"İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
"Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq", - Prezident vurğulayıb.