Şirvan şəhəri sakinləri mənzillərə qaz verilmədiyinə görə etiraz aksiyasi keçiriblər.
"BakuPost" xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin Şirvan şəhər İdarəsinin qarşısına toplaşan şikayətçilər əvvəlcə qazın təzyiqinin azaldığını, daha sonra isə qazın kəsildiyini bildiriblər:
"10 gündür qaz idarəsinə zəng edirik, bizi yola verirlər. Qaz şam kimi yanır, ya da havayla verirlər deyə heç yanmır. Saat 12-dən binanın qarşısına gəlmişik, amma bir nəfər nümayəndə çıxıb bizə cavab vermir. Ancaq sıravi işçilər çıxır, onlarda da bir günah görmürük. Onlara nə tapşırılırsa, onu da edirlər. Bizə bir məlumat verən yoxdur. Qaza havanı o qədər çox vururlar ki, evi qızdırmır. Gözümüzü bağlamaq üçün şam kimi verirlər. Sayğaclarımız da düzgün işləmir. Ayda 80-100-120 manat qaz pulu veririk, amma evimiz buz kimi ola-ola nəyə veririk bilmirik. 20 min abonentə 0,2 bal qaz verirlər".
Daha sonra sakinlər etirazını bildirmək üçün binanın içinə daxil olublar. Ancaq onları iş saatı olmasına baxmayaraq, idarədə heç kim qarşılamır. Bütün işçilər qapıları bağlayıb, içəridə otururlar.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Ceyhun Səfərov bildirdi ki, qəza halları, nasazlıqlar, yaxud müəyyən problemlər ortaya çıxdıqda qaz təchizatının dayandırılmasına zərurət yaranır:
"Çünki heç də şəbəkənin hamısı saz vəziyyətdə deyil. Nazaslıq aradan qaldırılarkən qaz xəttində qazın qalması ilə bu problemlər aradan qaldırıla bilməz. Bu, təhlükəsizlik baxımdan çox ciddi fəsadlar yarada bilər. Belə hallar olub. Çalışırıq ki, problemi daha qısa zamanda aradan qaldıraq. Bu problem də nəzarətə götürülüb. Sabahdan hansı işlərin görülməsi lazımdırsa, mərhələli şəkildə icra olunacaq".