Axtarış...

“Əziyyətlə inşa etdiyimiz obyekti niyə sökürsüz?” - Emin Ağalarova ETİRAZ

“Əziyyətlə inşa etdiyimiz obyekti niyə sökürsüz?” - Emin Ağalarova ETİRAZ

Bakının ən iri kəndlərindən biri olan Nardaranda yeni layihənin icrasına başlanılıb.

Millitv.az JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bu layihənin rəhbəri isə məşhur iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovdur.

Hazırda kənddə tikinti işləri davam edir. Lakin bu zaman haqsızlıq, vətəndaşlara qarşı qanunsuzluq edilməsi halları da baş verir. Belə vəziyyətlə üzləşənlərdən biri də jurnalist İlkin Muradovdur. O dünən Emin Ağalarova müraciət edərək, üzləşdiyi problemi onun diqqətinə çatdırıb. İlkin Muradov yazır ki, 2019-cu ildə əlavə gəlir qazanmaq üçün Nardaran çimərliyindən icarəyə yer götürüb. “Boş torpaq sahəsində 15 min manata yaxın xərc çəkərək kiçik bir obyekt qurduq. Amma həmin mövsüm hava küləkli və yağışlı olduğu üçün tam ziyan etdik. Bir il həmin borcları ödəməyə məcbur oldum. 2020-ci ildə yenə də cüzi xərc çəkərək obyekti işə saldıq. Bu dəfə pandemiya imkan vermədi. Mövsümün yalnız bir ayında- avqustda dəniz kənarındakı obyektlərin işləməsinə icazə verildi. Yenə də bizə qalan həmin obyekti hazır vəziyyətə gətirmək üçün iki aya yaxın sərf etdiyimiz əziyyət oldu. 2021-ci il mövsümü yaxşı oldu. Və biz 2 ildə etdiyimiz ziyanın xeyli hissəsini bağlaya bildik. Amma qeyd etdiyim kimi, bu üç ildə yalnız birinci ildəki ziyanı qarşılamaq üçün çalışmışıq. 2022-ci ildə isə ümid edirdik ki, bəlkə də qazanc əldə edə bilərik. Amma görünən budur ki, olmayacaq”.

Jurnalist müraciətində qeyd edir ki, onun işlətdiyi “Lara Beach”, yanında olan isə “Panorama” ailəvi istirahət mərkəzidir. “Yəqin ki, bir sezonda obyektin işlək vəziyyətə gətirilməsi üçün necə əziyyət çəkdiyimizi bilməsəniz də, eşitmisiniz. Sizin Nardaran layihəsi bizim 2022-ci il planlarını yox etdi. Artıq çimərlikdə iş aparan işçiləriniz bizim obyektin bəzi hissələrini dağıdıb. Yol kənarındakı sanitar qovşaq, bir taxta “besetka” texnikalarla sökülüb. Dünən də bizə xəbərdarlıq edilib ki, qalan “besetka”ları özünüz sökün, ərazini boşaldın, yoxsa traktorla dağıdacağıq. Düzdür, bizim heç bir rəsmi sənədimiz yoxdur, amma ölkədə məlum qaydalar çərçivəsində işləmişik. Ora üçün rəsmi sənəd verən bir qurum yox idi”.

İlkin Muradov bildirir ki, xalq çimərliyi olan Nardaran bundan sonra olmayacaq. “Kasıb təbəqənin əl çatan daha bir çimərliyi bağlandı. Amma obyekt sahiblərini də düşünən yoxdur. Bəzi çimərliklərdən fərqli olaraq Nardaranda insanlara əziyyət edilməyib. Pulu olan da, olmayan da bu çimərliyə rahat gəlib. İstəyən ödəniş edərək “besetka”larda əyləşib, istəməyən boş ərazilərdə istirahətini edib. Obyektlərin ərazisinə giriş heç zaman pullu olmayıb. Sadəcə, təklif edilən xidmətlərdən istifadə etmək istəyənlər ödəniş edib. İndi min bir əziyyətlə qurulan obyektləri “sökürük” deyirlər. Amma heç bir kompensasiya təklif edilmir. Sadəcə xəbərdarlıq!!! Bunun adı nədir? Bu ədalətsizlik deyil? İnsanların əməyini heçə saymaq olarmı? Hələ bu günə qədər bir nəfər gəlib vəziyyəti izah etməyib. Sadəcə hər tərəfdən xəbərdarlıq mesajları gəlir. Mən şəxsən öz adımdan tələb edirəm ki, söküləcək obyektlərə görə müəyyən qədər kompensasiya ödənilsin”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz