Axtarış...

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN “TENDER KRALI”na 3 MİLYON - Nazirlik “köhnə ənənələri” saxlayır...


MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN “TENDER KRALI”na 3 MİLYON - Nazirlik “köhnə ənənələri” saxlayır...

Əbülfəs Qarayevin nazir vəzifəsindən azad edilməsinin və Mədəniyyət Nazirliyinin bir neçə yüksək vəzifəli şəxsinin həbsi səbəblərindən biri də nazirlik tərəfindən dövlət satınalmaları və tenderlərdə yol verilmiş saxtakarlıq və korrupsiya faktları idi. Həmin vaxt vəzifəli şəxslərlə birgə, nazirlik rəsmilərilə “əməkdaşlığa” gedən şirkət rəhbərləri də diqqət mərkəzinə gəlmişdilər...

Sözügedən nazirlikdə məlum dəyişikliklər baş versə də, qurumun əməkdaşlıq etdiyi şirkətlər demək olar ki, dəyişməyib.

“AzPolitika.info” Dövlət satınalamalarının vahid internet portalına istinadla xəbər verir ki, Mədəniyyət Nazirliyi mədəniyyət müəssisələrinin 2021-ci ildə cari və əsaslı təmiri üzrə iki, struktur qurumlarına 2021-ci ildə maşın və avadanlıqların satın alınması üzrə isə bir tenderin qalibini elan edib.

Beləliklə, təmirlə bağlı üst-üstə cəmi 3 milyon manatlıq tenderləri “VEST-LTD” QSC, maşın və avadanlıqların alınması üzrə təxminən 1.3 milyon manatlıq tenderi isə “Stone Construction” MMC qazanıb.

Maraqlıdır ki, hər iki şirkət artıq bir neçə ildir ki, nazirliyin keçirdiyi tenderlərin daimi qalibləri sırasındadır. Mətbuatda bu şirkətlərlə bağlı müxtəlif səpkili məlumatlara rast gəlinir.

Məsələn, “VEST-LTD” QSC-nin təkcə 2020-ci ildə 22(!) böyük tenderin qalibi olduğu qeyd edilir. Bu, bir aya iki tender deməkdir. Ən azı fiziki cəhətdən bu işləri yerinə yetirmək fantastik görünür və bu səbəbdən mətbuat səhifələrində sözügüdən şirkətin müxtəlif maxinasiyaları barədə iddialar yer alır.

Məsələn, qeyd olunur ki, həmin 22 tenderlə bağlı satınalmaları həyata keçirən orqanlar əsasən icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin qurumları olub. Həmçinin, şirkət ötən ilin noyabrında Dövlət Turizm Agentliyinin 3.3 milyon manatlıq tenderini qazanıb.

2010-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 2050 manat olan “Vest -LTD” MMC-nin qanuni təmsilçisi Şahin Verdəliyev olsa da, mətbuatda şirkətin əsl sahibinin Bakı Şəhər İcra Hakimiyyətində “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyev olduğu iddia edilir.

O da maraqlıdır ki, çoxsaylı və milyonluq tenderləri qazanan şirkətin nə saytına, nə də sosial şəbəkələrdə səhifəsinə rast gəlinmir. İddia olunur ki, bu şəxs tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz edir. Bu sahədə onun ən məhşur şirkətlərindən biri 28.03.2019 – 24.10.2019 dövründə(179 gündə) 234 müsabiqənin qalibi olan və ümumilikdə 73 milyon manatlıq satınalmalara sahiblənən “İnpeks.N” şirkəti sayılır...

Ölkə başçısı da dəfələrlə tenderlərlə bağlı yol verilən korupsiya hallarını tənqid edib. Lakin göründüyü kimi, nazirlər, icra başçıları, komitə rəhbərləri və s. dəyişsə də , “tender kralları” dəyişmir və öz işlərinin başındadırlar...

“AzPolitika.info”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz