Ləğv edilən KİVDF-nin sabiq direktoru Vüqar Səfərliyə hökm oxunub. Hökmə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilən V.Səfərlinin üzərinə həbs qoyulan əmlakları da müsadirə edilib. Xatırladaq ki, həmin əmlaklar aşağıdakılardır: Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanət.
Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub: Xətai rayonu, Nobel prospektində yerləşən mağaza, Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil, İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev, “Mercedens Benz ML 350", ”Wolksvagen Tuareg" və “Toyota land Gruser” markalı avtomobillər...
Həmçinin Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub. Bəs dövlətə vurduğu maddi ziyanı ödəyəndən sonra müttəhimə hansı yüngülləşdirici hal tətbiq edilir? Misal üçün, Xarici İşlər Nazirliyinin həbs edilmiş sabiq idarə müdiri Fərhad Mollazadə 2,5 milyon manat məbləğində dəymiş ziyanı ödəyib və ev dustaqlığına buraxılıb. Eynilə V.Səfərlinin də xeyli əmlakı müsadirə olunub. Bəs bu halda cəzası yüngülləşibmi? Məhkəmə hökm çıxararkən bu halları nəzərə alırmı?
Millitv.az-ın məlumatına görə, hüquqşünas Əsabəli Mustafayev arayış xarakterli açıqlamasında “Yeni Müsavat”a bildirdi ki, praktikada müttəhimlərə fərqli yanaşma ola bilir. Onun sözlərinə görə, sabiq MTN əməkdaşlarına ən ağır ittihamlar irəli sürülmüşdü: “Bəlkə də Cinayət Məcəlləsində bütün maddələr onlara verilmişdi, amma çoxu azad edildi. Çünki burada hüquqi yox, siyasi yanaşma var idi. Vüqar Səfərliyə gəlincə, dəymiş zərəri könüllü ödəyəndə məhkəmə qərarında nəzərə alınır. Onun əmlaklarına həbs qoyulubsa, məhkəmə həmin əmlakların müsadirəsinə qərar çıxarıbsa, deməli, özü mal-mülkü qaytarmaqdan imtina edib. Ona görə həbs qoyulub ki, sata bilməsin. Ehtimal ediblər ki, Vüqar Səfərli dəymiş zərəri ödəməkdən yayına bilər”.
Ə.Mustafayev XİN-in sabiq şöbə müdirinin işində yüngülləşdirici halın olmasını da bununla izah etdi: “O, dəymiş zərəri könüllü şəkildə qaytarıb, bu da məhkəmədə yüngülləşdirici hal kimi qiymətləndirilib. Əgər Vüqar Səfərli istintaq dövründə könüllü şəkildə əmlaklarının müsadirə edilməsinə razılıq versəydi, bu yolla dəymiş zərəri ödəsəydi, məhkəmə hökmündə yüngülləşdirici hal kimi nəzərə alına bilərdi. Belə olmadığı üçün hakim həm əmlakın müsadirə olunmasına qərar verib, həm də 10 il, 6 ay hökm oxuyub”.
Xatırladaq ki, Səfərli son sözündə həbs olunana qədər Yeni Azərbaycan Partiyasının Nərimanov təşkilatının sədr müavini olduğunu da hakimlərin nəzərinə çatdırıb. O, özü və ailə üzvlərinin bank hesabındakı vəsaitlərin fondun rəhbəri olduğu dövrdə mənimsəmələr hesabına əldə olunması haqda iddialarla da razılaşmayıb. Hələ 90-cı illərin əvvəllərindən bizneslə məşğul olduğunu, Çinə bu məqsədlə gedib-gəldiyini deyən Səfərli xatırladıb ki, ilk dəfə 2000-ci illərdə banka 60 min manat vəsait yatırıb.