Vətəndaş Bakı şəhərində yerləşən 16 saylı poliklinikadan narazıdır.
Millitv.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, 16 saylı poliklinikaya COVID-19 ilə bağlı test nümunəsinin götürülməsi üçün müraciət edib:
“Poliklinikadan bildirildi ki, adamımız yoxdur, özəl klinikaya müraciət edin”.
Məsələ ilə bağlı sözügedən müəssisə ilə əlaqə saxladıq.
Poliklinikadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə təcili olaraq ondan yaxma götürülməsi üçün müraciət edib:
“Təcili yaxmalar yüksək temperatur fonunda COVID-19 əlamətləri müşahidə olunan xəstələr üçün göndərilir. Hazırda poliklinikamızın ərazisində 330-a yaxın COVID-19 infeksiyasına yoluxmuş xəstə aşkarlanıb. Xəstə sayının çoxluğu ilə əlaqədar olaraq yaxma üçün tibb personalının göndərilməsi növbəli şəkildə həyata keçirilir.
31.01.2022-ci il tarixində Yasamal rayonu 16 saylı şəhər poliklinikasına zəng edən xəstəyə bildirildi ki, xəstə sayının çoxluğu ilə əlaqədar olaraq üç gün ərzində yaxma götürüləcək. Xəstə narazılığını bildirərək, təcili işə arayış təqdim etmək məcburiyyətində olduğunu qeyd etdi.
Xəstəyə çağırış sayının 420-ə çatdığı üçün bu gün ərzində yaxma üçün gələ bilməyəcəyimizi bildirdik. Əgər təcili arayışa ehtiyac varsa, özəl tibb müəssisəsinə müraciət edə biləcəyi haqqında məlumat verdik”.