..Səngəçalda yerləşən “Müasir Qaz, Beton Zavodu AAC” MMC-də əvvəllər direktor olmuş Ceyhun Əliyev işçilərə qarşı yaxşı münasibətdə olmayıb. Zavod Hörgü Blokları və əhəng istehsalı ilə məşğuldur. İşçilərin bildirdiyinə görə, bir dəfə əvvəlki direktor Ceyhun Əliyev 65 işçinin əmək haqqını qanunsuz olaraq aşağı endirib. Nəticədə həmin işçilərin hamısı ayağa qalxaraq etirazlarını bildiriblər. Məsələnin çox şişdiyini görən C.Əliyev məcbur olaraq işçilərin əvvəlki əmək haqqını bərpa edib. Amma onu yeyib-dağıtmaq kimi əsas məqsədindən döndərən işçilərdən qisas almağa vaxt tapmayıb. Çünki şikayətçi işçilərin müxtəlif dövlət orqanlarına yazdıqları şikayət məktubları sayəsində C.Əliyev işi ilə vidalaşmalı olub. Ancaq yaxın dostu və həmyerlisi olan (Tovuzdandır) Ayaz Əliyevi hansı yollarlasa, yerinə direktor təyin etdirməyə nail ola bilib.
Deyir, əl əli yuyar, əl də üzü. İşçilərin “Təzadlar"a verdiyi məlumatlara görə, Ayaz Əliyevin qardaşı Aydın Əliyev Şəmkirdə hansısa zavodun rəhbəridir. Işdən çıxarılan Ceyhun Əliyev də elə Aydın Əliyevin müavini vəzifəsinə işə düzəlib. Yəni, Ayaz Əliyev onu direktor edən dostuna borclu qalmayıb və ona qardaşının yanında dərhal vəzifə verdirib...
Təzə direktor köhnənin tapşırıqlarını qisas almaqla icra etməkdə...
Ayaz Əliyev də işə başlayan kimi qılıncını sıyırıb, heç bir əsas olmadan həmin 65 etirazçı işçilərin üstünə düşüb. Adi qaydada işə gələn işçiləri işə buraxmayıb, işdə olanları isə elə fəhlə paltarında zavoddan bayıra çıxartdırıb. Beləliklə, 65 işçidən 60 nəfərə yaxını artıq işdən azad olunub. Qalan 5-6 nəfərdir ki, onlar da, sanki “çemodan” üstündə oturublarmış kimi, acı talelərini gözləyirlər. 65 işçini indiki zamanda çörəksiz qoymağın nə olduğunu şərh etməyə ehtiyac yoxdur. Özü də işdən çıxarılan işçilərə əmək qanunvericiliyinin tələblərinə görə, verilməli olan 4 aylıq müavinət də verilmir. Bununla bağlı işdən çıxarılan işçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinə, Prezident Administrasiyasına, Dövlət Təhlükəsizlik Xidmətinə və bir çox dövlət qurumlarına şikayət ünvanlayıblar. Artıq 4 nəfər işçi isə öz haqlarını hüquqi müstəvidə qorumaq üçün məhkəməyə müraciət edib. Yəqin ki, Ayaz Əliyevdən işçilərin belə kütləvi şəkildə işdən çıxarılmasının səbəbini soruşan olacaq.
***
Redaksiyamıza müraciət edən işçilər bildirdilər ki, Ayaz Əliyev qanunsuz olaraq 10 ildən çox işləyən bu insanları işdən çıxardıb, yerlərinə ancaq Tovuz rayonundan olanları təyin edir... Əks tərəfin mövqeyini öyrənmək məqsədilə verilmiş mobil telefon nömrəsinə zəng edib direktor A.Əliyevlə danışmaq istədim. Özü də çox arxayın və inamlı danışmaq istəyirdim ki, A.Əliyev Tovuzdandır axı. Bu, o deməkdir ki, hətta problem həllini tapmasa belə, A.Əliyevlə səmimi söhbətimiz alınacaq. Ancaq sən saydığını say, gör Ayaz Əliyev nə sayır? A.Əliyevin verilən telefon nömrəsinə zəng edib salamlaşandan sonra, təbii ki, özümün və təmsil etdiyim qəzetin adıni bildirərək, bircə kəlmə soruşdum:
- Ayaz müəllim, sizin vaxtınızı iki dəqiqə ala bilərəmmi?
O, dərhal- nəfəs dərmədən “Yox” – deyib, telefonu qapatdı. Yəni, qulağımın dibinə “adboy” verdi. Fikirləşdim, bəlkə əlaqə texniki səbəbdən kəsildi. Təkrar etdiyim zəngə yenə “adboy” verəndə anladım ki, bu, artıq etika məsələsidir. A.Əliyev bilməli idi ki, jurnalist hörmətli Prezident cənab İlham Əliyevin imzaladığı “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna uyğun olaraq, əks tərəfin mövqeyini öyrənməlidir. Görünür, A.Əliyevin bir məmur kimi bu qanundan xəbəri yoxdur. Axı haradan xəbəri olsun? Başı qarışıb əvvəlki dikrektor Ceyhun Əliyevin qisasını almağa və qarşıda onu gözləyən mal-dövlətə, sərvətə sahiblənməyə. Məsələni belə görüb “Votsap” vasitəsi ilə Ayaz Əliyevə səsli mesaj da göndərdim. Mesajın qısa olaraq məzmunu belə idi: “Ayaz müəllim, əvvəla, tovuzlu olan bir kəsdən belə bir addım gözləmirdim. Tovuzlular çox xeyirxah və mehriban insanlardır. Tovuz adı gələndə ilk yada düşən nəinki Azərbaycanın və Türkiyənin, hətta bütün türk dünyasının tanınmış şairi, qəzetimizin yaxın dostu Məmməd İsmayıl yada düşür. Həmçinin çox nüfuzlu və hörmətli iş adamı, hüquqşünas, professor, qəzetimizin redaksiya heyətinin üzvü, Putinin dostu kimi tanınan İlham Rəhimov, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, hörmətli Ramiz Zeynalov, elə Səngəçal ərazisinin də daxil olduğu Qaradağ rayonunun deputatı Aydın Hüseynov və digər hörmətli tovuzlular... Amma sizin, Ayaz müəllim, mənim məramımı, məqsədimi dinləmədən telefona ardıcıl olaraq dərhal “adboy” verməyiniz, düzgün hərəkət deyildir. Əvvəlcə bir məni dinləyin, sonra qəti qərara gələrsiniz ki, mənimlə danışmaq lazımdır, ya yox? Bəlkə sizə hansısa bir mühüm məlumat verirəm, bəlkə zabodunuzu gözləyən hansısa yanğın təhlükəsindən xəbərdar etmək istəyirəm...”.
Mesajın oxunduğu göründü, amma A.Əliyev zəng etmədi. Neyləyək, qoy bu mövqesizlik də olsun onun mövqeyi.... Lakin işçilər bizə onun haqqında heç də xoş olmayan sözlər dedilər. Bu sözlərdən aydın olur ki, bu zavodda kütləvi yeyintiyə başlamaq üçün plan qurulur və bu köhnə işçilər, onların məqsədləri yolunda əngəl törədirlər. Ona görə də həm əvvəlki müdir Ceyhun Əliyevin qisasını almaq və həm də kütləvi yeyintiyə başlamaq məqsədi ilə 65 işçidən xilas olmaq istəyir.
A.Əliyevin Prezident İlham Əliyevin imzaladığı “KİV haqqında” Qanundan xəbərsiz olduğu kimi, Prezidentin daha bir göstərişindən də xəbərsiz olduğu ortaya çıxır. Məlum olduğu kimi, Prezident İlham Əliyev pandemiya başlayan kimi, qəti şəkildə göstəriş verib ki, heç bir dövlət müəssisəsi və özəl şirkətlər işçilərini işdən çıxara bilməz. A.Əliyevin gözünün qarşısında oynayan milyonlar onun başını necə dumanlandırıbsa, prezidentin göstərişinin əleyhinə getməsinin fərqinə varmır. Fikirləşir ki, Səngəçal Bakıdan bir qədər uzaqdır və orada etməyə hazırlaşdığı qanunsuzluqlar barədə yuxarı dairələrin xəbəri olmayacaq. Amma cidanı çuvalda gizlətmək mümkün deyil. İllərlə bir müəssisədə işləyən insanlara qarşı çox böyük haqsızlıq olub və hələ ki, Ayaz Əliyevə “dur” deyən yoxdur.
Tovuzun deputatı məsələyə qarışmalı oldu...
İşçilərin bildirdiyinə görə, Ayaz Əliyev həm də öz yerlisi və yuxarıda nüfuzlu tovuzlu kimi adını çəkdiyimiz və Qaradağ rayonundan deputat seçilmiş Aydın Hüseynova güvənir. İşçilər bir çox tələblərində və istəklərində haqlı olsalar da, onların bu fikri ilə qətiyyən razılaşmadım. Çünki seçildiyi ərazinin problemləri ilə yaşayan və onların həllinə çalışan az sayda deputatlardan biri də Aydın Hüseynovdur. Şəxsən şahidiyəm ki, A.Hüseynov seçiciləri olan şəhid ailələri və qazilərin, rayonun ətraf qəsəbə və kəndlərinin çoxsaylı problemlərini həll edib və həmişə də onları diqqətdə saxlayıb. Elə ona görə də Aydın Hüseynova zəng edib bu məsələyə də münasibətini öyrənmək istədim. Millət vəkili yenə də şəhid ailələri ilə görüşdə olduğu üçün, köməkçisi taınınmış jurnalist Mikayıl Nərimanoğlu ilə danışdıq. M.Nərimanoğlunun dedikləri: “Bu məsələdən Aydın müəllimin xəbəri var, hətta həmin şikayətçilərlə görüş də keçirib. Onların şikayətlərinin həll olunması üçün aidiyyəti ünvanlara göndərib. Bu işçilərin də problemi Aydın müəllimin diqqətindədir. Əgər zavodun direktoru, bir yerli kimi, Aydın Hüseynovun adını çəkib, ona güvəndiyini deyirsə, bu, düzgün informasiya deyil. Aydın müəllim heç vaxt belə şeylərə yol verə bilməz”.
Göründüyü kimi, “Müasir Qaz, Beton Zavodu AAC” MMC-də direktor Ayaz Əliyevin sayəsində ciddi problemlər yaşanır. İndiki pandemiya dövründə 60-a yaxın işçini işdən çıxarmaq və onların ailələrini bir tikə çörəyə möhtac qoymaq nə dövlətimizin siyasətinə, nə də insanlıq qanunlarına sığışmır. İnanırıq ki, aidiyyəti qurumlar bu məsələyə diqqət ayıracaq və problem tezliklə həllini tapacaq.
***
P.S. Yazını çapa hazırlayarkən millət vəkili Aydın Hüseynov mənə zəng edib bunları dedi:”...Özünüz yaxşı bilirsiniz ki, mən daim seçicilərimin arasında oluram. Bir az əvvəl siz zəng edəndə şəhid ailələri ilə görüşürdüm, üzrlü sayın. Sizin maraqlandığınız məsələ ilə bağlı deyə bilərəm ki, bəli, o işçilər işdən çıxarılıb. Mən şikayətçilərlə görüşmüşəm. Onların müraciətlərini lazımı ünvanlara göndərmişəm. Problemlə yaxından maraqlanıram və diqqətimdədir. Siz də bu barədə çox düzgün olaraq yazmaq istəyirsiniz və yazın...”. //tezadlar.az//