Kürdəmir sakini şikayət etdiyinə görə danlandığını deyir. DİA.AZ xatırladır ki, Kürdəmirdə yaşayan çoxuşaqlı ana Zülfiyyə Məmmədovanın problemləri haqda şikayət dolu materialı biz də təqdim etmişdik. Həmin məqalənin yayılmasından sonra Kürdəmir Rayon İcra Hakimiyyətindən zəng vuraraq, Zülfiyyə Məmmədovanı görüşə dəvət ediblər.
Zülfiyyənin dediyinə görə, anası ilə onu icra başçısının birinci müavini Tacəddin Novruzov qəbul edib. Söhbət istədikləri kimi alınmayıb. İcra başçısının müavini çoxuşaqlı ailənin problemlərinə biganə olduqlarını göstərib.
“Mənə dedi ki, uşaqları saxlaya bilmirsənsə, sənədləri hazırla, internata verək. Dedim, siz öz uşaqlarınızı verərsiniz? Cavab verdi ki, mən kişiyəm”, – Zülfiyyə Məmmədova söyləyib.
Zülfiyyə Məmmədova deyib ki, icra hakimiyyətinə böyük ümidlərlə gedib. Tacəddin Novruzovla söhbətin əvvəlində də problemlərini dilə gətirib, ev tikmək üçün torpaq sahəsinə ehtiyacı olduğunu bildirib:
“Amma ta əvvəldən sərt danışdı. Soruşdu ki, niyə bizdən şikayət eləmisən? Mən də şikayət eləmədiyimi, problemlərimdən danışdığımı dedim. Bizimlə o qədər pis davrandılar ki, anam müavinin kabinetindən ağlaya-ağlaya çıxdı”. (DİA.AZ)