Bir müddət öncə mediada yayılan məlumatlara görə, Şəmkir Rayonu 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində korrupsiya şəbəkəsinə Vüqar Muradov və mərkəzin aparıcı məsləhətçisi Arzu Əmiraslanov başçılıq edir.
Əvvəllər mərkəzin rəisi vəzifəsində çalışan Arzu Əmiraslanov hal hazırda aparıcı məsləhətçi kimi fəaliyyətini davam etdirir. Hər iki vəzifədə çalışdığı müddətdə onun haqqında geniş korrupsiya faktları sosial şəbəkələrdə və ictimayyətdə geniş müzakirəyə səbəb olmuşdur.
Mediada yayılan məlumatlarda qeyd edilirdi ki, A.Əmiraslanovun əl atdığı korrupsiya faktlarının siyahısında ümumtəhsil məktəblərində saxta ştatların açılması, MiQ-də iştirak etməyən şəxslərin rüşvətlə işə qəbulu, 65 yaşı tamam olan direktorların qanunsuz olaraq müqavilələrinin uzadilması və direktor yerlərinin vakansiyadan gizədilməsi, saxta diplomu olan şəxslərin müəllim kimi fəaliyyətləri, qeyri ixtisas təhsilli və diplomsuz şəxslərin psixoloq kimi qanunsuz fəaliyyətləri, ümümtəhsil məktəblərinin lazımi inventarlarla təmin edilməməsi, MiQ-lə göndərən müəllimlərə saxta H 1 və H 2 kompensasiyasının ödənilməsi, məktəblərdə otaq və heç bir avadanlıq olmadan qanunsuz laboratoriya ştatlarının verilməsi, xəstə uşaqların sənədlərini saxtalaşdıraraq qanunsuz olaraq evdətəhsilə cəlb edilmələri, məktəblərdə dərnək və əlavə məşğələlərin keçirilmədiyi halda ayrılan pulların mənimsənilməsi, saxta dərs bölgüləri, ümumtəhsil məktəblərində yanacaq üçün ayrılan pulların mənimsənilməsi, pandemiya və kəskin karantin dövründə 2019-cu ilin may, iyun aylarında və 56 günlük yay məzuniyyətindən qanunsuz olaraq "Qırmızı Aypara" cəmiyyətinin adına müəllim və texniki işçilərdən tutulmuş məbləğlər və s. daxildir.
Yayılan məlumatlarda oda qeyd edilir ki, Arzu Əmiraslanov "Qırmızı Aypara" cəmiyyəti adından hər ay qanunsuz yerə pul toplayaraq mənimsəyir.
Bundan başqa, 2019-cu ildə Şəmkir, Gədəbəy, Daşkəsən rayonlarında orta məktəblərin qızdırılması üçün iki ay ərzində 10 milyondan çox vəsaitin ayrılması analoqu olmayan bir korrupsiya halıdır. Bunu görmək üçün nə iqtisadçı, nə də hüquqşünas olmağa ehtiyac yoxdur.
Keçirilmiş tenderlərə nəzər salsaq kifayət edər
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 2019-cu ildə odun yanacağının alınması üzrə 04.04 2019 cu il tarıxdə elan edilmiş 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tenderin zərflərin açılışı 30 bank günündən sonra nəzərdə tutulub. Elanda iddiaçıların təkliflərinin açılışı 02.05.2019 -cu il tarixində Şəmkir şəhəri Nizami küşəsi 71 ünvanında aparılacağı bildirilir. Lakin sözügedən tendirin qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə məlumatlar nədənsə elan olunmayıb və yaxud da gizlədilib.
Sual olunur, niyə?
Bundan cəmi iki ay sonra 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2019- cu ildə alınacaq odunun satınalması üzrə 01.06. 2019-cu ildə elan etdiyi tender də 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olub. Bu tenderin də elanında iddiaçılara təkliflərinin açılışı 19.07.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küçəsi 71 ünvanında aparılacağı bildirilib və qeyd olunub ki, açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.Bu tenderin də açılışı, qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə barədə heç bir yerdə məlumat yerləşdirilməyib.Yenə sual olunur,niyə?
Niyəsini elə həmin qurumun elan etdiyi başqa,nisbətən ucuz bir tender elanından görəcəksiniz. Belə ki, dəyəri 3 milyon ABŞ dollarının manatla ekvivalentindən çox,yuxarıda qeyd etdiyimiz tarixlərdə elan olunmuş tenderlərdən fərqli olaraq mərkəz tərəfindən 02.08. 2019 cu il tarixdə odun yanacağının satınalması üzrə keçirilmiş nisbətən ucuz tenderin qalibinin “BREERE” MMC olduğu bəlli olur. Bu tenderdə yanacağın alınmasına 198682.7 manat vəsait ayrıldığı göstərilir. Milyoluq tenderin gizlədilməsinə baxmayaraq qalibi bəlli olan tenderin keçirilməsində də şübhəli məqamlar çoxdur. Maraqlı burasıdır ki,qalib olduğu elanda MMC-nin VÖEN-i 850297151 göstərilib.
Lakin Vergilər Nazirliyində belə bir VÖEN tapılmadı. “BREERE” MMC isə Vergilər Nazirliyində başqa bir VÖEN-lə (1005989251)qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi qəsəbəsi ev 10 göstərilən MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Fərhadov Gündüz İmamverdi oğludur.
Dövlət qeydiyyatına isə 01.07.2019-cu ildə alınıb, yəni 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağı satınalmasının qalib elan etdiyi 02.08.2019-cu ildən bircə ay əvvəl. Burada tender zərflərinin elan olunduğu gündən 30 bank günü sonra açıldığını nəzərə alsaq, MMC-nin məhz bu tenderi udmaq uçün yaradıldığını görmüş olarıq.
Biz bir mətbuat orqanı olaraq bu tenderlərin keçirilməsinin pərdəarxasını Azərbaycan Respublikası Hesablama Palatası, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və nəhayət Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılmasını istərdik.
İki ay ərzində 10 milyon manatdan çox dövlət vəsaitinin odun yanacağı adı altında mənimsənilməsinə kimlər şərait yaradıb? Təhsil naziri Emin Əmrullayev, təhsil nazirliyinin başqa vəzifəli şəxsləri, yoxsa 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Vüqar Muradov?
Kimdir Vüqar Muradov?
2005-ci ildən 2018-ci ilə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışıb. Şəmkir rayon İcra Hakimiyyətinin hazırki başçısı Alimpaşa Məmmədovdan əvvəlki başçı Nazim Veyisovla daha çox işləyib. Lakin məlumatlara görə 2014-cü ildə Alimpaşa Məmmədov Şəmkirə başçı təyin edildikdən sonra onun ən yaxın adamlarından birinə çevrilib. İcra başçısının sabiq Vergilər naziri Fazil Məmmədovun kadrı olması bu gün heç kimə sirr deyil.
Alimpaşa Məmmədovun rəsmi və qeyri rəsmi göstərişlərini icra edən Vüqar Muradov 30 avqust 2018-ci il tarixdən Təhsil naziri Ceyhun Bayramovun əmri ilə 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə Vüqar Muradov rəis təyin edilib.
Fəaliyyətinin elə birinci ilində də,möhürü əlinə aldıqdan cəmi bir neçə ay sonra Vüqar Muradov külli miqdarda dövlət vəsaitinin kənarlaşdırılmasına imza atıb. Həm də nə az, nə də çox, 10 milyan manatlıq odun yanacağının satınalması üçün müqavilə bağlayıb.
Bu müqavilə kiminlə, hansı şərtlər əsasında bağlanıb, bəlli deyil. Bəlli olan odur ki, bu Vüqar Muradovun təkbaşına görə biləcəyi bir iş deyil. Bəs Vüqar Muradov kimin göstərişini həyata keçirib? Təbii ki, Təhsil nazirinin. Məktəblərə odun yanacağının satınalması üçün vəsaiti Təhsil Nazirliyindən başqa kim ayıra bilər ki?
Şəmkir Gədəbəy və Daşkəsən rayonlarında ümumilikdə fəaliyyətdə olan 203 ümumtəhsil müəssisələri var. Onu da xüsusilə vurğulamaq istərdik ki,məktəblərin böyük əksəriyyətində odun yanacağı valideynlərdən toplanan pullar hesabına alınır. Bunu rayon yerlərində, kəndlərdə ən azı bir qohumu yaşayan hər kəs bilməmiş deyil. Rayon mərkəzlərindəki orta məktəblərin bir çoxu isə qazanxana sistemi ilə təchiz edilib.
Dərslərin sentyabr ayından başlayaraq, iyun ayında qurtardığını götürdükdə və Respublikanın iqlim şəraitini nəzərə aldıqda, orta məktəblər neçə ay qızdırılır? Sentyabr, oktayabr aylarında havaların o qədər də soyuq olmadığını və bu rayonların dağlıq ərazilərdə yerləşdiyini nəzərə alsaq noyabr ayından orta məktəblər qızdırılmağa başlayır. Məktəblərin hamısı bir növbəli olduğundan günortaya qədər qızdırılır. Bu hesablama ilə sözügedən rayonların məktəblərində cəmi beş ay, noyabr-mart aylarında orta məktəblər qızdırılır.
Bu beş aya düşən şənbə, bazar günlərini və bayramları çıxsaq cəmi dörd ay olur. Şəmkir Gədəbəy və Daşkəsən rayonlarında dörd aya bir növbəli orta məktəblərin qızdırılmasına Təhsil Nazirliyi 7 saylı Ərazi maliyyə Hesablaşma Mərkəzinin ayırdığı vəsaitlər isə göz qabağındadır. Bu korrupsiya deyil,bəs nədir? Bu,həm də ölkə başçısı İlham Əliyevin təhsil sisteminin inkişaf etditilməsi ücün atdığı addımlara arxadan vurulan zərbədən başqa bir deyil.
P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Azər Mətin
MillətinSəsi.info