Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi indi əhalinin “daş atıb, baş tutduğu”, dad elədiyi qurumlardan bəlkə də birincisidir.
Vətəndaşlar dünənə qədər bu strukturu “VTEK” olaraq tanıyırdılar və qurumun əlilliklərin təyinatında hansı funksiyaya malik olduğu ictimaiyyətə məlum idi.
O da bəlli idi ki, əlillik təyinatı “VTEK”lərdə hansı “prinsip”lər əsasında reallaşırdı. İndi bu strukturun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adlanması hər hansı dəyişikliyə səbəb olmayıb.
Dəyişən, yəni islahat kimi görünən, sadəcə, ad yenilikliyidir. Əksinə, indi əhaliyə daha çox “qan uddurulur” və bunu dövlət büdcəsinə qənaət adı ilə siyasi rəhbərliyə təqdim edirlər.
TİA.Az məlumat verir ki, bu qurumun İdarə Heyətinin sədri əvvəl Cavid Əbdülqədirov idi. Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev onu müşavir təyin etdi. Hazırda Agentliyin İdarə Heyətinin sədri Anar Bayramovdur.
Lakin ad dəyişikliyi kimi, fiqur dəyişikliyi də müsbət istiqamətdə inkişafa səbəb olmayıb. Dəyişən əlillik təyinatında qeyri-rəsmi alınan pulun məbləği və idarəçilikdə tayfa-qəbilə, traybalizmə üstünlük verilməsidir.
Gələn məlumatlara görə, hələ Əbdülqədirov sədr olduğu dövrdə Agentlikdə xımır-xımır mənimsəmələrə yol verirmiş. Onun vəzifədən çıxarılması ilə effektiv idarəçilik olacağına ümid bəslənirdi. Lakin A.Bayramov gəlişi ilə sələfinə şükür etdirməyə başlayıb. Bildirilir ki, hazırkı sədr sığorta sahəsində çalışıb, “A Group” sığorta firmasından bu vəzifəyə gəlib.
Əldə etdiyimiz xəbərdə deyilir ki, A.Bayramov nazir Sahil Babayevlə dostdurlar. Elə bu dostluq münasibətlərinin nəticəsidir ki, ona belə yüksək vəzifə peşkəş edib.
Amma iddialara görə, Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində kobudluğu, işçilərə yuxarıdan aşağı baxması, əməkdaşlarla qaba və yüksək tonla danışması ilə xarakterizə edilir. Hətta bəzi hallarda qırmızı xətləri keçdiyi, işçilərlə danışığında normaları belə gözləmədiyi deyilir. A. Bayramov gəldiyi gündən araşdırır ki, kimin kimin adamıdır, kimə bağlantısı var və buna uyğun kadr siyasəti aparır.
Bütün bunlar da azmış kimi, hər kəsi narahat edən məsələ nazirin dostunun yaşlı, təcrübəli mütəxəssisləri, tibbi ekspertləri, həkimləri işdən azad etməsidir.
Halbuki səriştəli, peşəkar kadrlara ehtiyac var, amma Bayramov kimi istəyir işdən uzaqlaşdırır, kimi istəyir işə götürür.
Məlumata görə, Agentlik sədri bu müddət ərzində “Veysəloğlu” ticarət şəbəkəsində çalışan dost-tanışlarını başına toplayıb. Təsəvvür edin ki, firmada çalışan dostlarını belə bir mühüm strukturda işə cəlb edir. Bu da sözsüz ki, narazılığa səbəb olur.
Beləliklə, nazirin dostu vəzifəyə gəlir, o da öz dostlarını başına yığıb qurumu podrata çevirir. Nəticədə əlillik təyinatı hansısa təsadüfi şəxslərin səlahiyyətinə verilir.
TİA.Az-ın məlumatına görə, A.Bayramov gətirdiyi dostlarına hər ay 120-150 faiz premiya yazır. Amma guya agentlikdə islahat apardığını bildirir.
Bundan başqa, həmin işçilərin adlarını müxtəlif formal kurslara yazdırmaqla büdcədən babat vəsait çırpışdırdığı iddia edilir. Eyni zamanda agentliyə alınan və bağışlanan avadanlıqların qiymətində şişirtmələrə yol verərək maxinasiyalar üçün şərait yaradılır.
Təxminən 33 nəfər işçi – “Veysəloğlu” və market sistemindən gələnlərə mükafatlar verilir, köhnə əməkdaşlar isə kənarda saxlanır. Bu siyasətin başında Bayramov özü dayanıb.
Hər şeydən ümdə isə əlillik təyinatının olmasıdır. İddialara görə, indi 5 illik əlliliyin təyin olunması beş min manatdır. İddialara görə bu məsələlər agentlikdə İlkin Yusifova həvalə olunub. Bax, bu da nazirin islahatı…
İndisə A.Bayramov çevrəsində söz-söhbət yayır ki, S.Babayev daha yüksək vəzifəyə təyin olunacaq, özü onun yerinə gedir.
Göründüyü kimi, belə bir mühüm qurum təsadüfi şəxslərin əlində əsir-yesir qalıb. Bu iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
TİA.Az