Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) bağlı qərarı bu gün qüvvəyə minib.
“Yeni Sabah” xəbər verir ki, artıq bu haqda qərar rəsmi qəzetlərdə dərc olunub. Bu gündən onun deputat toxunulmazlığı da götürülmüş hesab edilir.
Bu arada qeyd edək ki, Rafael Cəbrayılovun mandatdan imtina etməsi barədə Milli Məclisə müraciətindən sonra onun cinayət məsuliyyətinə cəlb oluna biləcəyi haqqında ehtimallar səsləndirilməyə başlanıb. Baş prokuror Zakir Qaralovun bu məsələ barədə jurnalistlərə açıqlaması isə ehtimalları bir qədər də möhkəmləndirib.
Zakir Qaralov demişdi ki, əgər məhkəmə baxışında Rafael Cəbrayılov tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərarda çıxarıb, prokurorluğa göndəriləcək. “Bundan sonra biz həmin araşdırmaları aparacağıq”, - deyə Baş prokuror əlavə etmişdi.
Tanınmış vəkil İradə Cavadova Yenisabah.az bildirib ki, Rafael Cəbrayılovun əməli cinayət məsuliyyəti yaradır. “Burada, Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilən dələduzluq əməli var. Çünki zərərçəkənlər deyir ki, pul ona borc kimi deyil, mənzil almaq üçün verilib. Lakin 5 il müddətində nə mənzili, nə də verdikləri pulu ala biliblər. Bu artıq dələduzluqdur. Tikinti sektorunda belə hallar çoxdur və hüquq-mühafizə orqanları buna qarşı mübarizə aparır. Hətta buna görə həbs olunan iş adamları var”,- deyə İradə Cavadova vurğulayıb.
Vəkil qeyd edib ki, bu məsələyə mülki qaydada baxılması və Rafael Cəbrayılovun vətəndaşlardan külli miqdarda pul alması məhkəmə qətnaməsi ilə təsdiqlənib: “Bu qətnamə pulun qaytarılması barədədir. İşə mülki qaydada baxılması o demək deyil ki, növbəti mərhələdə cinayət işi başlanmaya bilər. Xeyr. Əslində, həmin qətnamə cinayət işi başlanması üçün ciddi əsasdır”.
İradə Cavadovanın sözlərinə görə, Rafael Cəbrayılovun pulu qaytaracağını bəyan etməsi də onu cinayət məsuliyyətində azad etmir. “Rafael Cəbrayılovun əməli ağır cinayətdir. Burada külli miqdardan, təkrarçılıqdan söhbət gedir. Əgər bu məsələ ədalətlə araşdırılacaqsa, o zaman Rafael Cəbrayılov 178-ci maddənin məhz ağır hissəsi ilə təqsirləndirilməlidir. Onun pulu qaytarması isə yüngülləşdirici hal kimi qiymətləndirilə və cəzası azaldıla bilər”, -deyə vəkil bildirib.
Rafael Cəbrayılov bir neçə vətəndaşdan külli miqdarda pul alıb. Zərəçəkənlər deyir ki, pul faktiki olaraq ona məxsus tikinti şirkətindən mənzil alınması üçün verilib. Lakin sonradan zərərçəkınlər aldadıldıqlarını anlayıb məhkəməyə müraciət ediblər.
Rafael Cəbrayılov pulu qaytaracağına zəmanət kimi isə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyub.
Yeri gəlmişkən, Rafael Cəbrayılov mətbuat konfransında həmin deputat vəsiqələrini nümayiş etdirərək girov məsələsinin yalan olduğunu iddia edib. Məhkəmə qətnaməsində onun deputat vəsiqələrinin girov qoyması faktının əks olunması Rafael Cəbrayılovun bu məsələdə səmimi olmadığını göstərir.
DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, artıq keçmiş deputat Rafael Cəbrayılovun həbsinə tədarük gedir. Bununla bağlı danışan mənbə bildirir: "İndi hazırlıq mərhələsidir və gələn həftə sabiq millət vəkili prokurorluğa dəvət olunacaq və ola bilsin ki, oradan da birbaşa həbsə göndərilsin".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...