Bakıda Nərimanov rayonunda yaşayan Lalə Məmmədova avqustun 5-də Nərimanov rayonu Hidayətzadə 11 ünvanında yerləşən 8 saylı Şəhər Poliklinikasında kobud rəftar və təhqirlə üzləşdiyini bildirib.
Bu məsələ ilə bağlı Bizimyol.info saytına müraciət edən Lalə Məmmədova bildirib ki, Tədris Cərrahiyə Klinikasında çalışır və 8 aylıq hamilə olduğu üçün, analıq məzuniyyətinə çıxıb.
“Hamilə xanımlara peyvənd olmaz və bunun üçün də arayış lazım olduğu üçün, mən bizim ərazidə olan 8 saylı Şəhər Poliklinikasına müraciət etməyi qərara aldım. Ondan əvvəl isə “E-Təbib” tətbiqi ilə, Masazırda qeydiyyatda olan qayınanam üçün 8 saylı Şəhər Poliklinikasına növbə götürdüm. Lakin poliklinikaya gəldiyimizdə kobudluq və karantin qaydalarına zidd bir vəziyyətlə üzləşdik. Heç kimin maskası yoxdur və həkimlər, tibb bacıları kobud, yüksək səslə danışırlar. Nə mən arayış ala bildim, nə də qayınanama vaksin vurdular”, - deyə L.Məmmədova qeyd edib.
O, qayınanasına peyvənd vurulması üçün tibb bacısına yaxınlaşdıqları zaman, baş həkim Tamilla Kərimovanın onlara yaxınlaşdığını və peyvəndə icazə vermədiyini bildirdi.
“Xahiş etdim ki, mən hamiləyəm, qayınanam da yaşlı qadındır. Bizi bu istidə Masazıra getməyə məcbur etməyin. “E-Təbib”dən də növbəmiz olduğunu bildirdik. Həmçinin, həmkar olduğumu da dedim və xahiş etdim ki, bizi incitməsin. Lakin Tamilla xanım kobudluğuna davam etdi. O, hamilə olduğumu görə-görə, “mən icazə vermirəm, vəssəlam” deyə üstümə qışqırdı, məni “dəli”, “tərbiyəsiz” kimi sözlərlə təhqir edib qovdu.
L.Məmmədova bildirdi ki, TƏBİB və Səhiyyə Nazirliyinə dəfələrlə zəng etsə də, buna müvəffəq ola bilməyib: “Məcbur qalaraq, Masazır Poliklinikasına getdik. Orda isə hər şey qaydasında, hətta yüksək səviyyədə idi. Qayınanama vaksin vurdular, çox da hörmətlə yola saldılar. Mən təəccüb etdim ki, şəhər poliklinikası ilə kənd poliklinikası arasındakı fərq belə olmalıdır?”.
L.Məmmədovanın şikayətini dinlədikdən sonra, biz də dəfələrlə TƏBİB, Səhiyyə Nazirliyi və 8 saylı Şəhər Poliklinikasına zəng etdik.
Həqiqətən də, respublikamızda “qaynar xətt” sözünü necə anlamaq lazımdır, bu “qaynar xətt” deyilən şey nə üçündür... Bu kimi suallarımız da yarandı. Ümid edirik, tezliklə bu və digər suallarımıza cavab tapacağıq.
Bizimyol.info