Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli
qəsəbəsi, “D” yaşayış massivi, ev 29, mənzil 130-da pasport qeydiyyatında olan,
Faktiki olaraq, Masallı rayonunun Türkoba kəndində yaşayan Azərbaycan Respublikasının Vətəndaşı
Səfərova Ülviyyə Hakim qızı üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına müraciət edib. Surəti cumhuriyyet.az saytına göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Hörmətli Prezident!
Mən Sizə, hüquqları “AAAF İNŞAAT” MMC-nin rəhbərliyi və hüquqşünası Emin Səlimov tərəfindən pozulmuş, 4 ilə yaxın bir müddət ərzində məhkəmə qapılarında qalmış, az qala, Azərbaycan Respublikasının vətəndaşlığından imtina etmək və intihar həddinə çatdırılmış bir Ana, bir Seçici, bir Vətəndaş və nəhayət, Allahın verdiyi bu ömrü yaşamaq hüququ olan bir insan kimi müraciət edirəm.
Məlumat üçün bildirim ki, tək anayam. 10 və 11 yaşlarında iki oğlan övladım var. 05.09.2009-cu ildə birgə nigaha girdiyim Səfərov Natiq Mahmudağa oğlu 01.11.2017-ci ildə istehsalat qəzası nəticəsində həlak olmuşdur. Birgə nigah dövründə ərim Səfərov Natiq Mahmudaağa oğlu:
– 18.03.2013-cü il tarixdə “D-061” saylı Müqaviləyə əsasən “AAAF – İnşaat” MMC-də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 2, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 51,7 kv.m. olan 1 otaqlı;
– 18.03.2013-cü il tarixdə “Riy-2/042” saylı Müqaviləyə əsasən “AAAF – İnşaat” MMC-yə məxsus “Olimp” MTK-nın tikdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 3, mənzil 23 ünvanında yerləşən ümumi sahəsi 75,4 kv.m. olan 2 otaqlı əmlak almışdır.
Ərimin vəfatından sonra qaynatam Səfərov Mahmudağa Mirzəağa oğlu və qaynanam Səfərova Sidabə Dənzi qızı məni notariat ofisinə aparıb, aldatma yolu ilə, birinci dərəcəli vərəsə kimi əmlakdan mənə düşən paydan imtina haqqında 09.03.2018-ci il tarixində razılıq ərizəsi almışlar. 26.10.2018-ci il tarixində isə, mərhum ərim Səfərov Natiq Mahmudağa oğlu ilə bağlanmış müqavilələr “AAAF – İnşaat” MMC tərəfindən Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası, Qubkinskiy şəhəri, 7-ci mikrorayon, ev 13, mənzil 9 ünvanında yaşayan Səfərov Mahmudağa Mirzəağa oğlunun adına keçirilmişdir. Beləliklə, aldatma yolu ilə mən və iki övladım 1-ci dərəcəli vərəsə kimi bizə düşən kooperativ paydan məhrum olunmuşuq.
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(010)-446/2021 saylı Qətnaməsinə əsasən, Bakı şəhəri 24 saylı notariat ofisində 09 mart 2018-ci il tarixində 1693 və 1694 №-li reyestrlərlə təsdiq olunmuş iddiaçı Səfərova Ülviyyə Hakim qızının Səfərov Mahmudağa Mirzəağa oğlunun xeyrinə vərəsəlikdən imtinaya dair verdiyi ərizələr etibarsız hesab edilmişdir.
Cənab Prezident!
24 may 2021-ci ildə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış Qətnaməsi “AAAF PARK” Yaşayış Kompleksinin rəhbərliyinə təqdim edilmişdir (Sənədin qəbul edilməsi barədə Zaur Xıdırovun imzası mövcuddur). Şirkətin hüquqşünası Emin Səlimov isə, müvafiq məhkəmə qətnaməsinin mövcudluğuna baxmayaraq, Mahmudağa Səfərovun adına rəsmiləşdirilmiş müqavilələrin ləğv edilməsindən və hüququn əvvəlki vəziyyətinə qayıtmasından imtina etmiş, yenidən məhkəməyə müraciət etməyi bildirmişdir.
Halbuki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri 24 saylı notariat kontorunun notariusu Nəcəfli Zərifə Malik qızı tərəfindən mən, Səfərova Ülviyyə Hakim qızının 09 mart 2018-ci il tarixli ərizələri təsdiq olunarkən, həmin ərizənin mahiyyəti və hüquqi nəticələri mənə izah olunmamışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
Cənab Prezident!
Lakin “AAAF” və onun, yalnız öz mənafeyini güdən hüquqşünası Emin Səlimov Azərbaycan Respublikasının qanunlarını qəbul etmir. Çünki, onun öz “qanunları” var. Və o “qanunlar”da yetim haqlarını yemək belə, adi bir şeydir.
21 iyun 2021-ci il tarixdə tərəfimdən Abşeron Rayon Məhkəməsəinə iddia ərizəsi təqdim edilmişdir. O vaxtdan bəri keçirilən məhkəmə iclaslarında hər dəfə hakimin Emin Səlimovdan mənzillərin hazırkı və ilkin müqavilələrini məhkəməyə təqdim etməsini tələb etməsinə baxmayaraq, müqavilələr məhkəməyə 01 noyabr 2021-ci ildə təqdim edilmişdir. (21 iyun 2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixə qədər olan dövr ərzində 3 dəfə – 13.07.2021-ci il, 09.08.2021-ci il, 12.10.2021-ci il tarixlərində məhkəmə iclası olmuş, müqavilələr Hüquqşünas Emin Səlimov tərəfindən məqsədli şəkildə məhkəməyə təqdim olunmamışdır). Bu müddət ərzində iddia ərizəsində cavabdeh kimi qoyulan Mahmudağa və Sidabə Səfərovlar tərəfindən mənə yalnız bu cür mesajlar göndərilmişdir ki, “onsuz da hər şey – məhkəmə də, müqavilələr də bizim xeyrimizə həll olunacaqdır. Sənin ki, pulun yoxdur. Biz pul verib sənədləri öz xeyrimizə həll edəcəyik. Və bizim ”AAAF”da Emin Səlimov kimi adamımız var”. Beləliklə, Emin Səlimov cavabdehlərlə sövdələşərək, müqavilələri dəyişmiş, addan-ada keçirmişdir. Belə ki, iddia ərizəsində göstərilən mənzillərin məhkəmə predmeti (mübahisəsi) olmasına baxmayaraq, “AAAF” rəhbərliyi hüquqşünas Emin Səlimovun “qanunları” ilə mənzillərdən birini avqust ayında iki dəfə addan-ada keçirmiş, sonuncu dəfə 13 avqust 2021-ci il tarixdə Rüstəmova Laura Fazil qızı ilə müqavilə bağlanılmışdır. Məqsəd, məhkəməni və bizi azdırmaq olmuşdur. Və mənə indi bəlli oldu ki, 4 ay ərzində niyə “AAAF İNŞAAT” MMC-nin rəhbərliyi və hüquqşünası Emin Səlimov mənzillərin müqavilələrini məhkəməyə təqdim etmirmiş.
Cənab Prezident!
Mən bir vətəndaş kimi, sadəcə, başa düşə bilmirəm ki, əgər Konstitusiya maddələri və Azərbaycan Respublikasının Qanunları işləmirsə, hansı hüquqi dövlətdən danışırıq. Niyə bu vəzifəlilər Sizin apardığınız hərtərəfli siyasətə, keçirtdiyiniz islahatlara, dövlət-vətəndaş və prezident-vətəndaş münasibətlərinə xaincəsinə mane olur, xalqı, sadə vətəndaşları dövlətdən və Prezidentdən narazı salır.
Cənab Prezident, mən övladlarımı götürüb hara gedim, kimə müraciət edim? Hansı dövlətə üz tutum, kimin qapısına gedim? Axı, mən də bu ölkənin – Sizin rəhbərlik etdiyiniz Müstəqil Azırbaycan Respublikasının vətəndaşıyam. Axı, mənim də bir insan kimi yaşamağa haqqım var. Axı, mənim balalarımın da bu vəzifəlilərin övladları kimi yemək, geyinmək, təhsil almaq və Azərbaycan Respublikasının Konstitusiyasının onlara verdiyi hüquqlardan istifadə edərək yaşamaq haqqı və hüququ var.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər Qanunlarımız, Konstitusiyanın müvafiq maddələrinin tələbləri, nəhayət, Azərbaycan Respublikasının Məhkəmələrinin Qərar və Qətnamələri niyə yerinə yetirilmir? Bu suallarla kimə müraciət edək, Cənab Prezident? Siz həmişə vətəndaşın yanında ikən, niyə bu məmur və bəzi vəzifəlilər bizim – sadə xalqın, haqqı tapdalanan, əzilən insanların yanında deyil? Və hər dəfə: “Gedin özünüz danışın, razılaşın və haqqınızı alın” deyirlər. Bəs onda bu Məhkəmələr, bu Qanunlar kimə və nəyə lazım???!!!…
Köməksiz, tənha, çarəsiz insanların haqlarını tapdalayıb xalqı incidən məmurlar kimi Sizdəmi səsimə səs verməyəcəksiniz, Cənab Prezident??. Heç kəsə qulaq asmayan, sadə vətəndaşları adam yerinə belə, qoymayan bu insanlar Sizin və bu xalqın düşmənidirmi? Niyə öz yarıtmaz fəaliyyətləri ilə bu adamlar Prezident İlham Əliyevin böyük siyasi fəaliyyətinin üstünə kölgə salmaq istəyir, sadə camaatı İqtidardan narazı salır? Bu cür məmurlar var ikən bizə – Azərbaycana və bu xalqa başqa düşmən lazım deyil.
Ancaq bu məmurlar, xüsusən, “AAAF İNŞAAT” MMC-nin rəhbərliyi və hüquqşünası Emin Səlimov kimilər unutmasın ki, məzlumların ahı çox ağır olur. Necə deyərlər: “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə!”. Heç kəsimiz olmasa da, Allahımız var bizim! Allahın da cəzası ağır və ədalətli olur! Cənab Prezident, balalarımı mərhum atalarından qalan yaşayış yerindən belə, məhrum etmək istəyən bu insanlar heç Allahdan və Sizdən qorxmurmu? Mənə yol göstərin. Nə edim? Hara gedim?
Cənab Prezident!
Siz həmişə xalqın, vətəndaşın yanında olmusunuz. Mən bir tənha ana, hüquqları pozulmuş bir Azərbaycan vətəndaşı kimi inanıram ki, Siz yenə də, vətəndaşınızın yanında olacaq, bu müraciətimdən sonra üzləşdiyim bu problem öz həllini tapacaq.”
Cumhuriyyet.az