Ucarın icra başçısı Mənsur Məmmədovun adı həmişə mediada qırmızı hərflərlər manşetləri bəzəyib.
Əsas mövzuya keçməzdən öncə görək, Mənsur Məmmədov adlı zad necə gəlib icra başçısı olub.
Deməli, Mənsur Məmmədovun rəsmi tərcümeyi-halında yazılıb ki, 1965-ci ildə doğulub və 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir.
Və 2005-ci ildə Zərdab rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Vəssəlam.
Bu nağıl-filan deyil e, cənab icra başçısının Allah qoymasa, rəsmi bioqrafiyasıdır.
Bir soruşan yoxdur ki, ay adam, sən 16 il harada olmusan, nə iş görmüsən, harada çalışmısan, hansı işin qulpundan yapışmısan və s.
Necə yəni 16 il harada olduğu bilinməyən adam günün birində Zərdabın icra başçısı olur.
Sonra 2007-ci ildə Göyçayın, 2015-ci ildə isə Ucarın icra başçısı təyin olunmuşdur və hazırda bu vəzifədə çalışır.
Həqiqətən də bu adamın 16 il yerli-dibli yox olması və qəfildən peyda olub, icra başçısı olması möcüzədir.
Möcüzə deyiləndə, Mansur Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur. Yəni 16 il bir yerə kül tökməyən adamın icra başçısı olmasının səbəbi budur.
Təsəvvür edirsiniz, bu adam Zərdabda, Göyçayda, indi isə Ucarda yüz hektarlarla münbit torpaq sahələrini zəbt edib.
Canını bu torpaqlar uğrunda qurban verən oğulların ailəsi 4-5 sot torpaq almaq üçün aylarla, illərlə idarə qapılarında yatırlar. Ancaq Mənsur Məmmədov kimilər az qala rayonları zəbt ediblər.
Bəli, Mənsur Məmmədov hələ Göyçayda icra başçısı olarkən rayonun Hüngütlü kəndində 20 hektar əraziyə malik düzənliyi hasara alıb, orada villa-malikanə tikdirib.
Malikanədə bahalı dekorativ ağaclar və cürbəcür meyvə ağacları ilə birlikdə böyük bir süni göl də yaradılıb.
Villanın ətrafı 6 metr hündürlükdə hasarla əhatə olunub.
Və ən dəhşətlisi odur ki, malikanənin ərazisində vertolyot-helikopterin enib-qalxması üçün xüsusi meydança salınıb.
İndi özünüz təsəvvür edin, heç orta əsrlərdə kral ailələri belə əmlaka sahib deyildi.
Digər tərəfdən rayonun icra başçısı kimdir, hansı gəliri var ki, belə villa tikib?
Görəsən, hasarın 6 metr hündürlükdə olması hansı ehtiyacdan yaranıb ?
10 milyon dəyərində mülk tikdirən icra başçısının görəsən nə qədər əmlakı var?
Bu boyda əmlaka sahib olan Mənsur Məmmədov 44 gün davam edən Vətən savaşının qəhrəmanını qəbul etməyə vaxt tapmır.
Doğrudan da faciəli durumdur. Müharibə neçə aydır başa çatıb, ancaq icra başçısı qazini qəbul etmir, hər dəfə bir bəhanə tapır.
Ən dəhşətlisi odur ki, neçə ay gedib-gələndən sonra ailəsi qazini icra başçısı Mənsur Məmmədovun qəbuluna aparsa da, başçı onlara “çıxıb getsinlər, koronadır, qəbul edə bilmərəm” deyərək qovub.
Vallah, belə halları görəndə, adam düşünür ki, belə icra başçılarını minalanmış sahəyə buraxmaq çox ədalətli olar.
Bəli, Mənsur Məmmədov bu günədək bir şəhid ailəsinin, qazinin qapısını açmayıb.
İcra başçısı gecə yatanda da torpaq qamarlamaq barədə düşünür.
Bir meddət əvvəl haqsızlıqdan bezən bir dəstə qadın Ucarda icra hakimiyyətinin binasına daxil olaraq onun sifətinə...nələr deməyiblər.
Bir sözlə, icra başçısının şəhid ailələrinə, müharibə veteranlarına olan neqativ münasibəti isə dözülməzdir.
Məlumdur ki, Ucarda münbit torpaq sahələri azdır. Onu da icra başçısı zəbt edib. İcra başçısının özünün sanki qullar dəsətəsi var, sahələri əkib-becərtdirir, milyonlar qazanır, işçilərə isə qəpik-quruş verir.
İcra başçısı cənab Prezidentin baramaçılığın inkişaf etdirilməsi ilə bağlı təkliflərini də qulaqardına verir, rayondakı tut ağaclarını məhv edir.
Bütün bunlar azmış kimi Mənsur Məmmədov rayondakı “komandası” – Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev, Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramov, Səhiyyə İdarəsinin müdiri ilə birləşərək Səhiyyə Nazirliyindəki qohumuna arxayın olduğu üçün kimə gəldi sosial yardım təşkil edirlər.
Ancaq şərt belə olur: 6 ay sosial yardım Mənsur Məmmədovun dəstəsinə, 6 ay isə sahibinə çatır.
Dövlətin imkansız şəxslərə verdiyi sosial kartların isə kimin cibində olduğunu bilmək üçün, Mənsur Məmmədovdan soruşmaq kifayətdir.
Ucardakı son acınacaqlı durum aydın oldumu ?
Bircə o qalıb ki, gəlib Mənsur Məmmədovu dayısı Ziya Məmmədovla birgə aparsınlar.
P.S. Yazıda adları çəkilən bütün tərəflərin mövqelərini dərc edə bilərik. //gundelik-baku.com//