Sentyabr ayının yaxınlaşmasına baxmayaraq, hələ də 2021/2022-ci tədris ilinin nə vaxt və hansı qaydada təşkil ediləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.
Bununla bağlı müvafiq qurumlar heç bir məlumat açıqlamasa da, dərslərin ənənəvi qaydada keçilməsi üçün vaksinasiya prosesinin sürətləndirilməsinin əsas prioritet olduğunu bildirir.
Nazirlər Kabienti yanında Operativ Qərargahın «Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında da ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərə COVID-19 pasportunun olması tələbi qoyulub. Bu tələblərin qoyulması həm də ənənəvi təhsilə qayıdışa hazırlıq xarakteri daşıyır. Bununla belə, ənənəvi təhsilin sentyabrın 15-dən deyil, oktyabrın 1-dən başlanması da mümkün görünür.
Bunun həmin dövrə qədər peyvəndləmə prosesini yekunlaşdırmaq üçün zaman qazanmağa xidmət etdiyi bildirilir. Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsi araşdırılır. Fakt odur ki, bu gün nə dərslərin başlanma tarixi, nə də hansı sistem əsasında keçiriləcəyi məlumdur. Maraq doğuran həm də odur ki, dərslərin canlı keçirilməsi ilə bağlı qərar ani verilsə, bölgələrdən Bakıya gələn tələbələr harada yaşayacaqlar? Bu gün ali təhsil müəssisələrinin yataqxanaları bu tələbatı ödəmək imkanında deyil.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, ölkədə tələbə yataqxanalarının olmaması onları problemlə üz-üzə qoyur:
“Ötən il dərslər onlayn keçirildi və bu il Operativ Qərargah məlumat verdi ki, dərslər başlayacaq, ancaq daha dəqiq məlumat sentyabr ayında deyiləcək. Normal şərtlərdə tələbələr avqust ayının sonunda gəlib kirayə ev tuturdular. Evi məşğul edirlər ki, sentyabrdan o evdə yaşacaqlar və ona pul ödəyirdilər. Əsas ali təhsil müəssisələrinin yerləşdiyi ərazilər Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının ətrafıdır ki, burada əvvəllər ucuz evlər var idi. Sonra “Sovetski”adlanan ərazinin böyük bir hissəsi, eləcə də digər ərazilər söküldü. Həmçinin köhnə tikili beşmərtəbəli evlər var idi ki, kirayə evlərin qiyməti yeni tikililərə baxanda ucuz, yəni 250-300 manat idi. Hazırda tələbələr və onların valideynləri çox çıxılmaz vəzuyyətdə qalıblar. Onlar bilmək istəyirlər ki, dərslər əyani başalayacaq, ya yox.
Artıq bir çox tələbələr var ki, gəlib evlərin pulunu belə veriblər ki, ola bilsin, dərs başlasın. Əksər tələbələr dərslərlə bağlı Operativ Qərargahın qərarını gözləyir. Sentyabr ayında dərslərin başlanmasına 3-5 gün qalmış məlumat verilsə ki, onlayn yox, əyani olacaq, b,u tələbələr üçün böyük problem olacaq. Çünki şəhərə gələn tələbələrin sayı 10 minlərlədir və onlar Bakıda kirayədə yaşayırlar. Bu gün paytaxtda ucuz kirayə mənzillər məhdud saydadır”.
Ekspert deyib ki, pandemiya ilə bağlı qadağalar aradan götürüldükdən sonra bölgələrdən yenə vətəndaşlar paytaxta üz tutdular:
“İstismar müddəti bitirmiş binaların yerində yeni binalar tikilib və oradakı kirayə mənzillər də bazardan çıxır. Orada yaşayan insanlar da bina tikilib qurtarana qədər yaxın ərazidə kirayə ev götürürlər və kirayə evlərdə qıtlıq yaranır. Müvafiq qurumlar bilməlidir ki, dərslər başlayanda, tələbə şəhərə gələndə, yalnız özü gəlmir, əşyalarını da gətirir. Məsələnin digər tərəfi isə odur ki, tələbə gəlib ev tutsa, sonra yenə dərslər onlayn keçirilsə, necə olacaq?
Tələbənin ev üçün ödədiyi pul, gəlib-qayıtmaq üçün yol xərci, bunlar hamısı problem olacaq. Digər tərəfdən, tələbələrə evini verənlər də dərslər dayanarsa, müştəri qıtlığı ilə üzləşəcəklər. Yəni bu problem kökündən həll olunmalı, konkret dərslərin əyani olub-olmayacağı ilə bağlı qısa zamanda məlumat verməlidirlər. Ev sahibləri də gözləntidədirlər ki, bu gün evi tələbəyə versə və o tələbə sabah çıxıb rayona getsə, evi boş qalacaq. Ancaq ailəyə kirayə verdikdə bilirlər ki, uzun müddət qalacaq. Məhz bu baxımdan bir çox ev sahibləri tələbəyə ev vermək istəmirlər. Eləcə də daha çox qız övladları olan valideynlər gərgin vəziyyətdədir ki, birdən dərslər başlasa, onu hara yerləşdirəcək. Məcburdurlar bahalı, yaxud uzaq məsafədə ev tutsunlar ki, bu zaman tələbə gün ərzində 2-3 saat vaxtını yola sərf etməlidir. Bu baxımdan tələbələr çox ciddi bir problemlə üzləşəcəklər”.