"249 saylı məktəbə yeni direktor təyin olunub. Azərbaycan dilində konkret olaraq danışa bilmir, adamın diqqəti ancaq onun aksentində qalır. Səhər dərslərin açılışı üçün etdiyi çıxışını üzdən Elmar Məmmədyarovsayağı hıqqana-hıqqana zülmlə oxudu..."
Bunları jurnalist Vüsalə Rüstəmova sosial şəbəkədəki hesabında yazıb.
Jurnalistin qeydləri əslində orta məktəblərdə direktor təyinatları ilə bağlı neqativ tendensiyanın davam etməsindən xəbər verir. Problemlərin əhatə dairəsi kifayət qədər genişdir: direktorlarla məktəb kollektivləri arasında münaqişələr, valideynlərin qanunsuz tələblərdən şikayətləri, həmçinin direktor seçimlərindəki qeyri-şəffaflıq, rüşvət, tapşırıq, qohumluq kimi hallar və sairə. Əlbəttə, bura jurnalistin qeyd etdiyi kimi, Azərbaycan dilini bilməyən şəxslərin belə məktəb rəhbərliyinə gətirilməsi, onların pedaqoji iş təcrübəsi və s. məlumatların ictimaiyyətə açıqlanmaması kimi neqativ amillər də daxildir.
Bakı Şəhər Təhsil İdarəsinin yaydığı məlumata görə, ötən ilin iyul ayında 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. İnformasiyada qeyd olunur ki, həmin direktorlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar işdən çıxarılıb. Bunlar 19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblərdir. Mövcud qaydalara görə, məktəb direktorları Təhsil Nazirliyinin keçirdiyi müsabiqənin nəticələrinə əsasən işə qəbul edilirlər. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Namizədlər hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayonun (şəhərin) tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 4 vakant yer seçə bilərlər. Müsabiqənin test imtahanı mərhələsində namizədlərə əmək, təhsil qanunvericiliyi və məntiq əhatə olunmaqla, 90 dəqiqə ərzində 60 test tapşırığı təqdim olunur. Müsahibə mərhələsində isə namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Sonda vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.
İlk baxışdan direktorların seçimi prosesi şəffaf kimi görünsə də, təəssüf ki, bu, bir çox hallarda belə deyil və xüsusən də Bakı şəhəri üzrə orta məktəblərdə direktor təyinatlarında “köhnə ənənələr”in davam etdiyi barədə çoxsaylı məlumatlart var. Belə ki, seçim prosesində yenə də tapşırıq, tanışlıq, qohumluq və bəzən də hətta rüşvət kimi hallar önə çıxır, təhsil sektorunda yüksək vəzifə tutan məmurların irəli sürdüyü namizədlər müsabiqə mərhələrini asanlıqla keçir, layiqli namizədlər isə kənarda qalır. Bu zaman kadrların direktor vəzifəsinə, pedeqoji işə yararlılığı, kollektivi idarə etmək bacarığı və s. lazımi keyfiyyətlərinin olub-olmamasına o qədər də önəm verilmir. Bu da nəticə etibarı ilə orta məktəbdə təhsil mühitinin pozulmasına gətirib çıxaran intriqalara və narazlılıqlara rəvac verir.
Direktor seçimlərindəki bir başqa çatışmazlıq isə təyinat alanların siyahısının və onların tərcümeyi-hallarının cəmiyyətə açıqlanmamasıdır. Təhsil Nazirliyinin rəsmi saytında bu barədə heç bir məlumat verilmir. Halbuki, yeni təyinat alan şəxslərlə bağlı məlumatların açıqlanması prosesin şəffaflığına xidmət edə bilərdi.
"AzPolitika.info"