Axtarış...

İslahı mümkünsüz görünən iri şəhərlərin icra başçıları… Onlarla nə etməli?

İslahı mümkünsüz görünən iri şəhərlərin icra başçıları… Onlarla nə etməli?

Gəncədə şəhid anası Vüsalə Məmmədovanın intihara cəhd etməsi diqqəti yenidən bölgələrdəki idaretməyə yönəldib. Mediada yayılan məlumatlarda şəhid anasının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbuluna düşə bilmədiyinə görə bu yola əl atdığı bildirilir.

Vüsalə Məmmədova özü də İcra Hakimiyyətində onunla kobud danışıldığını və başcı ilə görüşməsinə əngəl yaradıldığını bildirib.

Niyazi Bayramov 2018-ci ildən Gəncəyə rəhbərlik edir. Həmin ildə sələfi Elmar Vəliyev güllələnib. Ağır xəsarət alan keçmiş icra başçısı həm sağlamlığını, həm də vəzifəsini itirib. Elmar Vəliyev ən çox şikayət olunan məmurlardan hesab edilirdi. Bu baxımdan, onun yerinə yeni təyinat Gəncə sakinlərində ümidlər yaratmışdı. Amma Niyazi Bayramovun 3 illik fəaliyyətini təhlil edəndə onun sələfindən o qədər də fərqlənmədiyi aydın olur. Mediada da onun barəsində tənqidi materiallar kifayət qədərdir.

Bayramovun pis idarəçiliyi yalnız ənənəvi məmur düşüncəsindən gəlmir. O, həm də bölgəni, oranın insanını tanımır, tanıya bilmir. Rusdilli olan Niyazi Bayramovun qədim Gəncədə uğurlu rəhbər olacağı onsuz da inandırıcı görünmürdü. Son hadisə bunu bir daha təsdiq etdi.

Bir maraqlı faktı da qeyd etmək yerinə düşər. Bir neçə gün əvvəl Gənclər və İdman naziri olmuş mərhum Azad Rəhimovun oğlu Arif Rəhimov Fransada 30 milyon dollarlıq villaya sahib olması barədə məlumat yayılmışdı. Arif Rəhimov Niyazi Bayramovun kürəkənidir.

Arif Rəhimovun 30 milyonluq villaya sahib olması hələ də müzakirə mövzusudur. Güman ki, bu məsələ Niyazi Bayramov üçün də başağrısına çevrilə bilər.
Ümumiyyətlə isə Gəncədə şəhid anasının intihara cəhd etməsi cəmiyyətdə belə qənaət yaradıb ki, 2018-ci ildən bu yana hakimiyyət komandasında xeyli dəyişiklik olsa da, yetərli deyil. Əgər bu gün şəhid anası icra başçısının qəbuluna düşə bilmirsə, deməli, islahatlar davam etməlidir. Xüsusilə, yerli icra hakimiyyətlərində ciddi dəyişikliklərə ehtiyac var.


Hakimiyyət 2019-cu ilin sonlarından başlayaraq korrupsiayaya qarşı mübarizəyə start verib. Bu dəfə həbs olunanlar xırda çinovniklər deyil, icra başçıları olub. Bu günə qədər 6 icra başçısı (Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Şəmkir) həbs olunub. Amma görünən odur ki, digər icra başçıları bundan qətiyyən nəticə çıxarmayıblar.

Cəmiyyət də haqlı olaraq islahatlara uyğun fəaliyyət göstərməyən məmurların cəzalandırılmasını zəruri sayır. Əks təqdirdə həyata keçirilən islahatların faydası olmayacaq.

Eksperlərin fikrincə, ən azı ilkin mərhələdə Azərbaycanın iri şəhərlərində - Bakı, Gəncə, Sumqayıt və Lənkəranda nümunələr yaratmaq olar.

Keçmiş deputat Nazim Bəydəmirli Qaynarinfo-ya bildirib ki, faktiki olaraq bu gün icra başçıları vəzifələrinin öhdəsindən gələ bilmir:

"İslahatların, həbslərin effekti yoxdur. Biz yenə də icra başçılarının özlərini "kiçik padşahlar” kimi apardığnı görürük. Gəncədəki hadisə bunun bariz nümunəsidir. Şəhid anası icra başçısının qəbuluna düşə bilmir. Lakin təkcə bu hadisəyə fokuslanmaq olmaz. Yüzlərlə bu cür olaylar baş verir və nəticədə insanlarda narazılıq yaranır”.

Onun sözlərinə görə, islahatlar bütün sahələrdə aparılmalıdır:

"Bu addım hansısa iqtidardaxili qrupların maraqları çərçivəsində deyil, dövlətçilik maraqları çərçivəsində həyata keçirilməlidir. Və təkcə yerli icra hakimiyyətlərinə fokuslanmaq da doğru deyil. Düzdür, icra hakimiyyətlərindən narazılıq böyükdür. Amma idraəetmə fəlsəfəsi dəyişməyənə qədər 1-2 kadrı əvəzləməklə, yaxud həbs etməklə problemi kökündən həll etmək mümkün deyil”.

Onun fikrincə, iri şəhərlərdə nümunələr yaratmaq pis fikir deyil. Amma bu nümunə qısa zamanda bütün Azərbaycanı əhatə etməlidir:

"Bakı, Gəncə, Sumqayıt, Lənkəran kimi iri şəhərlərdən başlamaq olar, əlbəttə. Amma bu, ASAN Xidmət nümunəsinə dönməməlidir. Yəni, bu şəhərlərdə nümunə yaradıb dayanmaq olmaz. Çünki bunun da effekti olmayacaq. Bu, islahat yox, imitasiya olacaq”.

Nazim Bəydəmirli hesab edir ki, kadr təyinatlarının meyarı dəyişməlidir:

"İndi əsasən təyinatlar yerliçiliyə, qohumçuluğa əsaslanır. Ona görə də yeni kadr əvvəlkindən fərqlənmir. Buna son qoyulmalıdır. Gənc, intellektual, dövləti, xalqı düşünən, dövlət qulluğunu "qaz vurub qazan doldurmaq” üçün bi vasitə olmadığını bilən, dərk edən kadrlara üstünlük verilməlidir.
Ümumiyyətlə isə hesab edirəm ki, icra hakimiyətləri ləğv olunmalı, yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri artırılmalı, böyük şəhər bələdiyyələri yaradılmalıdır”.



Teref.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz