Göygöl rayonunun Kərəmli kənd sakinləri Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyevlə vətəndaş Kamil Zeynalov arasında davam edən insidentə münasibət bildiriblər. "Demokratik.Az"-ın məlumatına görə, kənddə xoşagəlməz hadisələrin olmasını istəməyən insanlar məmurla şikayətçi həmkəndliləri arasında barışın tərəfdarıdırlar.
Kənd sakinlərinin danışdıqlarından və dediklərindən aydın olur ki, tərəflər arasındakı dava-dalaşda, konfliktin meydana çıxmasında Kamil Zeynalovun da nöqsanları var. Hətta, bir çoxları İqbal Əliyevdən daha çox onun barəsində şikayətlər edən Zeynalovu ittiham edir.
Xatırladaq ki, ötən həftə saytımızda Kamil Zeynalovun məmur İqbal Əliyevin təşkilatçılığı ilə 30-a yaxın qadın tərəfindən öz evində döyülməsi barədə informasiya yayılıb. Lakin, kənd sakinləri hadisə nəticəsində Kamil Zeynalovun qadınlar tərəfindən döyülmədiyini, əksinə qarşı tərəfin zərər gördüyünü və insidentin əsasən tərəflər arasında söz davasından ibarət olduğunu qeyd edirlər.
Bundan başqa, Kamil Zeynalov bir müddətdir ki, qonşusu İqbal Əliyevin fəaliyyətini sərt tənqid edir, onu milyonçu, korrupsioner və rüşvətxor adlandıraraq ölkənin rəsmi qurumları qarşısında məsələlər qaldıraraq çoxsaylı ittihamlar səsləndirir. "ÜmidTV"-nin əməkdaşı Əkbər Sadıyev dünən kənddə olarkən mövzunu dəqiqləşdirmək üçün müraciət etdiyi bir neçə şəxs danışsa da, bir çoxu kamera qarşısında çıxış etməkdən də imtina ediblər. Kənd sakinlərindən bir çoxu Kamil Zeynalovun barəsində xoşagəlməz fikirlər bildirərək bir sıra məsələlərdə məhz onu ittiham ediblər.
Müstəqil mətbuat orqanı olaraq sözügedən şəxslər arasında yaşanan qalmaqalda tərəf olmadığımızı diqqətə çatdırır, eləcə də kənd sakinlərinin çoxsaylı müraciətlərini və təkidini nəzərə alaraq onların da səsləndirdikləri fikirləri ictimailəşdirməyi məqbul hesab edirik.
Biz də inanırıq ki, hüquq mühafizə orqanları vətəndaş Kamil Zeynalovun kənd sakini olan məmur İqbal Əliyev barədə olan şikayətlərini obyektiv şəkildə araşdıracaq. Və arzu edərdik ki, tezliklə tərəflər arasında barışa nail olunsun, 80-ə yaxın ailənin yaşadığı Kərəmli kəndində həmişə sülh və əmin-amanlıq hökm sürsün.
Redaksiyamıza kənd sakinlərinin çıxışı və mövqeyi kimi təqdim olunan videomaterialı təqdim edirik: