İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisi Sahib Məmmədov iş adamlarının başına “iş” açmaqdadır. Əslində Sahib Məmmədov adı ictimaiyyətə az tanışdır. Elə biz də sözügedən qurumun rəhbərliyinin kimliyini dəqiqləşdirmək istəyəndə rəsmi saytından məlum oldu ki, demə, rəis Sahib Məmmədov imiş. Yəni gözdən iraq, könüldən uzaq dayanmaqla öz fəaliyyətini altdan-altdan həyata keçirməyi bacarırmış. O, buna qədər nazir müavini işləyib.
Halbuki, nazirlik yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olduqca əhəmiyyətli qurumdur, üzərinə böyük öhdəliklər düşür: ilk növbədə süni qiymət artımına qarşı effektiv mübarizə aparmalıdır, inhisarın aradan qaldırılması üçün ciddi addımlar atmalıdır, hazırda ölkədə sürətlə bahalaşma gedir, maliyyə naziri Samir Şərifov isə iddia edir ki, rüsumlarda bir qəpik də artım olmayıb, o zaman bahalaşma niyə gedir və həmin qurum nə üçün səbəbləri araşdırmır, tükünü tərpətmir... - bu öz yerində.
İndisə aydın olur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisi Sahib Məmmədovun səhvi ucbatından sahibkarlar əziyyət çəkir.
Bir qrup sahibkar artıq İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. Anaxeber.info-ya daxil olan müraciətdə iş adamları üzləşdikləri ciddi bir problemə diqqət çəkiblər. Onların sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisi Sahib Məmmədovun bir imzası ortaya çıxıb.
Belə ki, malın mənşəyi üçün ixrac zamanı verilən sertifikatlarda rəisin üç nüsxədə imzası ortaya çıxıb ki, ixrac edilən ölkə Rusiyada qəbul edilmədiyindən əvəzləyici istənilir.
Sahibkarlar deyirlər ki, 300-dən yuxarı əvəzləyici alınıb, bu da rəhbərliyin səhvi ucbatından olub. Onun səhvinə görə əvəzləyicilər üçün ödənilən rüsumlar yenə sahibkarlara yüklənir.
M. Cabbarova müraciətində sahibkarlar bildirirlər ki, ən acınacaqlı hal bu da deyil: “Ən pisi odur ki, ixracın bu vaxtında həmin qurum tərəfindən istənilən sənədləri tapmaq artıq nağıllarda istənilən istəklər kimidir; torpağın dövlət aktı, akt sahibinin vəsiqəsi, bələdiyyə arayışı, elektron alış aktı...
Bunların üçü bir arada olmur, çünki elektron alış aktı, VÖEN varsa yazmaq olmur. Cənab nazir, ölkə ərazisində xurma, nar məhsulunun mövsüm ixracında bu cür maneələrin ortaya çıxması nəyə xidmət edir?
Məlum olduğu kimi xurma, nar məhsullarının 80 faizi həyatyanı sahələrdən toplanır. Həyatyanı sahələrin də bəzilərinin torpaq sənədi yoxdur.
İndi biz İqtisadiyyat naziri Mikayil Cabbarova müraciət edirik ki, bu haqda bir tədbir görülsün, ya da bizimlə əlaqə yaradılsın, dərdimizi izah edək”.
Malın mənşəyi üçün ixrac zamanı verilən sertifikatlarla bağlı qaydalar mövcuddur. İndi Sahib Məmmədov sahibkarları elə vəziyyətə salıb ki, ortada böyük bir zərərlə qarşılaşıblar.
Hərçənd, qurum şərait yaratmalı, malların ixracına dəstək verməlidir. Amma sahibkarlar Xidmət rəisinin bir səhvi üzündən çətinə düşüblər. İqtisadiyyat nazirindən reaksiya gözləyən sahibkarlar ümid edirlər ki, məsələyə baxılacaq. Əks halda S.Məmmədov sahibkarları əlavə rüsumlarla “yükləyir”, öz səhvinin bədəlinin onların belindən çıxarır. Bununla iqtisadi inkişafa nail olmaq, sahibkarlığı inkişaf etdirmək olmaz.
Baxmayaraq ki, Prezident hər zaman sahibkarlara dəstək verilməsinin vacibliyini qeyd edib. Bildirib ki, onları incitməyin, süni əngəllər yaratmayın, sıxma-boğma etməyin. Ancaq belə görünür ki, indi də iş adamlarının xirtdəyindən yapışan yeni qurum var və rəhbəri də onlara bəla olmağa başlayıb. Prezident sahibkarların sıxışdırılması ilə bağlı həmişə sərt mövqedə olub.
Çünki ayrı-ayrı məmurlar onları çox incidiblər, artıq tələblər irəli sürüblər. Prezident deyir ki, islahatlar gedir, o halda nazirlik yanında həmin Xidmət niyə sahibkarların yolunda sipər olub?!
Torpağın dövlət aktı, akt sahibinin vəsiqəsi, bələdiyyə arayışı, elektron alış aktı tələb etmək, öz səhvini sahibkarların üstünə yıxmaq tamamilə dövlətin sahibkarlarla bağlı siyasətinə qarşı getməkdir.
Sahibkar : Bədəlov Asif 055 665 55 53
Hidayətov Zöhrab 0504223111
Hidayətov Təyyar 0505656669
Həşimov Hamlet 0507556688
Sədullayev Nəriman 0513318163