Axtarış...

Naftalana kimi icra başçısı gətirirlər... - İDDİA



Artıq 7 aya yaxındır ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat yoxdur. Bir zamanlar keçmiş sosialist respublikaları miqyasında ən tanınmış kurort şəhərlərdən biri olan Naftalanda ən böyük rəhbər vəzifənin uzun zamandan bəri boş qalması artıq bəzi dairələri hərəkətə gətirib.
Qlobal.az-ın özəl mənbələrdən əldə etdiyi məlumatlara görə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olanacaq şəxslərin arasında daha çox üç nəfər şanslı namizəd kimi görünür.

Mahir Aslanov (millət vəkili)

Belə ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə ən şanslı namizəd 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanovun oğlu Məhəmmədəli Aslanov olduğu deyilir. Yüksək təşkilatçılıq qabiliyyətinə və idarəetmə sahəsində böyük təcrübəsi olan Məhəmmədəli Aslanovun digər üstünlüyü onun gənc və savadlı olması ilə yanaşı, həm də əhatəsində çoxsaylı sahibkarların olmasıdır. Onun Naftalan şəhərinə başçı təyin edildiyi təqdirdə şəhərə yatırılacaq sərmayələrin daha da çoxalacağı, çoxsaylı iş yerlərinin açılacağı ehtimal edilir. Onu da qeyd edək ki, Məhəmməli Aslanov hazırda Xətai rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.

Musa Musayev (sabiq millət vəkili, Naftalanın keçmiş icra başçısı)

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi ehtimal olunan şəxslərin arasında 2000-2005-ci illərdə deputat, 2006-2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Musa Musayev də var. Musa Musayevin son zamanlar sosial şəbəkələrdə fəallaşması və ölkədə gedən ictimai-siyasi məsələlərlə bağlı mətbuata açıqlamalar verməsi onun hakimiyyətin ali instansiyasına "mən də varam" deməsi kimi xarakterizə olunur. Ancaq Musa Musayevin Naftalan şəhərinə başçı göndərilməsi məsələsində şansının çox az olduğu deyilir.

Arzu Məmmədov (Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini)

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunacaq şanslı namizədlərdən biri isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədovdur. Hazırda başçı vəzifəsini icra edən Arzu Məmmədovun şansının həddindən artıq az olduğu deyilir. Buna səbəb isə A. Məmmədovun şəhəri planlı formada inkişaf etdirəcək potensiala sahib olmaması iddia edilir.

Xatırladaq ki, Naftalan şəhərində hazırda "Mil", "Azərbaycan", "Şirvan", "Çinar", "Gilan" sanatoriyaları və "Şəfa vannaları”, "Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”, "Möcüzəli Naftalan”, "Sehirli Naftalan”, "Qaşaltı” və "Chinar hotel & spa Naftalan” istirahət və sağlamlıq mərkəziləri fəaliyyət göstərir. Rəsmi statiskaya görə 9363 nəfər əhalisi olan şəhərdə 511 nəfər işsiz Dövlət Məşğulluq Mərkəzində qeydiyyata alınıb. Bu şəxslərdən 200 nəfərdən artığının qeyri-daimi işlə təmin olunduğu deyilir.
Qlobal.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz