Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər dünya tərəfindən də diqqətdə saxlanılır.
Ölkə başçısı Qarabağa səfərləri zamanı dünyaya ciddi mesajlar verir, Azərbaycanın milli mövqeyini ifadə edir. 16 avqustda Prezident İlham Əliyevin Laçın və Kəlbəcərə etdiyi səfər də kifayət qədər stateji əhəmiyyətə malik idi. Səfərlər zamanı Prezident yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir.
Bütün bunlarla yanaşı, postmüharibə dövründə Azərbaycanın tutduğu mövqe, apardığı diplomatiya və bunun gələcək nəticələri ilə bağlı önəmli mesajlar səsləndirir. Artıq Qarabağda gedən proseslər bölgəni inkişaf mərhəsinə çatdırıb. Aparılan bərpa-quruculuq işləri, meqalayihələrin hazırlanması, o cümlədən 10 noyabr üçtərəfli Bəyanatın icrası ilə bağlı ölkə başçı konkret olaraq Azərbaycanın mövqeyini ifadə etdi.
Prezidentin Laçın və Kəlbəcər səfəri ilə bağlı Cebhe.info-ya danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, müharibənin bitməsinə baxmayaraq, sərhədlərin delimitasiya və demarkasiyası, sülhməramlı adı altında Rusiya həbçilərinin orada olması, Ermənistan həbçilərin bizim ərazilərimizdən çıxmaması, sərhədlərin müəyyənləşməsinə ermənilərin mane olması, üçtərəfli Bəyanata Ermənistan və Rusiyanın əməl etməməsi ilə bağlı olaraq Azərbaycan siyasətində prioritet Qarabağdır:
“Ölkə prezidenti Laçın və Kəlbəcərə səfər etməklə bir çox yerlərə mesaj verdi. İlk mesaj beynəlxalq aləmə idi ki, onların həll etmədiyi və ya həll etmək istəmədiyi problemi Azərbaycan özü həll edib. Qarabağ münaqişəsi adı altında artıq spekulyasiya ilə məşğul olmayın. Digər mesaj Ermənistan əhalinə və hakimiyyətinə idi ki, Azərbaycan müharibədə kifayət qədər humanist davranıb, daha da dərinə gedə bilərdi. Amma hazırkı məqamda Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtdir. Üçüncü mesaj isə o idi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq və Naxçıvanla əlaqələr qurulacaq. Prezident kənar qüvvələrə də işarə etdi ki, Azərbaycanın işinə burunlarını soxmasınlar”.
Partiya sədri qeyd edib ki, hərbi uğurlar diplomatik sahədə də davam etdirilir:
“Azərbaycan əhalisinə verilən mesaj isə o idi ki, sizin iradəniz, sosial sifarişiniz yerinə yetirilir. Azərbaycanın ərazi bütövlüyü təmin olunub, heç bir statusdan söhbət gedə bilməz. Əslində, Dağlıq Qarabağın statusu müəyyən olunub. Qarabağ İqtisadi Zonası yaradılaraq Xankəndi, Xocavənd və Xocalı digər rayonlarla birgə inkişafa məhkumdur. Orada yaşayan ermənilərə də mesaj verildi ki, əgər normal yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməkdən başqa yolları yoxdur”.
F.Quliyev əlavə edib ki, Azərbaycan azad etdiyi torpaqlarında geniş quruculuq işlərinə başladığını dünyanın diqqətinə çatdırdı:
“Dünyanın mütərəqqi qüvvələri, şirkətləri də bu prosesdə iştirak edə bilərlər. Azərbaycan barışı gətirən, onu inkişaf etdirən bir dövlətdir. Ölkə Prezidenti açıq şəkildə bildirdi ki, ali məqsəd müharibədən sonrakı vəziyyəti qoruyub saxlamaq, möhkəmləndirməkdir.
Hesab edirəm ki, ölkə rəhbərinin Laçın və Kəlbəcərə səfəri və çıxışları bir çox vektorlarda hər kəsə ciddi mesaj oldu. Bu çox milli yanaşmadır. Milli demokratik düşərgə də bu mövqeyi müdafiə etməlidir. Hər kəs də başa düşməlidir ki, Azərbaycana qarşı hər hansı bir addımda təkcə prezidenti deyil, bütün cəmiyyəti qarşılarında görəcəklər”.