Bizə oxucular tərəfindən qaz çəkilişi ilə bağlı elanların fotoları göndərilib. Belə ki, Bakı şəhəri, Binə qəsəbəsində küçələrə yapışdırılan sözügedən elanlarda qaz çəkilişi təklif olununsa da, onun üzərində hansısa qurumun adı qeyd olunmayıb. Elanda “Qiyməti: 262 manat” sözləri də yazılıb. Bizə müraciət edən sakinlər bu elanın nə dərəcədə etibarlı olub-olmamasını soruşublar.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan C. Səfərov “Azəriqaz” tərəfindən belə elanların yapışdırılmadığını deyib:
“Mən bu məsələni araşdırdım, Bu məsələnin bizimlə heç bir əlaqəsi yoxdur. “Azərqaz” İstehsalat Birliyi tərəfindən heç bir elan yapışdırılmır, yerləşdirilmir. Ola bilsin ki, bunlar hər hansı podradçı təşkilatlardır. Çünki onlar yeni tikililərin harda tikildiyini bilirlər, artıq belə yerlərdə onlar öz təkliflərini irəli sürürlər. Bəzi qaz çəkilişlərini dövlət proqramları tərəfindən həyata keçiririk. Sayğaclarda, ümumiliyyətlə hər bir şey pulsuz olaraq həyat keçirilir.
Dövlət proqramına əgər qaz çəkilişi icra olunursa, bütün vəsaitlər dövlət büdcəsindən ayrılan vəsaitlə qarşılanır. Fərdi şəkildə iş zamanı Bakı şəhərində ASAN Kommunalı, rayonlarda isə ASAN Xidmətə yaxınlaşaraq fərdi razılaşma həyata keçirir. Orada onun sənədləri qəbul olunur və mülkiyyət sənədlərini aparır. Əgər mülkiyyət sənədləri qaydasındadırsa, texniki şərt üçün rüsum ödənilir, lizensiyası olan, qəbul olan podradçı şirkət tərəfindən vətəndaşın qazının çəkilişi ilə bağlı hesabatını edir və vətəndaşa təqdim edir. Bu da daşıyıcı xəttin həmin adamın evinə yaxınlığı ilə dəyişir.
Əgər vətəndaşlar müraciət etsə ki, sizin adınızdan belə bir elan yerləşdirilib, onda biz araşdırma apara bilərik ki, o bizim işçimizdir, ya yox. Bizdə elan yapışdırmaqla qaz çəkilmir”.
Məsələni dəqiqləşdirmək üçün sözügedən elanda yapışdırılan elandakı nömrələrlə zəng etdik. Zəngimizə cavab verən şəxs adının Rüstəm olduğunu və həmin qaz çəkilişinin “Azəriqaz Layihə İnşaat” şirkəti tərəfindən həyata keçirildiyini bildirdi. Onun sözlərinə görə, elanda göstərilən 262 manat dövlət rüsumudur və bank vasitəsilə ödənilir. O bildirdi ki, qaz çəkdirmək istəyən vətəndaş bu ödənişdən əlavə 40 manat da “əl haqqı” ödəməlidir. Həmin şəxs qeyd edib ki, nəinki Binə qəsəbəsində, Bakının digər ərazilərində, Sumqayıtda da qaz çəkilişlərini həyata keçirə bilirlər. //yenisabah.az//