İranın Mazandaran əyalətinin Tonekabon şəhərində erməni işğalı altında olan Qarabağda işləmək üçün mütəxəssis axtarırlar.
Bu iddianı Caliber.az saytı irəli sürüb.
Sayt bildirir ki, həmin şəhərdə bu barədə iş elanı verilib. Elanda deyilir:
“Ermənistanın Qarabağ bölgəsində metal çərçivələrlə (armaturlarla) işləmək üçün ixtisaslı mütəxəssislər tələb olunur. İşləmək istəyənlər sağlamlıq sertifikatı təqdim etdikdən sonra şirkət bütün nəqliyyat və yaşayış xərclərini öz üzərinə götürür. Yüksək əmək haqqına zəmanət verilir ".
Reklamda əlaqə telefon nömrəsi də göstərilir.
Qarabağa qanunsuz iş miqrasiyası ilə məşğul olan İranın bu mövqeyini “Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik” kimi qiymətləndirən Caliber.az qonşu ölkədəki özəl şirkətlərin əslində dövlətlə sıx bağlı olduğunu xatırladaraq yazır:
“(İranda) özəl strukturların arxasında müəyyən siyasi dairələr və fiqurlar dayanır. Və (rəsmi Tehran) bu cür elanlarla Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətlə bağlı ittihamları və şübhələri yayındırmağa çalışır. Əcnəbi vətəndaşların Azərbaycanın Qarabağ bölgəsinə və daha da çox işləmək məqsədi ilə hər hansı bir səyahət etməsi yalnız rəsmi orqanların icazəsi ilə həyata keçirilə bilər. Əgər İran tərəfi bölgədə həyata keçirilən yenidənqurma layihələrində iştirak etmək istəyirsə, xarici dövlətləri və şirkətləri azad olunmuş ərazilərdə genişmiqyaslı işlərə çağıran Bakıya müraciət edə bilər. Ancaq cənub qonşularımız hər kəsdən daha asan (və həyasız) olmaq qərarına gəlib və özləri üçün tamamilə itirici bir yol seçiblər”.
Müəllifin fikrincə, İranın bu mövqeyi onu qətiyyən təəccübləndirmir. “Azərbaycan əraziləri Ermənistan tərəfindən uzun illər işğal olunduğu müddətdə həm İran İslam Respublikasının hökuməti, həm də bu ölkənin dini liderləri işğalçını alqışlayıblar. İran hakimiyyəti Qarabağı işğal altında saxlayan Ermənistana ərzaq, yanacaq və digər malların göndərilməsini təşviq edib. Gördüyünüz kimi, müharibədən sonra da İran çirkin oyunlarından əl çəkmir”.
Sayt əmindir ki, Azərbaycanın XİN və digər qurumlar İranın bu qanunsuz addımları ilə əlaqədar lazımi tədbirlər görəcək.