Prezidentin sərəncamı Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinin sakinləri tərəfindən müsbət qarşılansa da, yolun tikintisini həyata keçirən 6 saylı Regional Yol İstismar İdarəsi fəaliyyəti onlarn sevincini üzüntüyə çevirdi. Belə ki, ŞükürAstanovun rəhbərlik etdiyi 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən həyata keçirilən yolun tikintisində sakinlər aşkar fırıldaqlara yol verilməsini müşahidə ediblər.
Avşar kəndinə kimi olan 5.6 km yolun düz yarısı – 2.8 km-i köhnə yolun üzərinə yeni asfalt salınmaqla aparılır. Bundan başqa, yenicə tikintisi həyata keçirilmiş yolda çökmələr müşahidə olunur.
Avşar kənd sakinlərinin bununla bağlı müraciəti əsasında Avşar Bələdiyyəsi 6 saylı Regional Yol İstismar İdarəsinə etirazını bildirib. Lakin bu etiraz vəziyyəti dəyişməyib. Bundan sonra Avşar Bələdiyyəsinin sədri Bulud Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edərək, araşdırma tələb edib. Müraciətin cavabsız qaldığını görəndən sonra Avtomobil Yolları Dövlət Agentliyinə gedərək rəhbərliklə görüşməyə cəhd edib. Agentlikdə İdarə Heyətinin sədr müavini Hüsnü Ələkbər oğlu Quliyevlə görüşüb. Hüsnü Quliyev bələdiyyə sədrinin şikayətini dinlədikdən sonra vəziyyəti araşdıracaqlarını vəd edib.
Bu vədin reallaşmadığını görən Avşar kənd sakinləri isə, mövcud vəziyyətlə barışmayaraq Baş prokuror Kamran Əliyevə müraciət ediblər.
Müraciətdə deyilir: “Möhtərəm prezidentimiz İlham Əliyev ötən ilin iyun ayında Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalamışdı. Sərəncamda nəzərdə tutulan tikinti işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 6 saylı Regional Yol İstismar İdarəsinə həvalə edilib. Bu idarə isə Avşar kəndinə kimi olan 5.6 km yolun düz yarısı – 2.8 km köhnə yolun üzərinə yeni asfalt salınmaqla aparılır. Bundan başqa, yenicə tikintisi həyata keçirilmiş yolda çökmələr müşahidə olunur. Bununla bağlı Avşar Bələdiyyəsinin sədri Bulud Quliyev bizim müraciətimiz üzrə tikinti işlərinin bərbad vəziyyəti ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə müraciət edərək yol verilən pozuntuların araşdırılmasını yoxlamağı xahiş etmişdi. Hətta bu məqsədlə Avşar Bələdiyyəsinin sədri bir ay əvvəl Bakıya gedərək Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevlə görüşmüş, Avşar kənd sakinlərinin şikayətlərini çatdırmışdır. Hüsnü Quliyev tədbir görəcəklərini vəd etsə də, bir ay keçməsinə baxmayaraq heç bir tədbir görülməyib”.
Müraciət müəllifləri Ağcabədi rayonun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisində yol verilən pozuntularla bağlı mətbuatda geniş məlumatların yayılmasından sonra da, Avtomobil Yolları Dövlət Agentliyinin heç bir tədbir görülməməsini cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.
Sonda müraciət müəllifləri Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisində baş verən pozuntuları araşdırmasını xahiş edirlər.
Ağcabədi rayonun Avşar kəndinin bir qrup sakini Baş prokuror Kamran Əliyevə müraciətindən ciddi araşdırmaların aparılacağına ümid edirlər. Çünki söhbət milyonlarla manat dövlət vəsaitinin taleyindən gedir. //realmedia.az//