Elşən Mustafayev: “Bu ziddiyyətin kökündə duran qızışdırıcı amillərdən ən başlıcası klanların varidat davasıdır”
Qazaxıstanda nə baş verdi – hər kəsin gözü önündədir. 2 yanvarda sıxılmış qazın qiymətlərinin iki əyalətdə iki dəfədən də çox qaldırılmasına etiraz olaraq aksiyalar başladı və sürətlə digər bölgələrə yayıldı.
2 gün sonra rəsmi şəkildə maye qaz yanacağının qiymətinin əvvəlki səviyyəyə enəcəyi elan edildi, bu işə məsul olanların vəzifədən çıxarılmasına başlandı, ancaq aksiyalar dayanmadı, tələbləri icra edilən etirazçılar nədənsə sakitləşmədi, əksinə, mitinqlər nəzarətdən çıxdı, bir çox halda qarət, zorakılıq, inzibati binaların tutulması, polis maşınlarının aşırılıb yandırılması, aeroporta, televiziya binalarına hücumla – dövlət strukturlarının iflicinə yönələn aqressiya ilə müşayiət olundu. Tokayev 5 yanvarda TŞ katibi, sabiq prezident Nursultan Nazarbayevi vəzifədən çıxartdı (halbuki, Nazarbayev ömürlükdür Konstitusiyaya görə), NK-nı istefaya göndərdi, qaz şirkətinin direktorunu və Milli Təhlükəsizlik Dövlət Komitəsi sədrini həbs etdirdi və s.
Sosial tələbləri yerinə yetirilən aksiyaçıların siyasi tələblərə keçməsi, getdikcə təzyiqi artırması və istefa, növbədənkənar seçki tələbləri qurulmuş ssenaridən xəbər verirdi və buna hər kəs hazırlaşmışdı.
Yeni ilin ilk günlərindən başlayan və sürətlə genişlənib, qarşıdurma səviyyəsinə qalxan, qarət və yağmalamalar, yanğınlarla müşahidə olunan Qazaxıstan iğtişaşlarına görə prezident Tokayevin KTMT, daha doğrusu, rus qoşunlarını ölkəyə çağırması maraqlı reaksiyalarla müşayiət olunur. Bir çox ekspertlər hesab edir ki, əslində bütün bunların pərdəarxasında Nazarbayevlə Tokayevin tayfaları arasındakı əmlak bölgüsü ziddiyyəti dayanır. Bu versiyanı nə dərəcədə inandırıcı saymaq olar?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Nazarbayev hər şeyi özü üçün qarantiya etmişdi: “Təhlükəsizlik Şurasını real səlahiyyətlərə malik konstitusion orqana çevirərək Elbaşı statusu ilə ömürlük onun rəhbəri vəzifəsinə oturmuşdu. Qazaxıstan Təhlükəsizlik Şurası konstitusion quruluşun, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və beynəlxalq miqyasda Qazaxıstanın milli maraqlarının müdafiəsi, daxili siyasi stabilliyin, milli təhlükəsizliyin və ölkənin müdafiə qabiliyyətinin qorunması sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini koordinasiya edən orqan idi. Amma bu “quruluş” cəmi bir neçə saata kağız parçası oldu. Nazarbayevin və onun ətrafının adı böyük korrupsiya qalmaqallarında hallanıb. Son günlər Nazarbayevin xaricdəki mülkləri haqda yazılar artıb. Məlum olub ki, 2019-cu ilin yazında Britaniya hakimiyyəti Londonda yeraltı hovuzu və kinoteatrı olan malikanəyə həbs qoyub. İngiltərə məhkəməsində ev sahiblərinin adları açıqlanıb: Qazaxıstan Senatının sabiq spikeri və Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva, onun böyük oğlu Nurəli Əliyev və həyat yoldaşı Aidad. Əmlakın ümumi dəyəri 100 milyon dollardan artıq olub. Tokayev hakimiyyətdə möhkəmlənəndən sonra ölkənin daxilindəki iqtisadi maraqlar uğrunda onun ətrafı ilə Nazarbayev klanı arasında toqquşmalar oldu. Elə iki lider arasındakı narazılığın ilkin təməli də məhz iqtisadi manopoliyalra nəzarət üstündə düşdü. Mahir müşahidə aparmaq qabiliyyəti olan Rusiya bu amildən istifadə edərək, Tokayevin əli ilə Nazarbayevi aşıra bildi. Bu ziddiyyətin kökündə duran qızışdırıcı amillərdən ən başlıcası klanların varidat davasıdır”.
Məhəmmədəli QƏRİBLİ