Bakıda keyfiyyətsiz uşaq qidaları ilə bağlı daha bir fakt ortaya çıxıb.
Bakupost.az xəbər verir ki, “Nestle” uşaq qidasının içərisindən qurd çıxıb.
Valideyn Sevil Zərbəliyeva bildirib ki, həmin yeməkdən sıyıq hazırlayarkən qurdu görüb.
“Mən bir neçə dəfə belə faktla qarşılaşmışam. Adətən bu, vaxtı keçmiş qidalarda yaranır. Bu məhsulun isə vaxtı bitməyib. Güman ki, ya tarixini dəyişiblər, ya da yemək standartlara uyğun hazırlanmayıb”.
Millitv.az-ın məlumatına görə, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakupost.az –a açıqlamasında bildirib ki, “Nestle” firması ilə bağlı şikayətlər olur:
“Hər bir məhsul istehsal, yararlılıq müddəti keçmədən elə bir şəraitdə saxlanıla bilər ki, o artıq təhlükəli mala çevrilər. Uşaq qidaları istehlakçıdan, istehsalçının masasına qədər nəzarətdə olmalıdır. Yəni harada, necə saxlanılır, gətirmə şərtləri nədir və s. bilinməlidir.
Görünür, həmin qida çox pis şəraitdə saxlanılıb. “Nestle”nin mallarından şikayətlər olur. Məsələn, iki il öncə ofisimizə “Nestle”nin kofesini gətirdilər. Amma məlum olmuşdu ki, həmin məhsul kofe yox, tamamilə suxari qırıntılarıdır. Şirkətə məktub yazsaq da, heç bir cavab verilmədi. “Nestle” dünyanın böyük şirkəti olsa da istehlakçıları saymır.
İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanuna görə bu cür məsələlərdə birbaşa cavabdeh şəxs satıcıdır. İstehlakçı belə hallarla qarşılaşdığı zaman “1003” qaynar xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir”.
Qeyd edək ki, "Nestle" məhsullarını Azərbaycana Veysəloğlu şirkəti gətirir.