Deyəsən, Nəriman Əliyevdən ayın tarixini soruşan olmayıb... - Başgicəlləndirən mənzərə
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Bir neçə gün əvvəl sabiq deputat, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyevin Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçırması barədə məlumat yaymışdıq. Məlumat şikayətçi Qarabağ qazisinin müraciəti əsasında hazırlanmışdı. Öncə elə düşündük ki, sabiq deputatın “əli aşağıdır”, ona görə də maaş borclarını ödəyə bilmir. Amma bu gün yanıldığımızı anladıq. Redaksiyamıza Nəriman Əliyevə tam və ya şərikli qaydada məxsus olan daşınmaz əmlakın bir qisminin siyahısı daxil olub. Bəli, məhz bir qisminin, heç də hamısının yox. Amma elə bu yarımçıq siyahı da başınızı gicəlləndirmək gücündədir.
Xatırladaq ki, daha əvvəl Nəriman Əliyevin yaşıllıqları məhv etməsi, ağacları kütləvi qaydada kəsdirməsi barədə iddialar yayılmışdı. Ardınca ETSN və Baş Prokurorluğun araşdırmalarından sonra ağac soyqırımı təsdiqini tapdı və hazırda rəsmən Nəriman Əliyevə məxsus olan torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb.
Əvvəlcədən qeyd edək ki, Nəriman Əliev sorğularımıza cavab verməkdən imtina edir, onuinla əlaqə saxlayıb sual verməyə qadağa qoyub. Bunu təsdiq edən səs yazısı da redaksiyamızın arxivində saxlanmaqdadır. O üzdən də biz bu məsələ ilə bağlı sabiq deputatın mövqeyini öyrənə bilmirik. Amma istənilən halda qarşı tərəfin mövqeyini nöqtə-vergülünə toxunmadan yaymağa hazırıq, o mövqe hətta Bizimyol.info-ya qarşı ittihamları əks etdirsə də...
Onu da qeyd edək ki, siyasətçi-biznesmenin mülkiyyət hüquqlarını təsdiqləyən reyestr çıxarışlarının surətləri də redaksiyamıza təqdim edilib. Xatırladaq ki, Nəriman Əliyev bu mülklərin əksəriyətini sabiq MTN şefi Eldar Mahmudovla yaxın olduğu vaxtlarda əldə edib.
Beləliklə, Nəriman Əliyevin əmlak imperiyasından epizodik mənzərə:
1. Bakı şəhəri, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində 5 mərtəbədən ibarət yaşayış evi (Faktiki yaşadığı ünvan)
2. Bakı şəhəri, Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində 2 mərtəbədən ibarət avtomobil dayanacağı və yaşayış evi.
3. Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində 46 sot boş torpaq sahəsi,3 mərtəbəli anbar və 3 mərtəbəli ofis. Bu anbar və ofislər “Ştutqart” şirkətinin mərkəzi anbarı kimi fəaliyyət göstərir.
4. Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində 8 hektar torpaq sahəsi. Bu ərazi Nəriman Əliyevin dayısı oğlu Azər Abbasovun adına rəsmiləşdirilib. Ərazi şərikli olduğundan 25 faizi Nəriman Əliyevin payına düşür.
5. Bakı şəhəri, Babək prospekti, 2224-cü məhəllə, 37c ünvanında 4690.4 kv.m-lik 3 mərtəbədən ibarət qeyri-yaşayış binası. Burada əlavə bir zirzəmi və bir mansard mövcuddur. Həmçinin obyektin arxa tərəfində boş sahə və digər tikililər var. Hazırda bura “Ştutqart Mərkəz” mağazası kimi fəaliyyət göstərir.
6. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18 ünvanında 264.8 kv-lıq qeyri-yaşayış binası. Hazırda bura “Ştutqart Yasamal” filialı kimi fəaliyyət göstərir.
7. Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində bir zirzəmi daxil olmaqla 2 mərtəbədən ibarət qeyri-yaşayış sahəsi. Bu obyektin bir hissəsi icarəyə verilib. Digər hissəsi isə “Ştutqart Biləcəri” filialı kimi fəaliyyət göstərir.
8. Bakı şəhəri, Bilgəh qəsəbəsində 60 sot ərazisi olmaqla 4 mərtəbədən ibarət bağ evi – villa
9. Sumqayıt şəhəri, Bakı küçəsi 39a ünvanında, 426.9 kv-lıq 2 mərtəbədən ibarət qeyri-yaşayış binası. Hazırda bura “Ştutqart Sumqayıt” filialı kimi fəaliyyət göstərir.
10. Masallı şəhəri, Heydər Əliyev prospekti, 35 ünvanında “Masallı Konserv” ASC-nin yerləşdiyi 1.21711 ha boş torpaq ərazisi, 11691.7 kv.m –də tikilmiş qeyri-yaşayış binası
11. Masallı şəhəri, Xətai küçəsində 2914.3 kv-lıq “Masallı şirniyyat zavodu” adı altında inşa edilmiş bina və 1.43 ha boş ərazi.
12. Masallı şəhəri, Bakı prospektində (keçmiş Digah yaşayış massivi) xüsusi mülkiyyətində olan 15825.9 kv-lik “Masallı Bazarı” adı altında fəaliyyət göstərən bazar.
13. Masallı şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında 1484.9 kv-lıq 3 mərtəbədə qeyri-yaşayış binası. Hazırda bura “Ştutqart Masallı” filialı kimi fəaliyyət göstərir.
14. Masallı şəhəri, Heydər Əliyev prospekti (Ştutqart Masallı filialı ilə üzbəüz) 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsi (bu obyekt Nəriman Əliyevlə digər şəxsin şərikli obyektidir)
15. Masallı şəhəri, Heydər Əliyev prospekti (Ştutqart Masallı filialıilə üzbəüz) 3 hektar sahəsində inşa edilmiş anbarlar (hazırda icarəyə verilib)
16. Masallı şəhərində mövcud olan “Daş Bazarı”
17. Masallı şəhəri, Heydər Əliyev prospekti, 35 ünvanında “Masallı Konserv”lə üzbəüz köhnə sement bazası (bu obyekt şəriklidir)
18. Masallı şəhəri, İstisu istirahət mərkəzində 5 hektara yaxın ərazi (bu ərazi şəriklidir və şəriklər ərazidə öz istirahətləri üçün müxtəlif tikililər inşa ediblər)
19. 10 AA 133 dövlət nömrə nişanlı “Mercedes S Class” avtomobili
20. 90 AA 490 dövlət nömrə nişanlı “Lexsus 460” avtomobili
21. 10 AA 633 dövlət nömrə nişanlı “Range Rover” avtomobili
22. 10 VE 444 nömrə nişanlı “Toyota Camry” markalı avtomobili
23. “Ştutqart” MMC-nin anbarlarında saxlanılan, dəyəri 40 milyon manat olan avtomobil ehtiyat hissələri qalığı