Axtarış...

Həbsdəki icra başçılarının koronavirus müəmması - Virus onları azadlığa aparır, yoxsa...

Həbsdəki icra başçılarının koronavirus müəmması - Virus onları azadlığa aparır, yoxsa...

2005-2019-cu illərdə deputat olmuş Rəfael Cəbrayılov sentyabrın 29-da həbsdə vəfat edib. Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rəfael Cəbrayılovun işi üzrə növbəti məhkəmə iclası keçirilməli idi. Lakin məhkəməyə məlumat daxil olub ki, təqsirləndirilən şəxs koronavirusdan vəfat edib.

Rəfael Cəbrayılovun bir neçə gün əvvəl COVID-19-a yoluxduğu, bu səbəbdən Müalicə Müəssisəsinə köçürüldüyü, sentyabrın 29-da axşam saatlarında elə orada öldüyü bildirilir.

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2019-cu ildə Rəfael Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum olunması üçün parlamentə müraciət etdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxardı.

Deputat Rəfael Cəbrayılovdan bir neçə gün əvvəl Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev cəzaçəkmə yerində dünyasını dəyişib. Məlum olub ki, o, COVİD-19 virusuna yoluxubmuş. 2021-ci il avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 9 il müddətində azadlıqdan məhrum edilmişdi.

Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirusa infeksiyasına yoluxan Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır. M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Hazırda həbsdə olan İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin də həbsxanada koronavirusa yoluxması xəbəri yayılıb. Sabiq icra başçısının COVID-19 xəstəliyi ilə bağlı verdiyi analizin cavabı pozitiv çıxıb və o, Ədliyyə Nazirliyinin ixtisaslaşmış Müalicə Müəssisəsinə köçürülüb. Vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, sentyabrın 15-də Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov xəstəliyi ilə əlaqədar azadlığa buraxılıb. Hər kəsdən təcrid olunan icra başçıları COVID-19-a necə yoluxurlar? Və necə olur ki, hazırda müalicə prosesində olan başçılar demək olar ki, eyni vaxtda xəstələnir? İşin daha bir müəmmalı tərəfi odur ki, xüsusi diqqət mərkəzində olan bu şəxslərin vəziyyətləri niyə bu qədər kəskin pisləşib? Onlar niyə xəstəliyin ən şiddətlənən vaxtında xəstəxanaya yerləşdirilir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, infeksiyaya yoluxan sadəcə icra başçıları, deputatlar deyil: “Azərbaycanda cəzaçəkmə yerlərində sıxlıq var. Yəni məhkumları sayı cəzaçəkmə yerlərinin tutumundan artıqdır. Bu baxımından qapalı yerdə saxlanılan, hərəkəti məhdudlaşdırılmış şəxsi infeksiyaya yoluxması təbii qarşılanmalıdır. Deputatlar, icra başçıları mənfi və ya müsbət mənada tanınan şəxslər olduqlarından onların barəsindəki xəbərlə tez bir zamanda geniş ictimaiyyətə yayılır. Belə deyək, həmin o deputat, icra başçısı ilə eyni gündə qandallanıb cəzaçəkmə yerinə göndərilən vətəndaşın cəzaçəkmə yerində, təcridxanada COVİD-19-a yoluxub sonradan dünyasını dəyişməsi kimsəyə maraqlı deyil. Bu ölüm haqda xəbər də 3-5 nəfərdən artıq şəxsə çatmır”.

Hüquqşünas deyir ki, Azərbaycanda cəzaçəkmə yerlərində durumu dəyişmək üçün təcili addımlar atılmalıdır: “Cəzasının bitməsinə 1 il, il yarım qalmış, yaşlı, xəstə məhkumları azad etməklə durumu bir qədər dəyişmək olar. Cəzaçəkmə yerlərində dezinfeksiya işlərini bir qədər də gücləndirmək, personalın peyvəndlənməsi işini ən ciddi şəkildə aparılmalıdır. Həbsə alınanların peyvəndlənməsi işi də təşkil olunmalıdır. Şikayəti olanlar dərhal nəzarətə götürülüb lazımi tədbirlər görülməli, istisnasız xəstəxanaya göndərilməklə müalicə aparılmalıdır”.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz