Axtarış...

“İrşad Electronics” Nazirlər Kabinetinin qərarını pozdu - Yeni Siyahısı Varmış...

“İrşad Electronics” Nazirlər Kabinetinin qərarını pozdu - Yeni Siyahısı Varmış...

Məşhur elektrotexnika mağazası “İrşad Electronics”dən şikayətlərin ardı-arası kəsilmir. Bu dəfə mağaza istehlakçı hüquqlarını kobud şəkildə pozmaqla yanaşı, Nazirlər Kabinetinin qərarını da heçə sayıb.

Millitv.az Teleqraf.az-a istinadən xəbər verir ki, şikayətçi Elmin Həsənov “İrşad Electronics”in müştəriləri aldatdığını və qanunda olmayan qaydalar tətbiq etdiyini deyib.

O, adıçəkilən şəbəkədən təxmini 8 ilə yaxındır ki, alış-veriş etdiyini deyib: “Heç zaman nə aldığım məhsulu qaytarmışam, nə də bir dəfə də servislərinə müraciət etmişəm. Bu mənim avadanlıqlara xüsusi diqqətli davrandığımdan irəli gəlir. “İrşad” sözdə mənə VİP müştəri statusu vermişdi.

Oktyabrda mağazalar şəbəkəsinin Masallı filialından 290 manata ətçəkən maşın aldım. Satıcı dedi ki, 14 gün ərzində əzik, cızıq olmadan məhsulu dəyişdirə və ya qaytara bilərsiniz. Avadanlığı qutudan çıxardılar və vizual baxış keçirdim, əziyi filan yox idi. Aldığım məhsulu evdə istifadə edən zaman qüsuru çıxdı.

Avadanlığın pasportuna yazılıb ki, 1 dəqiqədə 3.5 kq ət çəkə bilər. Amma heç 1 kq ət çəkməmiş mühərrik normadan artıq qızdı və yanmamaq üçün avadanlıq dayandı. Yenidən işə başlaması üçün gərək 15 dəqiqədən artıq gözləyəsən ki, tam soyusun. Əgər 5 dəqiqə sonra qoşsan, işləməyəcək, çünki tam soyumayıb. Bunu mağazada təyin etmək mümkün deyil, çünki yük verilmədən texnika saatlarla işləyə bilər, əsas məsələ ona yük verib işini yoxlamaqdır”.

Elmin Həsənov deyir ki, səhəri günü qüsurlu məhsulu qaytarmaq məqsədilə mağazanın filialına gedib: “İrşad Electronics”in əməkdaşı mənə dedi ki, "bu, gigiyenik məhsuldur, qaytara bilmərik". Üstəlik, satıcı onu da əlavə etdi ki, məhsul istifadə edilib. Məntiqə bax, nə qədər çalışdımsa, onları başa sala bilmədim ki, istifadə etmədən malın problemli olduğunu necə bilə bilərəm?! Halbuki alan zaman bunları heç kim mənə deməmişdi. Sadəcə 14 gün ərzində qaytara və ya dəyişə biləcəyim deyilmişdi.

Nə demələrindən asılı olmayaraq xarab məhsullarını mağazada qoyub çıxdım. Üstündən, 2 aya yaxın vaxt keçib, maraqlanıram ki, onlar məhsulu hələ də adımdan çıxarmayıblar. Məsələni qabardanda aydın oldu ki, ətçəkən maşını götürsələr də, rəhbərliyə məhsulun alıcı tərəfindən qaytarıldığı barədə məlumat verilməyib. Çünki əvvəldən problemli mal satdıqlarının fərqində olublar. İndi mənə heç bir yardım edilmir, əksinə, incidirlər”.

Şikayətçi deyir ki, alınan malın qaytarılması və ya dəyişdirlməsi ilə bağlı Nazirlər Kabinetinin təsdiq olunmuş qərarı var: “Qaydaya əsasən, istehlakçıya keyfiyyətsiz mal satıldıqda, malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilmədikdə, istehlakçı öz seçimi ilə aşağıdakı tələblərdən birini irəli sürə bilər - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Amma zəng edib mənimlə danışan bütün işçilər “İrşad”ın daxili qaydalarının bu ölkənin ali qanunlarından üstün olduğunu sübut etməyə cəhd edirlər. Buna artıq səbrim çatmır, bu işin sonuna qədər gedəcəm. Pərakəndə ticarət obyektlərində qaytarılması mümkün sayılmayan malların siyahısında ətçəkən maşın heç bir bənddə olmadığı halda, niyə bu şəbəkə öz qanunları ilə həmin məhsulu bu siyahıya salır və vətəndaşın savadsızlığından istifadə edir?! Camaata xarab və keyfiyyətsiz məhsul satmaqla məşğuldurlar”.

Müşahidələrdən və son vaxtlar gələn şikayətlərdən də bəlli olur ki, alınan keyfiyyətsiz malları qaytarmamaq üçün “gigiyenik məhsuldur” demək “İrşad Electronics”in yeni bəhanəsinə çevrilib. Mağaza bununla da qalmayıb, Nazirlər Kabinetinin dəyişdirilməyən və qaytarılmayan mallar siyahısından əlavə öz maraqlarına uyğun siyahı tərtib edib.

Nazirlər Kabineti tərəfindən təsdiqlən bir sıra mallar var ki, onlar geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Bura qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir. Siyahıdan da göründüyü kimi, buraya “İrşad Electronics”in uydurduğu ətçəkən maşın daxil deyil.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz