Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" mayın 26-da imzaladığı 151 nömrəli qərara əsasən, sabahdan etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur. Azərbaycanda koronavirus əleyhinə vaksinasiya könüllü olsa da NK-nın COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi insanları vaksin olunmağa məcbur edib. Bəs görəsən, bu qərar işləyən insanlara necə təsir edəcək? Sputnik Azərbaycan bu qərarın əmək qanunvericiliyinə təsirini araşdırıb.
Mütləq siyahı lazımdır
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi bütün iş yerlərinə şamil edilə bilməz. S.Məmmədov deyir ki, buna görə də Nazirlər Kabineti mütləq COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi olan müəssisələrin siyahısını açıqlamalıdır:
"NK siyahı dərc etməlidir ki, hansı müəssisələrdə ən azı 80 faiz işçinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olmalıdır. Mənim fikrimcə, bu tələb bütün iş yerlərinə qoyula bilməz. COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi xidmət sahələrinə, iaşə obyektlərinə qoyula bilər. Hansı ki, həmin yerlərdə insanların yoluxma riski böyükdür. Bu qərar heç bir halda bütün iş yerlərinə aid ola bilməz".
S.Məmmədov deyir ki, Nazirlər Kabinetinin son qərarı insanların hüquqlarını məhdudlaşdırır: "Amma bu, əsaslarla məhdudlaşdırmadır. Bizim Konstitutsiyamıza və tərəfdar çıxdığımız beynəlxalq normalara görə, insan hüquqları müəyyən hallarda məhdudlaşdırıla bilər. O hallardan biri də əhalinin sağlamlığının müdafiəsi və epidemiyaların yayılmasının qarşısının alınması tədbirləri ola bilər. Bu hallarda insanlara hərəkət və digər məhdudiyyətlər qoyula bilər. Bu zəruri tədbir hesab olunur".
Ekspert deyir ki, sadəcə bunu ağlabatan formada etmək lazımdır ki, insanlar əziyyət çəkməsinlər. S.Məmmədov deyir ki, iş yerləri üçün COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi ilə bağlı qərarın ani açıqlanması və işçilərin vaksinasiyası üçün çox az müddətin qoyulması insanlar arasında narahatlıq yaradıb: "Nazirlər Kabineti COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi ilə bağlı qərarını yeni açıqlayıb. İnsanların isə vaksin olunması üçün ən azı bir ay vaxt lazımdır. Çünki vaksinasiya iki mərhələli aparılır. Bu barədə əhalinin bir ay əvvəldən məlumatlandırılması daha yaxşı olardı. Əgər bu edilməyibsə, iş yerlərinə işçilərin vaksinasiyası üçün müddət verilməlidir. Dünən qərar verib, bir neçə gün sonra 80 faiz işçiyə peyvənd tələbi düzgün deyil".
Könüllü, yoxsa məcburi?
S.Məmmədov bildirir ki, Nazirlər Kabinetinin mövcud qərarı ümumilikdə vaksinasiyanın könüllülük prinsipini pozmur: "Düzdür, NK-nın bu qərarından sonra vaksinin könüllü və məcburi olması fikri səslənir. Amma bu hamıya aid deyil. Ancaq xidmət və iaşə sahəsində çalışanlar vaksin olunmalıdırlar.
NK-nın qərarı ilə yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. Bu qərar da hamını əhatə etmir. Kim bu xidmətdən yararlanmaq istəyəcəksə, o da gedib vaksin olunacaq. Əks halda insanlar vaksin edilməyə məcbur deyillər".
S.Məmmədov bununla belə, vaksin olunmayan işçilərin işdən çıxardılması hallarına yol verilməyəcəyini söyləyir. Onun sözlərinə görə, peyvənd olunmayan insanları işdən çıxartmaq yox, işçini müvəqqəti kənarlaşdırmaq olar: "Nazirlər Kabinetinin də qərarında göstərilir ki, iş yerlərində işçilərin 80 faizi peyvənd olunmalıdır. Əgər işçinin vaksinə qarşı allergiyası varsa, o, peyvənd olunmaya bilər. Bununla bağlı müvafiq tibbi sənədin təqdim edilməsi kifayətdir. Elə 20 faiz vaksinasiyadan kənar məhz peyvəndə tibbi göstərişi olmayanlara aiddir", - deyə S.Məmmədov bildirir.
İşdən çıxarılma ilə bağlı maddə
Hüquqşünas Vüqar Səfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin son qərarı vaksinasiyanın könüllülük prinsipini pozur. Bununla belə hüquqşünas deyir ki, bu, əhalinin sağlamlığının qorunması baxımından atılan addım olduğundan anlayışla qarşılanmalıdır: "Xidmət sahələrində insanların koronavirusa yoluxma təhlükəsi çox olduğundan bu qərar verilib. Amma ayrı-ayrılıqda bu qərarlar bir-biri ilə ziddiyyət təşkil edir. Çünki ölkəmizdə koronavirus əleyhinə peyvəndləmə könüllüdür".
Hüquqşünas deyir ki, peyvənddən imtina edənlərin işdən çıxardılmasına isə heç bir halda yol verilə bilməz. Onun sözlərinə görə, çünki Əmək Məcəlləsində bununla bağlı maddə yoxdur.