Axtarış...

Rövşən Bağırov Ağsuda da ƏLÇATMAZ OLUB... - NARAZILIQ!

Rövşən Bağırov Ağsuda da ƏLÇATMAZ OLUB... - NARAZILIQ!


DogruXeber.az informasiya agentliyinə dəfələrlə müraciət edən Ağsu rayon sakini Məmmədov Fəyyaz Adıgözəl oğlu yenidən redaksiyamıza müraciət edib.

Xatırladaq ki, Qarabağ veteranı Fəyyaz Məmmədov bundan əvvəlki müraciətində haqsız yerə işdən çıxarılmasından, işsizlikdən, İcra başçısı Rövşən Bağırovun qəbuluna düşməyə dəfələrlə cəhd etsə də, düşə bilməməsindən gileylənirdi.

Onun bu narazılığı redaksiyamızda yayımlandı, yeni İcra başçısı Rövşən Bağırovun köməkçisi də bizə bildirmişdi ki, "başçı hələ təzədir, heç kimi tanımır. Qoy biraz keçsin". O "biraz"dan da artıq iki aya yaxın müddət keçməsinə baxmayaraq, Fəyyaz Məmmədov hələ də başçının qəbuluna düşə bilməməsindən gileylənir.

"Qoy biraz keçsin" deyərkən, soruşmağı unutduq ki "biraz - yəni nə qədər?"

Əslində soruşsaq yaxşı olardı ki, "tez-tez nə media olaraq biz, nə də Fəyyaz Məmmədov kimi biçarə Ağsu rayon sakinləri cənab başçının rahatlığını pozmaq məcburiyyətində qalmazdıq".

Təkrar etməyə ehtiyac yoxdur yəqin ki?!

Onsuzda hamınız Rövşən Bağırovun Ağsu rayonundan əvvəl Lerik rayon İcra Hakimiyyətinin başçısı olduğunu bilirsiniz. Həmçinin Lerik rayon sakinlərinin Rövşən Bağırov haqqında təəssüratlarını da ən azından elə media və sosial şəbəkələr üzərindən bilmiş olarsınız.

Orda da sakinlər başçının onları saymadığından, dinləmədiyindən gileylənirdi, burada da elədir.

Əslində Qarabağ veteranı Fəyyaz Məmmədovun Rövşən Bağırovdan nə mümkünsüz, nə də səlahiyyətləri xaricində heç bir şey istəmir.

Bir başçının onu dinləməsini istəyir ki, bu da onun vətəndaş haqqıdır. Bir də görüşəndə demək istəyir ki, onu işindən səbəbsiz yerə azad ediblər, ya işinə geri qaytarsınlar, ya da hər hansı bir işlə təmin etsinlər.

Bir də həyat yoldaşı da, özü də işsiz olduğu üçün 3 azyaşlı balasını güclə dolandıran Fəyyaz Məmmədov onu deyir ki: "Mənim evim dağın ətəyindədir. Ətrafımız meşəlik ərazidir, evimizin yanından çay axır. Həyətim də açıqdadır. Həyətimi hasara almaq imkanım yoxdur. Övladlarım üçün çox qorxuram. Uşaqdırlar - çaya düşüb boğula bilərlər, yaxud vəhşi heyvanlar tərəfindən hücuma məruz qala bilərlər. Onların təhlükəsizliyi üçün İcra Hakimiyyətindən kömək istəyirəm ki, söküntüdən çıxmış köhnə materiallarla da olsa, həyətimi hasara almaqda mənə köməklik etsinlər".

Gördüyünüz kimi F.Məmmədov istəkləri İcra Hakimiyyətinin imkanları xaricində olan həlli mümkünsüz problemlər deyil.

Əsl problem xalqın xidmətində olmalı olan məmur Rövşən Bağırovun "rahatlığına azacıq fasilə verib", sakinləri dinləmək istəməməsidir.

Görün vəziyyət nə həddə çatıb ki, Ağsu rayon sakini Fəyyaz Məmmədov Prezident İlham Əliyevə teleqram vurub xahiş edib ki, Rövşən Bağırova onu qəbul etməsi üçün göstəriş versin.

Məsələ diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz