Gəncədə icra məmurlarının da çözə bilmədikləri müşkül mülk mübahisəsi davam edir, davam etdikcə də özündəki yeni qaranlıq səhifələrinə işıq saçır.
"Demokratik.Az" saytı Gəncə şəhər sakini Ələkbərova Kifayət İsbar qızının növbəti ifşaedici şikayət ərizəsini qəbul edib. İllərlə yaşadığı mülkü və ümumi dəyəri 30 min manata yaxın olan 156 adda ev əşyaları konkret şəxslər tərəfindən açıq talana məruz qalan şikayətçi son məktubunda aşağıdakıları bildirir:
"Uzun illərdir ki, məhkəmə icraçılarının süründürməçiliyindən və DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin həngamələrindən bezmişik. Adıkeçən sonuncu qurumun hüquqşünası Elməddin Səlimov bildirir ki, Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülk “A” və “B” hissələrə ayrılmış, bu hissələrə müxtəlif illərdə Quliyeva Sayidəyə, Rəhimov Sergeyə, Rəhimova Nazpəriyə, Həsənova Qəribəyə çıxarışlar verilmişdir.
Gəncə şəhər Nizami rayon Məhkəməsində mülki işlə əlaqədar prosesin aparılmasına baxmayaraq, 27 iyul 2020-ci il tarixdə mübahisəli mülkə dair Həsənova Qəribə Hümbət qızına verilmiş (məhkəmənin qərarı ilə ləğv olunmuş) çıxarış əsasında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 27 iyul 2020-ci ildə 5 saylı DNK-a Forma1 təqdim edilmiş, Həsənova Qəribə Hümbət qızının Nağıyev İsrəfil Əli oğluna verilən etibarnamə ilə Məmmədova Sevda Hidayət qızı ilə alqı-satqı müqaviləsi bağlanılmışdır.
04 avqust 2020-ci il tarixdə mübahisəli mülkə dair məhkəmə prosesinin aparıldığı bir vaxtda DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Məmmədova Sevda Hidayət qızına çıxarış verilmişdir. Sonuncu da öz növbəsində mübahisəli evdə tələsik olaraq tikinti işlərinə başlamışdır.
DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin Rəis müavini, rəis vəzifəsini icra edən Abdulla Abdullayevin Gəncə şəhər İcra idarəsinin məmuru İlkin Qədimova ünvanladığı 15 aprel 2020-ci il tarixli 203320001594 №li məktubda Gəncə şəhəri Nizami rayonu Bakı küçəsi 70 saylı evin 12 fevral 2020-ci il tarixli, 8(044)-24/2020 saylı qərərdadına əsasən həbsə qoyulduğu haqda məlumat verilməsinə baxmayaraq, mübahisəli mülkə dair DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Məmmədova Sevda Hidayət qızına çıxarış verilmişdir.
Baldızım Quliyeva Saidə Tahir qızı öz cinayətkar yoldaşları ilə nəinki ata-baba yurdumuz olan Gəncə şəhəri Bakı küçəsi ev 70-i məhv etmiş, hətta ailəmizə məxsus ümumi dəyəri 30 min manata kimi qiymətləndirilən 156 adda ev əşyalarımızı belə talan etmişdir.
Qeyd edim ki, Quliyeva Saidənin qızı Gülbəniz Quliyevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.
Quliyeva Saidənin oğlu Rauf Quliyev dəfələrlə oğurluq və dələduzluqla ititham olunmuşdur.
Quliyeva Saidənin özü dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub və hal-hazırda ev dustağıdır.
Məhkəmənin müvafiq qərarı ilə mənə və ailəmə məxsus 156 adda ev əşyaları (ümumi dəyəri 30 min manata kimi qiymətləndirilmişdir) hal-hazırda mübahisəli evdə saxlanıldığı göstərilir. Quliyeva Sayidə mənə məxsus 156 adda ev əşyalarının satdığını söylədikdə, Gəncə şəhər İcra idarəsi Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün Quliyeva Sayidənin adına olan hissəsinə həbs qoyulmasını Məhkəmədən istəmiş və qərar verilmişdir.
Cinayətkar, korrupsioner məmurlar prezidentin qərarlarına zidd çıxıraq, xalqda prezidentə qarşı nifrət, kin oyadırlar. Gəncə şəhər İcra idarəsinin məmurları mənə və ailəmə məxsus 156 adda ev əşyaları Quliyeva Sayidə geri almaqda acizdirlər. Hətta Məhkəmənin qəti həbs qərarını belə yerinə yetirə bilmirlər.
Gəncə Nizami rayon Məhkəməsinin qanunu qüvvəyə minmiş 18.08.2008-ci il tarixli Qətnaməsinə zidd olaraq Gəncə Nizami rayon Məhkəməsinin 03.07.2009-cu il tarixli Qətnamənin çıxarılması üçün saxta sənədlər hazırlamış və Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkdə Ələkbərova Şərəbanı Məmmədtağı qızı (1996-cı ildə rəhmətə gedib) ilə Rəhimov Ələsgər Ələkbər oğlu (2003-cü ildə rəhmətə gedib) arasında, ölülərlə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir.
Mən öz növbəmdə bundan 2013-cü ildə xəbər tutdum, Məhkəməyə müraciət etdim, qanunsuz qətnamənin ləğvinə nail oldum.
DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin hüquqşünası Elməddin Səlimovun qanunsuz hərəkətləri bununla da bitmir. Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək “Gəncə şəhər Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsindəki (ölülərlə alqı-satqı müqaviləsi) yanlışlıqların düzəldilməsinə dair ərizə” ilə müraciət edərək Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “A” və “B” hissələrə ayrılması üçün əlavə izah tələb etmişdir.
Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinin ləğv olunmasına baxmayaraq, ləğv olunmuş qətnamə əsasında Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “A” və “B” hissələrə ayrılmışdır.
Hal-hazırda da DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin hüquqşünası Elməddin Səlimov bildirir ki, Quliyeva Sayidənin adına Gəncə şəhəri Bakı küçəsi 70 mülkə dair heç bir sənəd yoxdur. Mübahisəli mülkün kimin adına qeyd olunduğunu soruşduqda heç bir cavab verilmir.
Əgər Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “B” literli hissəsinə Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinə əsasən Rəhimov Sergey Ələsgər oğluna verilmiş çıxarış ləğv olunursa,
Gəncə şəhəri Bakı küçəsi ev 70 “A” literli hissəsinə Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinə əsasən Həsənova Qəribə Hümbət qızına verilmiş çıxarış hansı əsasla qüvvədə saxlanılmalıdır?
Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “A” və “B” hissələrə ayrılması Gəncə Nizami rayon Məhkəməsinin 03 iyul 2009-cu il tarixli 8(044)-970/09 saylı qətnaməsinə əsasən verilmiş və bu qətnamə ləğv olunduğu təqdirdə hansı əsasla Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülkün “A” və “B” hissələrə ayrılması barədə heç bir açıqlama verilmir.
Mənim 72 yaşım var, bu mülk mənim qaynatama məxsus olub, mən bu evə gəlin köçmüşəm, övladlarım, nəvələrim olub. Kiçik oğlum Ələkbərov Qabil Sabir oğlu bu evdən əsgəri xidmətə getmiş, Qarabağ müharibəsi veteranıdır. Övladlarımın üçü də Ali təhsil almışlar, ailə həyatı qurmuşlar. Haqsızlıqlara dözməyən həyat yoldaşım həyatını itirib".
Şikayətdən və redaksiyamıza təqdim edilən sənədlərdən də aydın olur ki, qalmaqallı ev artıq özgəninkiləşib.
Vətəndaşın digər iddiasına görə, evin hazırki sahibi Məmmədova Sevda Hidayət qızı şikayətçiyə israrla bildirib ki, evi əslində Sayidə Quliyevadan alıb. Gəncə icra şöbəsinin "özünü tapa bilmirik.." dediyi borclunun bir müddət əvvəl Bakıdan Gəncəyə gəlib mülkün alqı-satqısına nəzarət etməsi özlüyündə çox şeyi deyir.