“İndiyədək 9 228 qazi ilə görüş keçirilib. Onlardan 4785 nəfəri işlə təmin edilib, 2960 nəfər isə təklif olunan işdən imtina edib”.
Bu, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətindən bildirilib. Vətən uğrunda savaşlarda iştirak edib, sağlamlıqlarını itirən vətəndaşlarımızın təklif olunan işlərdən imtina etməsinin səbəbi nədir? Onlara hansı işlər və nə qədər əmək haqqı təklif olunub?
Cebhe.info-nun suallarını cavablandıran Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qazilərin işdən imtina etməsinin səbəblərini açıqlayıb:
“Hər kəsin öz ixtisasına, peşəsinə və bacarığına uyğun olaraq, layiqli məşğulluğu təmin olunmalıdır. Qazilərə təklif olunan işlər müxtəlif səbəblərdən qeyri-münasib ola bilər. Məsələn, iş yerinin uzaq olması, əmək haqqının aşağı olması, təklif olunan işin uyğun olmaması, həmin şəxsin təhsilinə nisbətən daha aşıağı olması və s.”
Liqa rəhbəri qazilərə uyğun işlərin təklif olunmadığını deyib: “Qazilərin onlara təklif olunan işdən imtina etməsi o demək deyil ki, onlar işləmək istəmirlər. Bu, o deməkdir ki, sadəcə, onlara uyğun iş təklif olunmayıb”.
DİA.AZ xatırladır ki, davamlı olaraq şikayət edən Qarabağ Qaziləri də məhz uyğun olmayan iş təkliflərindən giley edirlər. Yəni nazirliyin özünəuyğun hesabat düzəltməkliyi nəyisə dəyişmir... Xüsusən də ortadakı problemi həll etmir...