Vətəndaş Kamil Hüseynov tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Yükdaşıma fəaliyyəti ilə məşğul olduğunu bildirən şikayətçi iddia edir ki, Qarabağın yenidən qurulmasına ayrılan pullar bəzi şirkətlər tərəfindən mənimsənilir. K.Hüseynovun məktubunu olduğu kimi dərc edirik:
“Ölkəmizin çiçəklənən dövründə Qarabağımızın yenidən qurulması işlərində bəzi qurumlar cənab Prezidentin işlərinə xələl gətirirlər. Yolların tikintisinə ayrılan milyonlarla vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müəyyən yollar vasitəsilə mənimsənilir.
AAYDA-nın tərkibində fəaliyyət göstərən “AYXM” MMC Türkiyə və Azərbaycan şirkətlərinə ayrılan pulların müəyyən məbləğini hər ay geri alırlar. Hətta “AYXM”-nin əməkdaşları bu şirkətlər azmış kimi, yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəqliyyat vasitələrindən də, heç bir sənəd göstərilmədən, hər ay 100-300 manat arasında pul yığırlar.
Əlavə olaraq bildirmək istəyirəm ki, xaricdən gələn-gedən və ya tranzit keçən xarici və yerli ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrindən səlahiyyəti olmayan qurum “AYXM” MMC tərəfindən bir dəfə keçid üçün 700 man və daha artıq ödənişlər tələb olunur. Bu işlərə nəzarət edən şəxslər - “AYXM” MMC-nin rəhbərliyi, özünü dəniz limanının və gömrük əməkdaşı kimi təqdim edən Hacıyev Xəqani Fərman oğlu və “AYMX” MMC-nin əməkdaşı Əsədzadə Asif Akif oğlu heç nədən və heç kəsdən qorxmadıqlarını bildirirlər.
Sizdən öz adımdan və yük daşıma ilə məşğul olan hər kəsindən adından xahiş edirəm, bu özbaşnalığa son qoyulması üçün səsimizi ölkə rəhbərliyinə çatdırasınız. Məlumatların dəqiqliyini sübut edən sənədlər var”.
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//