Axtarış...

Ağsunun icra başçısı KİMDİR? - Əgər Rövşən Bağırovdursa...

Ağsunun icra başçısı KİMDİR? - Əgər Rövşən Bağırovdursa...

Ağsu rayonunda sosial-iqtisadi sahədə böhranlı vəziyyət ildən-ilə dərinləşir. İşsizliyin sürətlə artması və bahalaşma rayon əhalisinin yaşayış səviyyəsini dözülməz həddə çatdırıb.

Millitv.az-ın məlumatına görə, rayon sakinləri cumhuriyyet.az-a bildirir ki, üzləşdikləri problemləri söyləməyə rəsmi ünvan tapmırlar. Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qəbul günlərini ləğv eləyib, əhalidən maksimum dərəcədə gizli saxlanır. Onu, başçı təyin olunandan, rayon sakinləri bir-iki dəfə H.Əliyevin heykəlinin qarşısına gül qoyanda, bir neçə dəfə də Şəhidlərin ildönümü mərasimlərində görüblər, o da uzaqdan…

Başçı ortada olmadığından, Ağsuda İH-nin yönəticisi başçının birinci müavin Füzuli Kərimlidir. F.Kərimli də pandemiyanı əsas götürərək şikayətçi təbəqəni çox vaxt qəbul eləmir. Qəbul elədiklərini də elə acılayıb yola salır ki, onunla görüşməyə peşiman olurlar. Müharibə qaziləri və iştirakçıları da F.Kərimlidən narazıdırlar, çünki onların nə işlə, nə də torpaq sahəsi ilə təmin olunmalarına köməklik göstərir. Cavabı çox sadədir: “Kəndlərdə əkinə yararlı torpaq sahəsi yoxdur, işlə bağlı isə gedin məşğulluq xidmətinə müraciət eləyin. ” Əslində isə kəndlərdə torpaq sahələri F.Kərimlinin “xeyir-dua”sıyla imkanlı adamlara icarələrə verilib, dövlət idarə və təşkilatları isə “ölü canlar”la doldurulub.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, F.Kərimli uzun müddət Ağsu İH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. Həmin müddətdə kənd icra nümayəndələri və bələdiyyə sədrləri məhz F.Kərimlinin seçiminə uyğun olaraq yerləşdiriliblər. Bu baxımdan rayonun bütün kəndləri onun kurasiyasındadır və onun iradəsinin əksinə olaraq heç bir kənddə rəsmi qərar qəbul olunub həyata keçirilə bilməz. F.Kərimli Ağsuda kənd təsərrüfatını elə vəziyyətə salıb ki, kəndlilər əllərindəki mal-qaranı da satıb qurtarmaq üzrədirlər, çünki örüş sahələri də imkanlı adamların inhisarındadır.
Ümumiyyətlə, Füzuli Kərimlinin rayonda əl qoymadığı sahə yoxdur. Pambıq “pripiska”larından tutmuş, zəlzələdən ziyan çəkmiş evlərin təmirinə ayrılan milyonların əridilməsinə qədər, hamısı F.Kərimlinin masasından keçir. Pambıq əkən kəndlərin icra nümayəndələri məhsul olmadığı təqdirdə, statistik plan ödənsin deyə, F.Kərimlinin göstərişi ilə rüşvət müqabilində şişirtmə rəqəmlər yazdırıblar. Ödənməli olan rüşvət indi icra nümayəndələrinin maaşlarından tutulur. Rayondan cumhuriyye.az-a verilən məlumata görə, plana uyğun olaraq, icra nümayəndələrinə 12-60 min manat civarında pullar yüklənilib.

Zəlzələdən ziyan çəkmiş evlərin təmirinə ayrılan pulların əridilməsinə gəlincə, bu məsələdə də F.Kərimli əsas fiqurlardan biridir. Belə ki, RİH-də bu işlə əlaqədar yaradılmış komissiyanın aparıcı qüvvəsi də F.Kərimlidir. Evlərin təmiri üçün Layihələndirmə İnstitutu tərəfindən tutulmuş smetalar qəti surətdə vətəndaşlardan gizlədilir, vətəndaşa yalnız İH tərəfindən kvadrat hesabı ilə podratçı təşkilatlara verilmiş cədvəl göstərilir ki, onun da maya dəyəri 3-5 min manatı aşmır. Halbuki hər evin təmiri üçün dövlət tərəfindən 15-20 min manatlıq smeta ayrıldığı söylənilir. F.Kərimli rayonun baş memarı Mirəli Qurbanovla əlbir olaraq, podratçı təşkilatın rəhbərini də “razı salmaq”la, dövlətin ayırdığı pulları öz ciblərinə bölməklə məşğuldurlar (təbii ki, başçı amili öz yerində). Bu proses keçmiş başçı Ənvər Seyidəliyevin zamanında başlanmışdı və bu gün də davam edir. Ə.Seyidəliyevdən sonra, az müddət başçı işləyən mərhum Vahid Tağıyev Ağsuya gəlişində əvvəlcə karrupsiya hallarının aşkarlanması üçün ciddi çabalar göstərdi. Mərhum başçının qəbul etdiyi vətəndaşların əsas şikayətləri müavin İqbal Mikayılovdan, baş memar Mirəli Qurbanovdan və şöbə müdiri Füzuli Kərimlidən idi. Lakin sonradan İ.Mikayılov işdən azad edilsə də, M.Qurbanov toxunulmaz qaldı, F.Kərimli isə böyüdülərək, birinci müavin oldu. F.Kərimli hansı yollarlasa Vahid Tağıyevin rəğbətini qazanmağı bacardı, üstəlik İH-də onunla hesablaşmayan vəzifəliləri də işindən aldırdı. Hazırda da İH-nin digər vəzifəlilərinin F.Kərimlidən dərin ehtiyat saxladıqları, bu üzdən ona “biət” etmək məcburiyyətində olduqları söylənilir, çünki F.Kərimlinin iradəsinin əksinə gedənlərin aqibəti məlumdur.

F.Kərimlinin xarakterinə görə idarə müdirləri tərəfindən də sevilmədiyi bildirilir. Hətta, onun, yol hərəkət qaydasını pozduğuna görə, şəxsi avtomobilinin Ağsu polisi tərəfindən cərimə meydançasına salındığı da bildirilir. Maşın demişkən, F.Kərimlinin vəzifəyə gələndən sonra az müddətdə varlanmağı bacaran kadrlardan olduğu söylənilir… Bu barədə sonra.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz