21-ci əsrin insanı öz azadlığı, elmdə, texnologiyadakı irəliləyişi, uğuru ilə öyünürdü. COVID-19 bəlası isə göstərdi ki, əslində özümüzü böyük sandığımız qədər kiçiyik. “Artıq dünya insan iradəsinə tabe olur” qəbildən fikirlərlə öyünənlərin əlini sıxmağa başlayırdıq ki, anidən ortaya çıxan bir virus hamıya “dur!” əmri verdi.
Bilmirəm, saflığımızdan, yoxsa yaxşı görməyə çalışmağımızdan idi, amma əvvəllərdə bu əmri dünyaya nəfəs dərməsi üçün verilmiş şans hesab edirdik. İndi isə heç də belə deyil. Artıq ən axmaq adam da başa düşüb ki, bu gedişat nəfəsimizi dərməkdən çox, boğulmağımız üçün imiş.
Nə fərqi var, COVID-19-a yoluxub boğulursan, yoxsa iqtisadi çətinlik, sosial məhdudiyyətlər içində?! Nəticə dəyişmir. Fərqli olan prosesdir. Yenə əvvəlinci ölüm mərddir, birbaşa nəfəsini əlindən alır, vəssalam. İkinci isə nə öldürən kimi öldürür, nə yaşadan kimi yaşadır. Sadəcə süründürür.
Xatirimdən...
Artıq iki ilə yaxındır ki, yaşamırıq, həyatda qalmaq üçün mübarizə aparırıq. Geri dönüb sərt karantin rejimli günlərimizi xatırlayanda sağ qaldığımıza təəccüb edirəm. Bəlkə də çox insanın ötüb keçənləri xatırlamağa vaxtı və ya həvəsi yoxdur, amma ara-sıra sosial media hesabımdan “Ötən il bu gün” başlığı altında gələn xatırlatmalar həmin günləri unutmağıma imkan vermir. Əslində keçən il paylaşım edəndə elə bilirdim, bu həngamə yaxın zamanda bitəcək, biz də bu günləri qısa, tarixdən bir an kimi xatırlayacağıq. Belə olmadı...
Unutmuram. Sərt karantin rejiminin tətbiq edildiyi, SMS-icazə ilə evdən çıxdığımız günlərdən birində axşamçağı küçə ilə hərəkət edərkən özümü reallıqdan çox uzaqda hiss edirdim. Elə bilirdim, hansısa filmdəyəm. Boş, boz küçələr... Bağlı mağazalar, ara-sıra gözə dəyən tibbi maskalı, geyim rəngləri kimi üz-gözü tutqun adamlarla küçə böyü bir-birimizi ötüb keçdikcə qulağımın dibində iki səs bir-birini batırmağa çalışırdı:
Biri “Dünya dəli olmaq üzrədir. İnsanlar yavaş-yavaş ağlını itirir. Hər şeyin boz çalar alması ilkin əlamətdir. Sizi qəddarlıq və amansız mübarizə gözləyir” pıçıldayarkən, digər səs “İnsan hər vəziyyətə uyğunlaşa bilmək gücünə sahibdir, bu da adiləşəcək, qəbullanacaq və yaşamağa davam edəcəksiniz. Dünya var olduqca ağ və qara balansını qorumaqda davam edəcək. Mərhəmət də olacaq, qəddarlıq da. Xəstəlik də olacaq, şəfa da. Ölüm də olacaq, ümidsizlik gəldiyi anda yaşamağa davam etmək gücü də” söyləyirdi.
Reallıq belə idi ki, insanlar çarəsiz vəziyyətdə ölüm-qalım savaşı verirdilər. 190 manatı haqqı olan da alırdı, olmayan da. Haqqı olub ala bilməyənlərin səsinə səs verən, haqqını qaytaran isə olmurdu. Çörək almağa pulu olmayan adam hansısa karantin qaydasını pozduğuna görə cərimələnirdi. Fərdi yanaşmadan, vəziyyətə uyğun qərardan söhbət belə, gedə bilməzdi. Haqsızlıq görən, səsi eşidilməyən, halına yanan tapılmayan, tapılanda da özünü reklam edənlərin yaratdığı mənzərə olduqca çətin, dözülməz idi.
İndi düşünəndə ki, bunlar yenə yaşanacaq, adamın əhvalı təlx olur. Əslində deyə bilərsiniz ki, olmamışdan olacaq kimi düşünmək sadəcə insanın özünə zərər verir. Amma olma ehtimalına da göz yummaq adamın əlində deyil. Bir də ki, bir şey olandan sonra ondan danışan, çox olur, hamısı da boşuna.
Etirazım var!
İki ilə yaxındır ki, virusdan qorunmaq üçün əsas qaydaları mənimsəməyə kifayət qədər vaxtımız olub. Daha insanlar cərimə olunmaq qorxusundan yox, qorunmaq üçün tibbi maska taxır, əllərini tez-tez yuyur, spirtləyir, mümkün olduğu qədər sosial məsafə saxlayır. Həkimlərin fikrinə inanır, peyvənd olunmağa maraq göstərirlər. Ən azından ölkəmiz üzrə hər gün peyvənd olunanların statistik nəticəsi bunu deməyə əsas verir. Bir həqiqət də var ki, biz üzüyola xalqıq. İttiham etmədən, günahlandırmadan nə deyilsə, əməl edənik.
Mən bir də insanların 190 manata möhtac qalmasını, boynubükük halda bir kilo düyü, bir litr yağ, yarım kilo qənd üçün sıraya düzülməsini, evdə böyük-kiçiyin üzünə baxa bilməyən, beli bükülmüş, göz yaşı donmuş ataları görmək istəmirəm.
Karantin rejiminin sərtləşdirilməsi ilə insanların bir də maddi, mənəvi çöküşünü hazırlamaq yolverilməzdir.
Müəllif: Aləmdə Nəsib //AYNA.AZ//