İqtisadçı: "Maliyyə Nazirliyi və Hesablama Palatası Dövlət Gömrük Komitəsində maliyyə yoxlamalarına başlamalıdır"
2021-ci ili əvvəlindən Azərbaycanda yanacaq, su, qaz və bəzi dövlət xidmətlərinin tariflərinin artırılması ölkədə ümumi bahalaşma dalğası yaradıb. Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə, ərzaq qiymətləri ümumilikdə 40 faizdən çox artıb. Bununla bərabər, yuyucu vasitələrin, tikinti materiallarının, avtomobil ehtiyat hissələrinin də qiymətlərində kəskin fərq yaranıb. Məsələn, taxtanın bir kubmetri ötən il 290-310 manat təşkil edirdisə, hazırda bu rəqəm 400-430 manat arasında dəyişir. Yaxud ilin əvvəlində Bakıda satılan “Shell” mühərrik yağı 60 manata təklif edilirdisə, hazırda 85 manatdır. Həm tikinti, həm də başqa qeyri-ərzaq məhsullarının qiymətində bahalaşma faizi təqdim olunan nümunələrdəki artımlara uyğundur.
Sahibkarların “Press Klub”a verdikləri məlumata görə, bunun əsas səbəbi gömrükdə rüsumların və başqa ödənişlərin az qala ikiqat artırılmasıdır.
Rəsmi məlumatlara görə, ölkədə əhalinin gəlirləri təxminən 3 faiz azalıb. Amma reallıqda bu rəqəmlər daha yüksəkdir, çünki pandemiya və s. səbəblərdən məşğulluq, ticarət dövriyyəsi aşağı düşüb, həmçinin, dövlətdən pensiya, müavinət, ünvanlı sosial yardım alanların sayında da əhəmiyyətli azalma qeydə alınıb. Nəticədə 2021-ci ilin birinci yarısında büdcədən sosial xərclər 16 milyon manat az icra olunub.
Ölkədə iqtisadi daralmaya rəğmən vergi və gömrük rüsumlarının toplanmasında isə “tərəqqi” qeydə alınıb. Belə ki, bu ilin yanvar-iyul ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 424 032,3 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çoxdur. Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,6% artaraq 657 018,4 min manat təşkil edib.
DGK-nin açıqladığı rəsmi məlumatlara görə, Azərbaycan 2021-ci ilin 1-ci yarımilində 5 milyard 391 milyon dollar, 2020-ci ilin 1-ci yarımilində isə 4 milyard 989 milyon dollar həcmində mal idxalı həyata keçirib. İdxal dövriyyəsi ötən ilə nəzərən 402 milyon dollar və ya 8%-dən çox artıb. İdxal dövriyyəsinin 402 milyon dollar artması gömrük rüsumları üzrə yığımları 73 milyon manat, aksizlər üzrə yığımları 11 milyon manat yüksəltsə də, ƏDV üzrə yığımlar 68 milyon manat azalıb.
Bəs, bu artımlar nəyin hesabına baş verib? Eyni zamanda, rəqəmlərdəki paradoksların izahı nədir?
İqtisadçı Nemət Əliyev bildirir ki, hazırki şəraitdə ƏDV üzrə yığım göstəricisinin azalması çox şübhəli hal kimi diqqəti cəlb edir:
“Bu yöndəki şübhələri əsaslı edən faktlardan biri də budur ki, 2020-ci ilin ilk yarımilində idxal dövriyyəsi 2,026 milyard dollar azalsa da, ƏDV üzrə yığım göstəricisi 26 milyon manat artıb. Sual budur ki, dövriyyənin 2 milyard azalması ƏDV üzrə yığımları azalda bilməyibsə, dövriyyənin 400 milyon dollardan çox artması ƏDV üzrə yığımları niyə və necə azaldıb? Gömrük Komitəsi 2020-ci ildəki bacarığını niyə 2021-ci ildə də nümayiş etdirməyib, yaxud etdirmək istəməyib? Nədir bunun səbəbi?”
N. Əliyevin qeyd edir ki, idxal dövriyyəsi və bu dövriyyədən hesablanan gömrük rüsumları, hətta aksizlər artıbsa, ƏDV üzrə yığım göstəricisi də artmalıdır. O, xatırladır ki, xaricdən gətirilən mallara tətbiq olunan ƏDV aşağıdakı formul üzrə hesablanır:
“ƏDV = [malın gömrük dəyəri+gömrük rüsumu+aksizlər] X 18%. Bir az riyazi biliyi olan hər kəs bu formuldan asanlıqla müəyyən edə bilər ki, malın gömrük dəyəri, gömrük rüsumları və aksizlər artıbsa, ƏDV də artmalıdır. Yəni 120 manatın 18 faizinin 100 manatın 18 faizindən 20 faiz artıq olmasını dərk etmək qədər sadədir bunu anlamaq. Di gəl ki, cari ilin birinci yarımilində idxal dövriyyəsinin, rüsumlar və aksizlər üzrə yığımların çoxalmasına baxmayaraq, ƏDV üzrə yığımlar 68 milyon manat azalıb. Yarımillik göstəricilərin dinamikası göstərir ki, belə bir hal son 5 ildə ilk dəfədir əmələ gəlib”.
N. Əliyevin sözlərinə görə, idxal dövriyyəsi ilə ƏDV-nin yığım səviyyəsi və gömrük rüsumlarının yığım səviyyəsi arasında qurulmuş qarşılıqlı birqiymətli əlaqələrin son 5 illik dinamik təhlili göstərir ki, idxal dövriyyəsinin artması, bir qayda olaraq, həm gömrük rüsumları üzrə yığım səviyyəsinin artması, həm də ƏDV üzrə yığım səviyyəsinin artması ilə müşayiət olunub:
“Misal üçün, 2018-ci ilin 1-ci yarımilində idxal dövriyyəsinin 1,251 milyard dollar artması gömrük rüsumları üzrə yığımların 91 milyon manat, ƏDV üzrə yığımların isə 318 milyon manat artmasına səbəb olub. Bu səbəb-nəticə əlaqələri 2019-cu ilin 1-ci yarımilində də keçərli olub: idxal dövriyyəsinin 2,355 milyard dollar artması müqabilində gömrük rüsumları üzrə yığımlar 72 milyon manat, ƏDV üzrə yığımlar 310 milyon manat artıb. Hətta 2020-ci ilin 1-ci yarımilində idxal dövriyyəsinin 2,026 milyard dollar azalmasına baxmayaraq, Gömrük Komitəsi əlini o dərəcədə iti tuta bilib ki, ƏDV üzrə yığım göstəricisi daha 26 milyon manat artıb. Amma 2021-ci ilin 1-ci yarımilində əməliyyatlar necə dolandırılıbsa, hesablamalar necə labirintə salınıbsa, idxal dövriyyəsi 402 milyon dollar, hətta gömrük rüsumları və aksizlər üzrə yığımlar üst-üstə 84 milyon manatdan çox artsa da, ƏDV üzrə yığımlar 68 milyon manat azalıb”.
İqtisadçı qeyd edib ki, idxal dövriyyəsinin artması şəraitində ƏDV üzrə yığım göstəricisinin azalması o halda mümkün ola bilər ki, ƏDV-dən azad olunan idxal mallarının siyahısı əhəmiyyətli dərəcədə genişləndirilsin və kifayət qədər böyük bir dövriyyəni əhatə etmiş olsun ki, bu da indiki şəraitdə inandırıcı görünmür. Ona görə inandırıcı görünmür ki:
– ƏDV dövlət büdcəsində vergi gəlirlərinin 50%-ə qədərini təşkil edir və hökumət bu dərəcədə təsirli paya malik olan bir gəlir mənbəyi üzərində eksperimentlər aparmağa risk etməz;
– Pandemiya səbəbi ilə daha ağır il sayılan 2020-ci ildə iqtisadiyyata, əhaliyə ƏDV hesabına elə də təsirli güzəştlər həyata keçirilməyibsə, şərtlərin nisbətən yumşaldığı 2021-ci ildə daha böyük güzəştlər ediləcəyini düşünmək sadəlövhlük olardı;
– Pula yetərincə həssas münasibətinə çox yaxşı bələd olduğumuz hökumətin nağdı qoyub, nisyə dalınca yürüməsi hazırkı şərtlər daxilində ağlabatan görünmür. Odur ki, cari ilin 1-ci yarımilində ƏDV üzrə yığımların 68 milyon manat azalmasına dair Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumat qeyri-ciddidir.
Ekspert hesab edir ki, Maliyyə Nazirliyi və Hesablama Palatası vəzifə məsuliyyətindən çıxış edərək hərəkətə keçməli, Dövlət Gömrük Komitəsində maliyyə yoxlamalarına başlamalıdır:
“Komitədə rəhbər vəzifə tutan bütün heyətin attestasiyasının həyata keçirilməsi çox vacibdir. Komitə sədrindən tutmuş, onun müavinlərinə qədər, idarə rəislərindən tutmuş, maliyyə yığım funksiyasını icra edən şöbə rəislərinə qədər, hamını bu prosesə cəlb etmək lazımdır. Komitədə böyük təmizləmə işlərinə ehtiyac var. Bu işin üzərindən sükutla keçmək olmaz”.