Axtarış...

BİRLİYİN TƏNTƏNƏSİ

BİRLİYİN TƏNTƏNƏSİ

27 sentyabr – Vətənin yenidən öz övladlarına qucağını açdığı tarixi gün. Elə bir gün ki, hər bir Vətən oğlu qorxunun nə olduğunu bilmədən, iliklərinə qədər qorxudan təcrid olunmuş şəkildə “Qarabağ Azərbaycandır!”, “Ya Qarabağ, ya ölüm!” kimi amallar uğrunda irəli atılmağa, düşmən əsarətində qalan o ulu yurdu azad etməyə can atdığını birbaşa olaraq göstərməyə başladı.

“Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamından sonra döyüşə çağırılan hər bir insan ona gələn bildirişi Vətənin imdadı kimi qəbul etdi, bir an belə tərəddüd etmədən bu haraya cavab olaraq hazırlanmağa başladı. Bu çağırış onların yolunun hara olduğunu açıq-aşkar göstərirdi. Yol Qarabağa idi, Azərbaycanın cənnət guşəsi Şuşaya. Həmin an orduya çağırılan bütün şəxslərin beynindən sadəcə bir fikir keçirdi: “Biz bu yoldan dönər olsaq, namus bizə ar olsun!”.

Elə ilk gündən neçə cəsur igidimiz “Təki Vətən sağ olsun!” deyib gözünü belə qırpmadan öz canını bu müqəddəs amal uğrunda fəda etdi. Yanındakı digər vətən oğullarını ölümdən xilas etmək üçün özünü ölümə atan igidləri tanıdı tarix. Onların bu qorxmazlığı və cəsurluğu, vətən uğrunda canından keçə biləcək səviyyədə olan vətənpərvərliyi ölümündən sonra onun üçün günlərlə, aylarla, hətta illərlə ağlayacaq, hər dəfə onun adı gələndə, hər dəfə ona aid bir şey xatırlananda ürəyi parçalanacaq olan ata-ana fəryadından üstün gəldi.

Övladı şəhadəti dadmış valideynlər də necə bir-birinə bənzəyir. Hər biri yalnız bir övlad böyütmürdü, həm də bir arzu, bir xəyal, bir dilək böyüdürdü onların timsalında. Hər biri övladının şəhidlik xəbəri gəldiyi gün qocaldı onların. Amma onlardan hansını dindirsən, hamısı həzin bir səslə pıçıldayırdı: “Təki Vətən sağ olsun!”.

Əgər 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günüdürsə, şanlı 44 gün dünya azərbaycanlılarının qanla yazılmış həmrəylik dastanı oldu. Bu elə bir həmrəylik idi ki, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan xalqının üzvü olan hər bir kəsin fikri düşmənlə döyüşən, onları iti qovan kimi qovan əsgərlərimizin yanında idi. Bütöv bir xalq bu 44 gündə yaralananla yaralandı, şəhid olanla şəhid oldu, zəfərə yürüyənlə zəfər çaldı. Bu, özünü sadəcə düşüncədə deyil, həm də əməldə göstərirdi. Təsadüfi deyil ki, anasına yazdığı məktubda ondan kotlet istəyən əsgərimizə qonşuları yığışıb 1000 ədəd kotlet-çörək göndərmişdilər. Özünün 180 manatlıq təqaüdünü orduya bağışlayan Hikmət babanın timsalında isə bu həmrəylik özünün ən yüksək həddinə çatdı. Bu bir daha onu göstərdi ki, Azərbaycan xalqının birliyi hər zaman pozulmaz olaraq qalacaq, çünki bu birliyin qorunması uğrunda neçə-neçə igidlərimiz öz canından keçməkdə tərəddüd belə etmədilər.

Müasir Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni və qabaqcıl silahlara malikdir. Lakin danılmaz faktdır ki, hər hansı bir ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Belə ki, ən yeni raketlərin, güclü silahların və digər texnikaların ola bilər. Lakin əgər sənin qorxmaz, vətənpərvər, cəsur əsgərlərin yoxdursa, sən döyüş meydanında məğlub olarsan. Böyük şairimiz Əhməd Cavadın himnimizin sözlərini yazarkən gözündə canlandırdığı hüququndan keçən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı da məhz bu vətənpərvərliyidir.

Döyüş meydanında rəzil vəziyyətində qalan düşmənin də güclü hərbi texnikası var idi. Lakin həmin texnikanı idarə edən əsgərlərin ürəyində uğrunda döyüşdükləri torpağa dair hər hansı arzu, hər hansı sevgi yox idi. Şah İsmayıl Xətainin də təbirincə desək, qılınc həmin qılınc idi, qol həmin qol deyildi.

44 gün davam edən şanlı hərbi əməliyyatın “dəmir yumruq” adlandırılması da təsadüfi deyil. Çünki “dəmir yumruq” Azərbaycan xalqının iradəsini, dövlətimizin, ordumuzun gücünü, xalq-Prezident-ordu birliyini təcəssüm etdirirdi. “Dəmir yumruğ”un gücü isə adi yumruq gücü deyil. Bunu möhtərəm Prezidentimiz İlham Əliyev də keçən il noyabrda Şəhidlər xiyabanında Azərbaycan xalqına etdiyi müraciətində bildirmişdi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, “dəmir yumruq”dur. Bu “dəmir yumruq”la düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

Bununla yanaşı, Ali Baş Komandan hər çıxışında bildirirdi ki, ən son texniki nailiyyətlərdən istifadə etmək hələ üstünlük demək deyil, Azərbaycan döyüş meydanında qazandığı üstünlüyü məhz öz əsgərinə borcludur. Düşmənin bildiyi yollardan irəliləmək yerinə, daha çətin, daha ağır yolla zəfərə addımlayan igidlərimiz düşməni heç gözləmədiyi anda yaxalamağı bacara bildilər. Hələ bundan yüz illər sonra da xatırlanacaq olan Şuşa zəfəri məhz o sıldırım qayalardan dırmanan oğulların əməyinin bəhrəsi idi. Mədəniyyətimizin beşiyinə qarşı ən incə şəkildə davranmağı qarşısına məqsəd qoyan əsgərlərimiz heç bir ağır artilleriyadan istifadə etmədən Vaqifin yurduna yenidən ayaq basmağa nail olmuşdular. Bu cəsur ordu heç bir şeydən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı cəsarətlə yerinə yetirdi. Bu böyük qələbəni isə Dövlət Başçısının dediyi kimi, bizlərə qəhrəman Azərbaycan əsgərləri bəxş etdi. Bu gün əminliklə deyə bilərik ki, Şuşa zəfəri Azərbaycan əsgərinin ən yüksək qəhrəmanlıq nümunəsidir.

Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Çünki şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaqdır. Araz nəğməsini daha gur oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

İrzayev Hüseyn Valeh oğlu
Şirvan Apellyasiya Məhkəməsinin məhkəmə iclas katibi
Text-to-Speech

DİNLƏ






Şərh yaz