Bərdə RİH: “Onlar yaranmış vəziyyətdən xəbərdardırlar, bununla bağlı fərdi evlərə baxış keçirilib”
Ölkəmizdə hər il yol infrastrukturunun möhkəmləndirilməsinə, yenidənqurulmasına büdcədən milyonlarla vəsait ayrılır. Çünki yol tikintisi birbaşa gəlir gətirən sahə olmasa da, dolayısı ilə iqtisadiyyatın inkişafına töhfə verir. Qeyd etdiyimiz kimi, ölkənin müxtəlif ərazilərində yol çəkilişi həyata keçirilir.
Yol çəkilişi həyata keçirilərkən təhlükəsizlik qaydalarına əməl edilməlidir ki, ətraf ərazidə olan fərdi evlərə ziyan dəyməsin. Ancaq bu qaydaya bəzi hallarda əməl edilmir. Belə ki,
Bərdədə yol çəkilişi zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün fərdi evlərdə çatlar yaranıb. Bu iddia ilə rayonun Şirvanlı kəndinin sakinləri çıxış ediblər. Kənd sakinləri qeyd edir ki, yola yaxın ərazidə olan evlərin divarı və hasarı çatlayıb. Sakinlər bildirir ki, yol çəkilişi zamanı ağır texnikalardan istifadə edilməsi hasarlarda yaranan iri çatları yaranmasına səbəb olub. Bu da həmin ərazidən keçən insanların həyatını riskə salır. Sakinlər onu da qeyd edir ki, tək hasarlar deyil, eyni zamanda, evlərdə yararsız vəziyyətə düşüb. Sakinlər bildirir ki, yol çəkili zamanı onlara dəyən ziyanın ödənilməsi ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, onlara hər hansı bir cavab verilməyib.
“Mənzillərdə çatların hansı səbəbdən yarandığını müəyyən etmək üçün Fövqələda Hallar Nazirliyinə müraciət edilməlidir”
Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən bildirildi ki, onlar yaranmış vəziyyətdən xəbərdardırlar: “Bununla bağlı fərdi evlərə baxış keçirilib. Mənzillərdə çatların hansı səbəbdən yarandığını müəyyən etmək üçün Fövqələda Hallar Nazirliyinə müraciət edilməlidir. Nazirlik evlərə baxış keçirib, qərar verərsə müvafiq tədbir görüləcək”.
Baki-xeber.com