Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdova ona verilən Prezident təqaüdünün kəsilməsindən şikayətlənir.
Milli qəhrəmanın həyat yoldaşı bildirir ki, Pərviz Səmədovla 17 yaşında ailə həyatı qurub. Həmin vaxtlar 18 yaşı olmadığından rəsmi nigahları olmayıb. Lakin rəsmi nikahın olmaması ailəyə sözügedən təqaüdün verilməsində heç bir problem yaratmayıb.
Şəhidin ölümündən 6 ay sonra isə oğlu dünyaya gəlir. Bu illər ərzində ailə Milli Qəhrəmana aid edilən bütün müavinət və təqaüdləri alsa da, 2021-ci ilin noyabrından rəsmi nigahlarının olmaması əsas gətirilərək, təqaüdləri kəsilir.
Millitv.az xəbər verir ki REAL TV-yə müraciət edən Mətanət Şahvələdova başqa gəlir yerinin olmadığını söyləyərək, təqaüdünün bərpa olunması üçün aidiyyatı qurumlardan kömək etmələrini istəyir.
***
Xatırladaq ki, Pərviz Əbdüləhəd oğlu Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olub. O, 1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil alıb və 1988-ci ildə orduya çağırılıb. Çitada iki il xidmət etdikdən sonra vətənə dönən Pərviz Səmədov bir müddət Toxuculuq Kombinatında çalışır. Ermənstan Azərbaycan torpaqlarını işğal etməyə başlayanda, o, könüllü olaraq Ağdam cəbhəsinə yollanır və komandir təyin edilir.
Pərviz Səmədov Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. O, kəşfiyyat hissəsinə başçılıq edirdi, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il may ayının 15-də Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz başda olmaqla bölüyü döyüşə atılır. Ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas etmək mümkün olsa da, işğalçı, təcavüzkar ermənilərin snayper gülləsi gənc komandir Pərvizin qəlbini əbədi olaraq susdurur. O, 22 yaşında - ömrünün baharında Vətənimiz uğrunda qəhrəmancasına həlak oldu.
Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Şəhid qəhrəman Gəncə şəhərində dəfn edilib, adına küçə də var.
Qeyd edək ki, Milli Qəhrəmanın ölümündən 6 ay sonra oğul övladı dünyaya gəlib. Və o da atası kimi vətənini çox sevib. İkinci Qarabağ müharibəsində iştirak edib - qazidir.
Və təəccüblüsü odur ki, illərlə şəhid qəhrəmanın xanımına təqaüd verilməsinə rəsmi nikahın olmaması problem yaratmayıb. Ortada toy şəkilləri, şahidlər, ondan yadigar qalan oğul övladı var ikən, hansı problem olmalı idi ki?..
2005-ci ildən Prezidentin Milli Qəhrəman ailələrinə təyin etdiyi təqaüdü alan şəhid xanımının, nədənsə 2021-ci ildə nikahının olmaması yada düşüb və həmin təqaüd kəsilib...
Yəqin ki, bu məsələ diqqətdən kənar qalmayacaq, tezliklə öz müsbət həllini tapacaq.