Axtarış...

Əmrullayev nədən islahata birinci GEYİM-GECİMDƏN BAŞLAYIR? - "Üstü bəzək, içi təzək" siyasəti...

Əmrullayev nədən islahata birinci GEYİM-GECİMDƏN BAŞLAYIR? - "Üstü bəzək, içi təzək" siyasəti...
Yay məktəbinin istisi canımızdan çıxmamış, havanın cırhacırında yenidən bir neçə kəlmə təhsilimizdən yazmaq qərarına gəldim. Bilirəm, deyəcəksiniz ki, yayın bu qorabişirən çağında, müəllimlərin məzuniyyət pulunu alıb bala-bala xərclədiyi zamanda nə təhsilbazlıqdı? Amma, neyləyəsən ki, təhsilimizə cavabdeh olanlar hərdən elə qərarlar qəbul edir, göstərişlər verirlər ki, yazmamaq olmur. Bu dəfə heç də təhsildə ildən-ilə aşağı düşən keyfiyyət göstəricilərindən, rüşvətdən, korrupsiyadan, yazıb vaxtınızı almaq istəmirəm. Bunları zatən özünüz bilirsiniz. Bu dəfə məni yenidən qələmə sarılmağa ( bunu məcazi mənada yazdım, neyləyəsən ki, klaviaturaya sarılmaq olmur) məcbur edən başqa səbəbdir.
Yəqin ki, çoxlarınızın xəbəri var-bir müddətdir ki, sosial şəbəkələrdə, hətta dövlət telekanallarında belə təhsil nazirliyinin yeni qərarı müzakirə olunur. Bu qərar təhsil problemlərinin həllinə zərrə qədər kömək etmiş olsaydı iki yox, on iki əlli bu qərarı dəstəkləyərdik. Di gəl ki, bu darmacalda, adamın ölünü qoyub dirini ağladığı bir zamanda qalırsan mat-məəttəl. Məşədi İbad demişkən, heç hənanın yeridirmi?
Artıq il yarımdır ki, kiçik istisnaları nəzərə almasaq məktəblər bağlıdır. Tədrisin keyfiyyəti kifayət qədər aşağı düşüb. Pandemiyanın ən ağır zərbə vurduğu sahə təhsil sistemidir. Düşünmək olardı ki, Avropa təhsilli nazirimiz və onun komandası bu çətin durumdan çıxmaq üçün nəsə bir yenilik edəcək, dəyişikliyə imza atacaq. Etməyinə etdilər, amma bunun təhsilə nə qədər dəxli var, mən deyim, siz də qərar verin.
Deməli, bizim hörmətli təhsil başbilənlərimiz oturub fikirləşiblər ki, bu qədər islahat aparırıq, Əlinin papağını Vəlinin başına qoyuruq, sonra yenidən papaqların yerini dəyişirik, əcəba bəs niyə təhsilimiz inkişaf etmir ? Və şükürlər olsun ki, çıxış yolunu da tapıblar. Məlum olub ki, təkcə Əlinin papağını Vəlinin başına və əksinə qoymaqla təhsili düzəltmək olmaz. Həm də Əliylə Vəlinin paltarını da dəyişmək lazımdır. Beləliklə qərara gəliblər ki, bütün bəlalarımızın kökündə dayanan məktəbli geyimləri yenidən dəyişilməlidir. Sən demə şagirdlər indiyə qədər geyindikləri paltarlarda özlərini yaxşı hiss etmirlərmiş, yuxulayırlarmış. Paltarıların keyfiyyətsiz materialdan tikilməsi onların mənimsəmə qabiliyyətini aşağı salırmış. Məhz bu paltarların ucbatından dərsliklər zay yazılırmış, rayon təhsil şöbələrində,məktəblərdə özbaşnalıqlar hökm sürürmüş. Yuxarı sinif şagirdləri də bu keyfiyyətsiz paltarlarla gözə görünməmək üçün məktəb direktorlarına bir ətək pul verib evdən bayıra çıxnmırmış
Beləliklə bütün bəlaların baiskarı olan məktəbli geyimləri dəyişdirlməlidir. Nəticədə təhsil sahəsində inqilabi islahat nəhayət ki, baş tutdu. Təhsil naziri “düzəlib hər yarağımız, qalıb saqqal darağımız” deyərək son və qəti addımı atdı. Əsas odur ki, şagirdlər yaraşıqlı görünsün. Daha yazıq valideyn bu paltarı necə alacaq, ümumiyyətlə ala biləcəkmi, heç kimi maraqlandırmır. İmkansızlıqdan uşağını məktəbə göndərə bilməyənlər, bir evdən 2-3 uşaq oxutduranlar neyləməlidirlər? Bir düşünən varmı ki, bu paltarı almağa hamının gücü çatırmı?
Bu çətin məqamlarda “paltar biznesi” kimlərin maraqlarına xidmət edir? İslahat dediyiniz budurmu?
Cənablar, papağınızı qoyun qabağınıza, problemlərin həll yollarını tapın. Təhsil moda atelyesi deyil ki, ildə bir paltar geyindirəsiniz. Onsuz da şagirdlərə nə qədər bəzəkli paltarlarl geyindirsəniz də, təhsili çoxdan öldürmüsünüz. Ona beş arşın kəfənlik alın !

Nicat Mahmudov
Rubrika.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz