Axtarış...

NƏ BAŞ VERİR: Vətəndaşın cibindən dövlətin büdcəsinə... - Artan rüsum cibimizə necə təsir edəcək?

NƏ BAŞ VERİR: Vətəndaşın cibindən dövlətin büdcəsinə... - Artan rüsum cibimizə necə təsir edəcək?


"Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklərin dövlət rüsumu ilə bağlı yığılmalara təsiri 100 milyon manata yaxındır. Yəni büdcəyə bu istiqamətdə 100 milyona yaxın vəsaitin daxil olması gözlənilir”. Bunu Milli Məclisin dünən keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanunun müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, bu qanun haqqında cəmiyyətdə və sosial şəbəkələrdə əsası olmayan müzakirələr gedib: “Bundan sonra rüsum toplayan orqanların hesabında hər hansı rüsum qalmayacaq. Bunun əvəzində yığılan bütün rüsumlar dövlət büdcəsi hesabına köçürüləcək.

Bununla əlaqədar bu orqanlarda çalışan işçiləri üçün bütövlükdə yeni maaş sisteminin hazırlanması istiqamətində işlər gedir”. T. Mirkişili vurğulayıb ki, mobil cihazların, avtomobillərin rüsumların artırılması ilə bağlı da əsası olmayan məlumatlar yayılıb. Dövlət rüsumlarının artırılması ilə büdcəyə xeyli vəsaitin daxil olması müsbət qarşılanır.

Ancaq rüsumların artması əhalinin xərclərini də artıracaq ki, nəticədə vətəndaşın gəliri xərclərinə adekvat olmalıdır. Artan rüsumlarla əhalinin xərcləri tarazlaşacaqmı?

Millət vəkili Azər Badamov “Cümhuriyət”ə bildirdi ki, Milli Məclisdə İqtisadiyyat komitəsinin sədri vergiylə bağlı dəyişikliklərdən danışanda qeyd edib ki, rüsumların artması dövlət büdcəsinə 100 milyondan artıq vəsaitin daxil olmasına imkan verəcək:

"Təbii ki, bu rüsumlar insanlardan alınan vəsait deyil, yığılan vergi xidmətləri üzrə yığılan vəsaitlərdir. Əsaslandırmada həm də qeyd etdi ki, son 15 ildə dövlət rüsumlarında heç bir dəyişiklik baş verməyib, bu, zamanın tələbindən irəli gələn bir artımlardır. Yəni burada həm göstərilən xidmətlərin səviyyəsi yüksəlib, məsələn, müasir pasportların verilməsi daha böyük xərc tələb edən bir işdir. Burada görülən işlər müasir, beynəlxalq və tələb olunan normalar səviyyəsinə gətirilib. Yəni rüsumların artırılması qaçılmaz bir zərurətdir. Bununla yanaşı, dövlət büdcəsində müzakirə etdiyimiz böyük artımlar nəzərdə tutulub. 2022-ci ilin dövlət büdcəsində 1,3 milyard manatdan çox vəsait , həm xərclər, həm də gəlirlər bölməsində artırılır ki, bu da birbaşa insanların sosial rifahına öz müsbət təsirini göstərəcək addımların atılması məqəsədini daşıyır.

Məsələn, sosial yönümlü xərclər dövlət büdcəsinin 46,4 faizinə yüksəlib və bu o deməkdir ki, həm rüsumların artması baş verəcək, həm də buna paralel olaraq dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlarda, pensiyaçıların təqaüdlərinin verilməsində,müavinətlərdə artımlar nəzərdə tutulur. Dövlət öz siyasəti ilə olacaq təsirlərin aşağı salınmasına təsirini göstərəcək. Rüsumlar həm bir tərəfdən insanların sosial vəziyyətinə öz təsirini göstərəcək, yəni insanın cibindən çıxan bir məsrəfdir. Ancaq eynilə həm də dövlətin təsiri altında olan sahələrdə çalışan insanların rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, rüsumların artması əhalinin cibinə mənfi təsir göstərir:

"Təbii ki, rüsum artdıqca, əhalinin ödənişləri də artır. Ancaq ümumilikdə inflyasiya və qiymətlərə birbaşa təsir göstərən rüsumlar deyil. Əsasən sənədləşmə ilə bağlı rüsumlardır. Doğrudur, elə ailələr var ki, məcburən il ərzində bir neçə dəfə müraciət etməli olurlar. Bəziləri şəxsiyyət, sürücülük vəsiqəsi, xarici pasportları dəyişir. Bununla da bir neçə dəfə müraciət edən ailələrə daha ciddi mənfi təsir göstərəcək. Elə insanlar da var ki, sənədlərini yeni dəyişdiriblər və hələ bir neçə il bununla bağlı əlavə vəsait xərcləməyəcəklər. Yəni bu fərdi olaraq təsir göstərəcək. Hər bir halda, rüsumların artımı vətəndaşların xərclərinin artımı deməkdir. Bu gün rüsum artımı ümumi sözdür və bazarda deyirlər ki, bahalaşma gedir, rüsum artıb, biz də artırırıq. Süni qiymət artımı normal iqtisadi modeldə mümkün deyil. Məsələn, dükan sahibi deyir ki, mən əvvəl pasporta 40 manat verirdim, indi 60 manat verirəm, rüsumları qaldırıblar, qiymətlərdə müəyyən dəyişikliyə gedirəm. Ancaq rüsumların birbaşa ərzaq qiymətlərinə təsiri yoxdur".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz