Axtarış...

“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi: Cəhənnəmin yerdəki filialı... - NARAZILIQ!


“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi: Cəhənnəmin yerdəki filialı... - NARAZILIQ!

Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz.
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev.
Azərbaycan dövləti tərəfindən “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinə verilən on dörd günlük göndərişi müsbət dəyərləndirsəm də, 05-15. 08. 2021-ci il tarixində burda keçirdiyim günləri ömrümün əm iztirablı, ən çətin, ən xoşagəlməz anları hesab etməkdə haqlıyam. Bunun doğruluğunu aşağıda Siz oxuculara təqdim edəcəyim analitik hesabatda isbat etməyə çalışacam.
1.Təqribən XX əsrin 80-ci ilərində inşa olunan binanın otaqları həmin dövrdən qalma köhnə və salxah mebellərlə təchiz olunubdur. Otaqların təmirsiz və bərbad halda olması dedeklərimin təsdiqi kimi qəbul oluna bilər. Yataq çarpayılarındakı matrasların yayları öz keyfiyyətini çoxdan itirdikləri üçün rahat yatmaq arzusundan yan keçməli olursan. O ki, qaldı yataq dəyişəcəyinə, istər-istəməz adamı ironiya, sarkazm əhatə edir. Beləki, pambıq istehsal edən Azərbaycanda, konkrer olaraq “Möcüzəli Naftalan”da insanlara süni-sintetik yataq dəsti verilir. Sözsüz ki, o da yayın bu istisində tərləmiş bədənə plyonka kimi yapışır və nəfəs almanı çətinləşdirir. Palatadakı sanitar-qovşaqlar, sanki həbsxana kamerasını xatırladır. Ancaq qeyd etmək istəyirəm ki, həbsxana kamerasında nəfəsliklər olduğu halda burda onlar nədənsə nəzərə alınmayıbdır. Bura ƏƏSM Nazirliyi tərəfindən göndərişlə gələn insanların, demək olar ki, hamısı qazilər, əlillər və sağlamlıq məhdudiyyəti olan insanlardır. Burda olduğum müddət ərzində dəfələrlə hava çatışmazlığı ucbatından huşunu itirib yıxılan insanların canlı şahidi oldum. Əgər həmin vaxt palatada başqa insanlar yoxdursa orda, duş otağında nəyin baş verəcəyini bilməyə xüsusi istedad tələb olunmur. Unitazın düyməsini sıxmaq üçün gərək barmağını deşiyə soxasan, ya da ki, həyətdən həmin diametrə uyğun gələn ağac parçası tapıb gətirəsən. Həm gülməli, həm də acınacaqlı haldır ki, sanitar qovşaqlarda duş asmaq üçün yer yoxdur və ya o bir vintlə bağlanıbdır və suyun təzyiqindən fırlanır, odur ki, bir əlinlə daima duşu tutmalı olursan. Söhbətin bu yerində bir fakt gətirmək istəyirəm. Mənimlə 233 saylı palatada Naxçıvan MR-nın, Şahbuz rayonundan olan bir qazi qalırdı. O, İkinci Qarabağ müharibəsi iştirakçısı idi. Sol əli tamamilə fəaliyyətsiz olduğundan hər dəfə çimərkən əziyyət çəkirdi və əsəbləşirdi. Dəfələrlə sanatoriyanın rəhbərliyinə irad bildirsək də heç kimi gəlib bu adi problemi aradan qaldırmadı. Vəziyyətin ağırlığını sübut edən çoxsaylı faktlardan biri də palatalarda su içmək üçün stəkan, meyvə qoymaq üçün boşqab, hətta, salfetka, belə, yox idi.. .. Görəsən ƏƏSMN nə üçün vətəndaşları bərbad halda olan “Möcüzəli Naftalana”, cəhənnəmin filialına göndərir?
2.Həkimlər həmişə söyləyiblər ki, sağlam və keyfiyyətli qidalanma müalicə prosesinin əsas və ayrılmaz hissəsindən birini təşkil edir. Bu, nöqteyi-nəzərdən çıxış edərək “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində vətəndaşlara verilən yemək rasionu və menyu ilə tanış olmaq böyük əhəmiyyət kəsb edir:
2.1.Səhər yeməyi:
-10 qr. Palma yağı;
-15 qr. Ağ pendir;
-20 qr. Tvoroq:
-Körpə uşaq payı qədər südlü kaşa:
-Bir stəkan şirin-paket çay və qarışıq çörək, yəni axşamdan qalma və təzə;
-Həftədə bir dəfə, bir ədəd soyutma yumurta.
2.2.Nahar yeməyi:
-Yarım boşqabdan aşağı əti olmayan kələm və ya vermeşel və ya qurdlamış çir lobya supu;
-Makaron və ya düyü və ya kiflənmiş qarabaşaq üzərində mənşəyi bəlli olmayan üfunətli heyvan ətindən hazırlanmış bir çay qaşığı həcmində qiymə və ya kiçik bir parça toyuq əti;
-Bir xörək qaşığı həcmində xırda-xırda doğranmış xiyar və pomidor salatı (Şəkidə qazlara verilən xiyar-pomidoru bu cür doğrayırlar). Yayın bu zamanında, sadəcə olaraq bunu biabırçılıq adlandırmaq olar;
-Bir stəkan şirin kompot, ancaq orda hər hansı bir meyvənin olmasından danışmağa dəyməz;
-Çörək.
2.3.Şam yeməyi:
-Hindistandan gətirilmiş qara camış ətindən və ya mənşəyi bəlli olmayan, sodalı suda saxlanılan heyvan ətindən və ya toyuqdan hazırlanan sous;
-Bir xörək qaşığı həcmində xırda-xırda doğranmış xiyar və pomidor salatı;
-Bir stəkan dadı bəlli olmayan ayran;
-Çörək.
Görünür aidiyyatı qrumların, Prezident Aparatının, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, həmçinin, yerli aidiyyatı olan təşkilatların burda baş verən neqativ proseslərdən, antisanitariyadan xəbərləri yoxdur. Bu, isə “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinin direktoru Elşən Əmiraslanova və Baş həkim Püstə Əsgərəliyevaya “qanadlanmağa, uçmağa” imkan verirdi. Bax, burda deyiblər:
-“Al, nənə! Bu da sənə Yuryev günü.”
3.Biz isə “Möcüzəli Naftalanda” səyahətimizi dabam etdirək. Mənim bura gəlişim pandemiyanın günbə-gün gücləndiyi, ona yoluxanların sayının artığı bir zamana təsadüf edirdi. İlk baxışdan gördüklərim məni həyacana gətirdi. Beləki, nə Sağlamlıq Mərkəzinin işçiləri, nə də ki, 300 nəfərdən artıq müalicə alan vətəndaşların heç birinin ağız-burun nahiyəsində qoruyucu tibbi maska, hətta, girişdən əlavə başqa yerdə spirtli məhlul görmədim, sözsüz ki belə bir yerdə ara məsafəsindən danışmaq gülüş olardı. Bu, barədə direktor Elşən Əmiraslanova iradımı bildirsəm də bir nəticə hasil olmadı. Məcburiyyət qarşısında qalaraq DİN-nin 102 Xidmətinə zəng edərək məsələni olduğu kimi onların diqqətinə çatdırdım. Heç on beş dəqiqə keçməmişdir ki, zəngimə əməli reaksiya verildi və Naftalan Polisi iş başında oldu. Direktor dərhal adamlarını mərəbələrə yollayaraq hamının gizlənməsi və ya tibbi maska taxması tapşırığını verdi, ancaq onun bu istəyi alınmadı. Polis əməkdaşları da vəziyyətin nə yerdə olduğunu gördülər. İdarənin cərimə olunub və ya olunmaması haqqında məndə məlumat yoxdur. Ancaq onu deyə bilərəm ki, polis əməkdaşları getdikdən sonra vəziyyət yenə əvvəlki halını aldı. Mən orda olduğum müddətdə Naftalan polisi iki dəfə Sağlamlıq Mərkəzində olsa da əhəmiyyətli bir nəticəyə nail ola bilmədi. Çünki Elşən Əmiraslanova heç nə ilə təsir etmək mümkün deyildi. Bu cənabın kimə arxalanması, sözsüz ki, məndə bir çox suallar və şübhələr yaratdı…
4.Məlumat məqsədilə vətəndaşlara bildirmək istəyirəm ki, “Fasebook”da və İnternet səhifələrində “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi ilə bağlı yerləşdirilən informasiyaya və foto-şəkillərə aldanıb bu məkana getməsin. Çünki dövlət tərəfindən verilən sosial göndərişlərlə gələnləri məqalədə bəhs etdiyim neqativ problemlər və antisanitariya gözləyir. Bu, isə çox acınacaqlı və çox ürəkağrıdıcı haldır. Təzə korpusda yalnız öz şəxsi hesablarına putyovka alanlar yerləşdirilir.
5.Bir məqamı xüsusilə qeyd etmək istəyirəm. “Möcüzəli Naftalan”da işləyən tibb personalın hər birinə direktor tərəfindən ayda cəmisi 50 AZN əmək haqqı ödənilir. Bu, açıq-aydın Azərbaycan Konstitusiyasına və Əmək Məcəlləsinə meydan oxumaq deməkdir. Minimum əmək haqq almayan kollektivin gözü isə Sağlamlıq Mərkəzinə müalicəyə gələn vətəndaşların cibindədir. Məqsədyönlü şəkildə Baş həkim və terapevtlər tərəfindən vətəndaşlar Ultura Səs Müayinəsindən keçirilir və hər birindən 15 AZN alınır. Burda başqa ödənişli xidmətlər də var, məsələn, ozonoterapiyanın bir seansı 12 AZN, iynəbatırmanın bir seansı 6 AZN və s. Məhz, bu məntiqdən çıxış edən tibb bacıları və masajistlər bir iş günü ərzində 80-85 pasiyenti yola verirlər. Bəli, yola verirlər… Bir nəfərin 80-85 nəfərə bir iş günü ərzində xidmət göstərməsi təcrübi baxımdan mümkün deyil. Əgər bu prosedura ən azı 12 dəqiqə və ən çoxu 20 dəqiqə müəyyən olunubsa,-demək,- buna ən azı 960-1020 dəqiqə, ən çoxu 1600-1700 dəqiqə vaxt lazım gələcəkdir. Bu isə 16-17 və ya 24-25 saat mənziləsindədir. Demək, Ginnesin rekordlar kitabı öz səhifəsinə rahatca “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinin “adını yaza bilər”. Sözsüz ki bunun arxasında işçilərin və direktor Elşən Əmiraslanovun və Baş həkim Püstə Əsgərəliyevanın şəxsi maraqları dayanır. Yuxarıda gətirdiyim rəqəmləri mən havadan götürməmişəm. Həmin rəqəmləri mən tibb bacılarının və masajistlərin biri-biri ilə öyünərək səsləndirdiyi fikirlərdən əldə etmişəm.
6.Mən məqalənin ikinci bölməsində “Möcüzəli Naftalan”da istirahət edənlərə verilən keyfiyyətsiz və qeyri sağlam qida rasionu haqqında məlumat verdim. İndi isə Sağlamlıq Mərkəzinin həyətində “fəaliyyət” göstərən “Kababxana” və “Çayxana” haqqında informasiya vermək istəyirəm. Ac qalan pasientlərin bir çoxu kababın ətrinə tab gətirə bilməyib “Kababxana”ya üz tuturlar. Direktor tərəfindən məharətlə qurulan bu tələ vətəndaşların cibinə girmək üçün yaxşı vasitədir. Müalicə və istirahət zonası olmasına baxmayaraq burda müştərilərə istənilən qədər araq, pivə, hətta, tut “samoqonu” təklif olunur. Axşama kimi içkidən ayılmayan kababçı və ofisiantın üst-başından, sankin cin qorxur. Onların nazik əyri bığları, axan gözləri, səndəlləyən hərəkətləri və xalatsız geyimləri mənə Viktor Hüqonun səfillərini xatırlatdı. Tərkibinə soda qatılmış çay isə insanlara ləzzət vermək əvəzinə onları daha da, susuzlaşdırır. Birsözlə, mənşəyi bəlli olmayan ət və sodalı çay Elşən Əmiraslanovun əlavə gəlir yeri olaraq antisanitariya, infeksiya və pandemiya mənbəyi olaraq pasientlərin başının üstündə “Domokol qılıncı” kimi daima hərəkətdədir. Azyaşlı məktəblilərin çay, meyvə, bəhməz, hətta tut arağı satması diqqətimi çəkən əsas amillərdən biri oldu. Allah vətəndaşlarımızı qorusun.
7.Ümumiyyətlə, “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi deyəndə yada ilk düşən onun direktoru Elşən Əmraslanov və onun burda qurub ərsəyə gətirdiyi xəyanət və fırıldaq modeli göz önünə gəlir. Əgər siz İnternetdə bu pansionatla bağlı yerləşdirilən məlumatları gözdən keçirmiş olsanız insanı bihuş edə biləcək çoxsaylı yalanların, məsələn, kitabxananın, idman zalının, idman trenajorlarının, stolüstü oyunların və s. canlı şahidi olacaqsınız. Halbu ki, burda XX əsrin 50-60-cı illərindən qalmış, Kiril əlifbası ilə yazılmış və infeksiya mənbəyi olan 35-40 tökülmüş, cırılmış kitabdan başqa heç nə görməyəcəksən. İdman zalı və idman trenajorları bir arzu olaraq xəyallarda dolanacaqdır. Həyətdəki bilyardın isə nə şarları, nə də ki, kiyi yoxdur. O ki, qaldı stolüstü oyunlara bunlar dincəlməyə və müalicəyə gələnlərin hər birinin şəxsi əmlakıdır. Burdan, belə bir nəticəyə gəlmək olar ki, Elşən Əmiraslanov həqiqətən “böyük iqtisaddçı”dır.
8.Söhbətin bu yerində ƏƏSM Nazirliyinə müraciət edərək soruşmaq istəyirəm: Hamıya yaxşı bəllidir ki, Naftalan şəhərində onlarla daha müasir, daha yaxşı, daha təminatlı onlarla Sağlamlıq Mərkəzləri mövcuddur. Nə üçün, məhz “Möcüzəli Naftalan”? Apardığım araşdırma nəticəsində bu suala da, cavab tapmağa nail olmuşam. Pansionatın yerli işçilərinin söylədiklərinə rəğmən Elşən Əmiraslanovun oğlu ƏƏSM Nazirliyində kifayət qədər yüksək vəzifədə çalışır və rəhbərliyə yaxın olan bir şəxs kimi tanınır. Bax, burda deyiblər, “Sən saydığını say, gör fələk nə sayır”. Demək, hər şey aydındır, yəni korrupsiya öz yerindədir. Aldadılan qazilərin, əlillərin, sağlamlığı məhdud insanların diqqət və qayğısına qalan Prezident, dövlət və ictimaiyyət bir qrup xəyanətkar və fırıldaqçı tərəfindən bax, bu üsulla, “məharətlə” aldadılaraq talan olunur…
9.Mən Prezident Aparatına, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə ƏƏSM Nazirliyi ilə “Möcüzəli Naftalan” arasında mövcud olan Korrupsiya faktının yerini nişan verməklə öz “qol”umu vurdum. Top indi bir az yuxarıda adlarını sadaladığım dövlət təşkilatlarının meydançasındadır. İnşallh! Gözləyək görək onların vurduqlar “qol” necə və hansı gücdə olacaqdır. İnanıram ki, effekt inandırıcı olacaqdır!!
“Fırıldaq və xəyanət namusla yaşamağa ağlı çatmyan axmaqların əməlləridir”.
Amerika Birləşmiş Ştatlarının Prezidenti.
Benjamin Franklin.
19.08.2021-ci il.
VEYDƏDDİN PİRƏLİYEV
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, yazışı-publisist. //realmedia.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz