Axtarış...

Onun şirkəti camaata QƏNİM KƏSİLİBSƏ... - Millətinə vəkillik edə bilərmi?

Onun şirkəti camaata QƏNİM KƏSİLİBSƏ... - Millətinə vəkillik edə bilərmi?

Deputat təyin olunan ( seçilən yox haa ) Elnur Allahverdiyevdən söhbət düşəndə, məşhur “Tütək Səsi filmi” yada düşür.
Qısa xatırlatma üçün qeyd edək ki, 1976-cı ildə çəkilən bu film İkinci Dünya Müharibəsindən, döyüşdə həlak olan Azərbaycan oğullarının həyatından, arxa cəbhədə baş verən hadisələrdən bəhs edir.
Qılınc Qurban isə kəndin sovet sədri, indiki dillə desək, icra nümayəndəsidir.
Filmdə əsas mövzulardan biri əsgər ailəsinin namusunun qorunmasından bəhs edir. Yəqin ki, filmə baxanlar xatırladı.
Bəli, Azərbaycan xalqı eyni aqibəti təxminən 50 il sonra yenidən- Qarabağ müharibəsi başlayanda yaşadı.
Bəli, əsgər ailəsinin, şəhid övladının namusu bütün zamanlarda müqəddəs olub. Filmdə əsgər ailəsinin namusuna sataşmağın nə qədər dəhşətli olduğu göstərilir.
Bu girişi nə üçün yada saldıq.
Məlumdur ki, bir müddət əvvəl “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi, deputat Elnur Allahverdiyevin şirkəti borcunu vaxtında verə bilmədiyi üçün şəhid əsgərimizin kreditə alınmış yatağını-çarpayısını müsadirə edərək aparmışdı.
Bəli, şəhidin kreditə götürülmüş yatağı və kredit borcunu qaytara bilməyən şəhid ailəsi...
Sözün düzü, bizim deputat, biznesmen Elnur Allahverdiyevin personası ilə heç bir problemimiz yoxdur, hətta onun şəxsiyyəti bizim üçün maraqsızdır.
Ancaq qoy Elnur Allahverdiyev bilsin ki, bu dəhşətli olay onun alnında qara ləkə kimi ömürlük qalacaq.
Axı, şəhid olan əsgər vətən qarşısında öz borcunu artıqlaması ilə ödəyib. Və bizlər, o cümlədən deputat Elnur Allahverdiyev bu gün yaşadığımız üçün şəhidlərə borcluyuq.
Şəhidin anası deyir ki, oğlum bu yataqda cəmi bircə ay yatıb, bu yataqdan oğlumun iyini alıram, təsəlli tapıram, yatağı aparmayın, amma deputatın şirkəti heç nəyə baxmadan şəhidin yatağını aparır...
Bəli, Elnur Allahverdiyev bizi ona əxlaq dərsi keçməkdə ittiham edəcək.
Onsuz da Elnur Allahverdiyev mətbuatı ona qara yaxmaqda, qərəzli olmaqda həmişə ittiham edir.
Yazdıqlarımızın nəyi qərəzdir, hansı qarayaxmadan söhbət gedə bilər, cənab deputat ?
Yaxşı, əxlaq söhbətini qoyduq kənara.
Sənin şirkətlərin vergidən nə qədər yayınır ?
Sən Sloveniya dövlətinin Azərbaycanda fəxri konsulu olmusan ( Azərbaycanın Sloveniyada yox haa ), yəni Sloveniya dövlətinin maraqlarını təmsil etmisən. Belə olan halda sən parlament seçkilərində necə iştirak etmisən?
Bu açıq-aşkar cinayətdir.
Axı, sənin xarici dövlət qarşısında konkret öhdəliyin var.
Allah qoymasa, siyasi fəaliyyətini qoyaq bir kənara, keçək biznes fəaliyyətinə.
Sən Azərbaycan dövlətinin qanunlarını pozaraq biznes fəaliyyəti ilə məşğu olursan. Buna nə ad verək ?
Sənə məxsus “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir: “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir. Kreditlə satılan malların üstünə isə dəyərindən 2 dəfə artıq qiymət qoyulur. Yəni faktiki olaraq “Kontakt Home” mağazalar şəbəkəsi çəkdiyi xərcin 100 faizi qədər, bəzən daha çox gəlir əldə edir. Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır.
Deməli, 100 minlərlə vergidən yayınma var.
Şəhid ailəsinin yataq söhbətini qarayaxma hesab edirsən.
Bəs 100 minlərlə vergidən yayınmağa sözün nədir ?
Müştərilərin başına olmazın oyunlarını açırsınız.
Kontak Home şirkətinin istehlak kreditləri adı altında vətəndaşları aldatmasını kimin ayağına yazaq, cənab Allahverdiyev ?
Kreditə satdığınız mobil telefonlarda xırdaca problem olan kimi binəva müştərilər qapılarda qalır, öz hesablarına usta axtarırlar. Axı, bu xidmətlər şirkətin birbaşa öhdəliyidir.
Bəlkə, 20 il çalışdığın, Baş direktoru olduğun “ABC-Telecom” MMC-nin əməllərini açaq qoyaq ortaya ?
Neçə yüz min, neçə milyon kontur satışını hesabatlardan gizlətmisiniz ?
Gəncə şəhərində neçə diller dükanınız işləyir ?
Onların satdığı telefonlar və konturlar niyə uçotdan gizlədilir ?
Suallar çoxdur, cənab deputat Allahverdiyev.
Yəqin ki, yaxın zamanlarda bu suallara cavab verməli olacaqsan. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz